"Dua etmə ləzzətini itirən insan (özü fərqində olmasa da) ən ağır cəza ilə cəzalandırılmış sayılır..."
Ümumi faydaları
1. Duanın ən gözəl, ən lətif, ən ləziz, ən hazır meyvəsi, nəticəsi budur: dua edən adam bilir ki, onun səsini eşidən bir Yaradan var, dərdinə dərman verir, ona mərhəmət edir. Onun qüdrət əli hər şeyə çatır. Bəndə bu böyük dünyada tək deyildir, bir Kərim Rəbbi var, ona baxır. Həm də özünü bitib-tükənməyən ehtiyaclarını təmin edən və saysız-hesabsız düşmənlərini dəf edən Mütləq Varlığın hüzurunda təsəvvür edərək bir fərəh, bir inşirah duyur, dünyanın ağır yükünü çiynindən atıb: “Əlhəmdulilləhi Rabbil-Aləmin” deyir.
2. Dua Allahdan hidayət və müvəffəqiyyət istəməkdir. Dua insanın müvəffəq olmasına vəsilə olur.
3. Ruzinin çoxalmasına, vücud sağlamlığına, ömrün bərəkətlənməsinə səbəb olur.
4. Dua xəzinəsi sonsuz, kərəm və ehsanı bol olan Allahdan istəməkdir. O, bir şeyə “Ol!” dedimi, dərhal olur. Bir istəyi yerinə yetirməklə xəzinəsi azalmaz.
5. Dua edəni Allahın rəhməti bürüyür, ehsanı və yardımı çulğayır.
6. Dua edən Allaha itaət etmiş olur. Duanı birdəfəlik tərk etmək günahdır, Allaha qarşı təkəbbür göstərməkdir.
7. Xoş gündə və sağlam olanda dua etmək çətin gündə və xəstələnəndə fayda verir.
8. Allah, bəndəsinin çoxlu və israrla dua etməsini sevər.
9. Dua xeyri cəlb edər, zərəri isə sovuşdurar.
10. Hər bir dua ilahi dərgahda hifz edilir, dua edən duasının faydasını ya həyatda, ya da öldükdən sonra mütləq görür.
11. Dua elə bir səxavətli Allahdan istəməkdir ki, O, Ona açılan əlləri boş qaytarmaqdan həya edər.
12. Dua insanı bəladan qoruyur, gələn və gələcək müsibətlərə qarşı bir sipər olur. Bəlaların təsirini azaldır.
13. Dua kədər və sıxıntıları dəf edir. İnsanın ruhunu qəm və əndişələrdən arındırıb təmizləyir.
14. Duadan sonra qəlbə fərəh və sərinlik hissi yayılır. İstəyi yerinə yetiriləcək deyə insanın ümidi artır. Bu mənada dua insana bir şəfa və ruhi-mənəvi sarsıntılara qarşı bir tədbirdir.
15. İnsan duaya möhtacdır. Çünki dua ruhun qidasıdır.
16. Dua bütün müşküllərin açarıdır. Kiçik-böyük bütün problemlərin həllinə Allaha həvalə edərək və Ona sığınaraq nail olmaq mümkündür. Çünki bizi yoxdan yaradan və bizə yol göstərən Odur. Bizi yedirib içirən, xəstəliklərimizə şəfa verən O olduğu kimi, bizi bir gün öldürən və təkrar dirildən də yenə Odur. Harada oluruq olaq, O, daim bizim yanımızdadır və harada, nə iş görürüksə görək, bütün əməllərimizi görməkdədir. Dolayısı ilə, yaxşı işlər görüb pislikləri dəf eləmək üçün “Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!”[2] əmrinə tabe olaraq gecə-gündüz dua ilə Onu anmalıyıq.
17. Bu gün artıq məlumdur ki, bir çox xəstəliyin kökündə ruhi-mənəvi problemlər dayanır, bir çox dərdi və sıxıntısı olan insanlar bəzi xəstəliklərə daha tez tutulur. Hətta çoxlu ruhi-mənəvi problemləri qısa müddət sonra bəzi narahatlıqlar müşayiət edir. Dua maddi xəstəliklərə zəmin hazırlayan psixoloji şəraiti aradan qaldırır. Ana-ataların övlad itkisinə dözməyib qısa müddət sonra xəstələnməsinə və vəfat etməsinə az şahid olmamışıq. Şüurlu müsəlman isə övladın da bir əmanət olduğunu, Allahın öz əmanətini dərgahına apardığını, o körpənin axirətdə valideynlərinə şəfaətçi olacağını bildiyi üçün səbir edir...
18. Bəzi əməliyyatlardan sonra və ya müalicə zamanı xəstənin ümumi əhvalı, psixoloji vəziyyəti, yaşamaq əzmi onun sağalmasında böyük rol oynayır. Dua edib Allaha yalvaran xəstənin əhval-ruhiyyəsi yüksəlir, yaşamaq arzusu yenidən canlanır.
19. Çətinə düşüb dua etməyən adama rast gəlmək demək olar, qeyri-mümkündür. Əsl igid əli gətirəndə, könlü fərəhli olanda və işləri yaxşı gedəndə Allahı xatırlayan, dua edən insandır. Uca Allah xoş gündə dua edən, yalvarıb göz yaşı tökən, səhər vaxtı quşlarla birlikdə Allahı zikr və təsbih edən insanlara kədərli anlarında yardım əlini uzadar. Bəzən elə dəhşətli qəzalardan sağ çıxanlar olur ki, adam gözlərinə inana bilmir; əzilib tanınmaz hala düşən avtomobildən burnu da qanamadan salamat çıxan adamların olduğu az hadisəmi var? Kim iddia edə bilər ki, bu cür qəzalardan xətasız-bəlasız qurtulmağın kökündə xeyirli əməllər, gözəl dualar dayanmır?! Xoş gündə edilən yaxşılıqlar və dualar çətin günlərdə dada yetir...
20. İradi olaraq dua və ibadət etmək insanı digər canlı varlıqlardan fərqləndirən ən bariz xüsusiyyətdir. Axirətdə xoşbəxt həyat yaşamaq bu dünyada ibadət və dua etməklə mümkündür. Allahın rizasını Ona ürəkdən dua etməklə qazanmaq olar.
21. Dua bəndəni Uca Allahın qəzəbindən qoruyur. Bir hədisdə: “Allaha dua etməyənə Allah qəzəb edər”, – buyurulur.[3]
22. Ruhun gümrah və aktiv qalmasında, dini şövq və iştiyaqın mütəmadi olmasında duanın böyük rolu var. Bir müsəlmanın dini həyatında daim şövqlü və fəal olması üçün övradi-əzkar, yəni dua oxuması çox vacibdir. Yoxsa zaman keçdikcə yoldan çıxa, büdrəyib yarı yolda qala bilər.
23. Dua edənin özünə, ailəsinə xeyirli şeylər nəsib olur, malı-mülkü də bərəkətlənir. Özü də saleh və gözəl əməllər işləyir. Hər ehtiyacına görə Allaha dua edən insanın qəlbi duanın sevinc və hüzuruna qərq olur. Çünki ona anası, atası və digər insanlar gözəl əməl üçün dua edirlər. Lakin dua etməyən, Allaha yalvarış ləzzətini dadmayan, Rəbbə dua və ibadətdən üz döndərən insanlar xeyirdən, Allaha yaxınlıqdan və Onun sevgisini qazanmaqdan məhrum olurlar. Bu, mərhəmət qapısını öz əllərinlə öz üzünə bağlamaq deməkdir. Çünki dua etmə ləzzətini itirən insan (özü fərqində olmasa da) ən ağır cəza ilə cəzalandırılmış sayılır...
Duanın psixoloji faydaları...
(Davamı var)
Qeyd:
Məqalənin hazırlanmasında Prof. Davud Aydüzün “Yeni ümit” jurnalında dərc edilmiş “Duanın ümumi, psixoloji və sosioloji faydaları” adlı məqaləsindən və Selman Ünlünün “Quldan Rəbbə yüksələn qulluq nişanı dua” kitabından istifadə edilmişdir.
Mənbələr:
[2] “Əraf” surəsi, 7/205
[3] İbn Macə, “Dua”, 1
Meneviyyat.az