Ekskluziv
4026
16 Jun 2023 | 13:08

"Nədən Putin Zelenskinin yəhudi mənşəyini vurğulayır?" - "Deutsche Welle"

"Kreml Qərblə münasibətlərin uzunmüddətli qırılmasına köklənib və "yəhudi küçəsində" özünə simpatiya qazanacağına ümid etmir..."
 
"Xüsusi hərbi əməliyyat" başlanandan "yəhudi-İsrail" cəbhəsində Putin ciddi uğursuzluqlara uğrayıb..."
 
Məlum olduğu kimi, iyunun 14-də Rusiya prezidenti Vladimir Putin Rusiyanın Ukraynada müharibəsini işıqlandıran hərbi müxbirlərlə görüşüb.
 
Moderator.az xəbər verir ki, bununla bağlı Almaniyanın "Deutsche Welle" nəşrində tarixçi Aleksandr Fridmanın geniş məqaləsi dərc edilib. Oxucuların marağını nəzərə alaraq, məqalənin tərcüməsini təqdim edirik.
 
Görüş zamanı Rusiya lideri Ukraynanın hərbi və siyasi rəhbərliyinin ünvanına bir sıra təhqiramiz bəyanatlar səsləndirib və ayrıca olaraq Vladimir Zelenskinin yəhudi mənşəyində dayanıb:
 
"Mənə, ümumiyyətlə, təəccüblü gəlir: necə ola bilər ki, damarlarında yəhudi qanı axan Ukrayna dövlətinə rəhbərlik edir və neonasistləri dəstəkləyir, mən bunu, sadəcə, anlamıram".
 
Putinin Xolokost dönəmində yəhudilərin qatillərinin mənəvi varisləri olan "ukraynalı neonasistlər" başda olmaqla "yəhudi" haqqında sözləri dərhal Rusiya mətbuatı tərəfindən tirajlanıb, Kremlə yaxın politoloq Sergey Markov isə rusiyalı politoloq və təbliğatçılar arasında geniş yayılmış düsturu təkrarlayıb:
 
"Zelenski yəhudi-neonasist, dünyada unikal əclaf, yəhudi xalqına xəyanət edən prezidentdir".
 
Nədən Vladimir Putin bu mövzuya məhz indi müraciət edib? Rusiya rəhbəri hansı məqsədlərlə belə bəyanatlar verir?
 
Vladimir Putin və yəhudilər - nə antisemit, nə  də filosemit
 
Hələ 2000-ci ildə həm Rusiyada, həm də onun hüdudlarından kənarda Putinin yəhudi xalqına və İsrail dövlətinə simpatiyası olan, həmçinin ölkədə yəhudi həyatının inkişafında maraqlı olan lider obrazı yaradılıb.
 
Putinin yəhidilərə və İsrailə münasibətini öyrənən Qərb və İsrail tədqiqatçıları öz həyatında yəhudi mənşəli insanlarla tez-tez təmasda olan, onlar ilə üstün ünsiyyət təcrübəsinə maik olan Kremlin indiki sahibinin tərcümeyi-halının xüsusiyyətlərinə diqqət çəkir.
 
Amma hər halda Vladimir Putinin çekist keçmişi amili daha inandırıcıdır. Putinin, onun ən yaxın silahdaşı, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin və Rusiya rəhbərliyində olan digər nüfuzlu şəxslərin peşə sosiallaşması sovet dövrünün son illərinin DTK orqanlarında keçib.
 
O zamankı sovet təhlükəsizlik orqanları nümayəndələrinə mütləq antisemit tərkib hissəsi olan konspiroloji nəzəriyyələr, o cümlədən Qərb dünyasına, guya, rəhbərlik edən "əzəmətli yəhudilər" haqqında nəzəriyyə xas olub.
 
1980-ci illərin ikinci yarısından yəhudilərin SSRİ-dən mühacirətinin məhdudlaşdırılması və İsrail əleyhinə sovet təbliğatının antisemit cəhətləri "yəhudi dünyasını" Moskvanın düşməninə çevirən və Sovet İttiifaqının "soyuq müharibə"də məğlubiyyətinə və imperiyanın çöküşünə sövq edən strateji yanlışlıq kimi qəbul edilib. Rusiyanın indiki rəhbərliyinin siyasəti göstərir ki, Kreml bu psixoloji travmanın öhdəsindən hələ də gəlməyib.
 
Böyük ehtimalla, Putinin çekist təcrübəsi Moskvanın mövqeyinə müəyyən təsir göstərib. Sovet keçmişini xatırlayaraq, yəhudilərlə öcəşməməyə, onlar ilə dostcasına və korrekt davranışa üstünlük verilib, İsrail ilə ikitərəfli münasibətlərin inkişafına sədaqət bəyan edilib.
 
Yəhudilər Putini məyus edib?
 
"Xüsusi hərbi əməliyyat" başlanandan sonra "Yəhudi-İsrail" cəbhəsində Putin ciddi uğursuzluqlara uğrayıb. On minlərlə yəhudi mənşəli rusiyalılar ölkəni tərk edib. Yəhudi mənşəli bir çox biznesmen, elm və mədəniyyət xadimləri Ukraynaya qarşı müharibəni açıq şəkildə pisləyib.
 
Beynəlxalq yəhudi təşkilatları Kiyevin tərəfində oldular. İsrail də ümumilikdə Ukrayna yönümlü mövqe tutub, yalnız Yaxın Şərqdə Rusiyanın mühüm rolu və Rusiyada yəhudi icmasının maraqları İsrailə öz hərəkətlərində Moskvaya boylanmağa vadar edir.
 
Müharibə başlanandan sonra Kreml yəhudilərin mühacirətinə və bununla bağlı beyinlər və kapital axınına açıq şəkildə mane olmadığına rəğmən, öz təbliğatında ölkədən gedənləri aşağılayıcı tənqidə məruz qoyur, müntəzəm olaraq İsrailin və beynəlxalq yəhudi təşkilatlarının Ukrayna yönümlü mövqeyindən anlaşılmazlıq və narazılıq nümayiş etdirir.
 
Moskvanın strategiyasının iflasa uğramasının həlledici səbəblərindən biri Ukraynanın Qərbdə qəbul edilən prezidenti Vladimir Zelenskidir. Bununla bağlı, mətbuatın materiallarından göründüyü kimi, Putinin çoxdandır ki, şəxsi qərəz və düşmənçilik münasibəti sərgilədiyi məhz Zelenski antisemit hücumların obyekti kimi seçilib.
 
"Avropalı nasist" Vladimir Zelenski
 
Ukrayna prezidentinin yəhudi mənşəyi sirr deyil. Zelenski bunu heç vaxt gizlətməyib, hərçənd, bunu vurğulamır da. Ukrayna liderinin mümkün yəhidi identikliyi barədə heç nə bəlli deyil.
 
Amma bu fakt onu "dünyada ən nüfuzlu yəhudi" kimi qəbul etməyə (bunu, məsələn, 2022-ci ildə "The Jerusalem Post" nəşri edib), onun şəxsi nümunəsində Rusiyanın "nasist Ukrayna" haqqında narrativinin cəfəng olmasını nümayiş etdirməyə (Ukrayna və Qərb KİV-ləri və siyasətçilərinin etdiyi kimi) və ya eybəcər "nasist yəhudi" obrazını yaratmağa (Putin və Rusiya təbliğatının etdiyi kimi) mane olmur.
 
Hələ 2021-ci ilin iyununda Rusiya prezidenti Putin açıq şəkildə Zelenskini öz ölkəsində "nasist Almaniyanın praktiklərinə" havadarlıq edən "milliyyətcə yəhudi" adlandırıb.
 
Amerikanın "The New York Times" nəşri 2022-ci ilin dekabrında iddia edib ki, Putin Zelenskinin mənşəyi mövzusunu İsrailin o zamankı baş naziri Naftali Bennetlə 2021-ci ilin oktyabrında Soçidə görüşü zamanı qaldırıb.
 
O zaman Rusiya prezidenti bəyan edib ki, Zelenski ilə görüşmək niyyətində deyil və bu "yəhudinin" "nasizmin əlaltısı" olmağından qəzəb hissi keçirir.
 
Müharibə başlanandan sonra Putin belə bəyanatlardan uzun müddət çəkinib, lakin Zelenskinin mənşəyi mövzusunu Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev, xarici işlər naziri Sergey Lavrov, XİN rəsmi nümayəndəsi Mariya Zaxarova və Belarus hakimi Aleksandr Lukaşenko irəliyə çəkib.
 
Bu məsələdə ən çox seçilən 2022-ci ilin may ayında Adolf Hitlerin "yəhudi kökləri" barədə mülahizə yürüdən və beynəlxalq qalmaqala səbəb olan Lavrov olub. Nəticədə Putin hətta baş nazir Bennetdən öz başısoyuq nazirinə görə üzrxahlıq etməli olub. 
 
Həmin ilin oktyabr ayında antisemitizmə görə Nikolay Patruşev də üzr istəməli olub. Onun köməkçisi Aleksey Pavlov  "Xabad" hərəkatının ünvanına açıq antisemit hücumlarına görə hətta postunu itirməli olub.
 
"Sayğaclar" işləmir?
 
Rusiyanın rəsmi şəxslərinin Putinin susması fonunda səsləndirdiyi bəyanatlar, habelə Lavrov və Pavlovun davranışları onu göstərir ki, ötən il Rusiya İsrailin və beynəlxalq təşkilatların davranışlarından öz narazılığını sezdirsə də,  antisemitizmdə ittiham olunmaqdan ehtiyat edərək "sayğaca basmağa" hazır olub.
 
2023-cü ildə vəziyyət dəyişib. Bir sıra müşahidəçilər hesab edir ki, cəmiyyətdə siyasi və hərbi uğursuzluqların təsirindən antisemit meyllər güclənib, müharibə əleyhinə mövqeyinə görə həbs edilən dramaturq Yevgeni Berkoviçin timasalında isə, demək olar ki, bu, açıq xarakter alıb.
 
Həm Berkoviç ətrafında qalmaqal, həm də Zelenskinin yəhudi mənşəyi haqqında Putinin bəyanatı onu göstərir ki, Kreml Qərblə münasibətlərin uzunmüddətli qırılmasına köklənib, "yəhudi küçəsində" özünə simpatiya qazanacağına ümid bəsləmir.
Link kopyalandı!
Son xəbərlər