“Ona dedim ki, oxumaq sənlik deyil, get özünə başqa bir sənət tap...”
5543
16 Jun 2023 | 01:03

“Ona dedim ki, oxumaq sənlik deyil, get özünə başqa bir sənət tap...”

“Konsertlərdə mənə 50 gül dəstəsi verilirdi, hamısının içində də bir məktub”
 
“Mahnılarımı götürüb, hörmətsiz edib oxuyacaqlarsa, heç oxumasınlar”
 
“Mən heç vaxt şou əhli olmamışam. Allah mənə o boyda sənət verib, şou əhli mənim yanımda nə edə bilər?! Bu gün əksər müğənnilər əllərinə mikrofon alan kimi məşhurlaşmaq istəyirlər. Bəziləri kimlərəsə söz atır, qalmaqal yaşamaq istəyir. Fikirləşmirlər ki, biri çıxıb sənə elə cavab verər ki, heç özün də bilməzsən. Qalmaqal yox, sənət göstərmək lazımdır. O dövrdə mahnılara əlavələrə icazə vermirdilər. Bəstəkar necə yazıbsa, elə də oxumalı idin. Sənin nə ixtiyarın var ki, o mahnını bəstəkarın yazdığı kimi yox, öz yazdığın kimi oxuyasan?! Yenilik etmək istəyirsənsə, yeni bir əsər yazıb, ifa edə bilərdin. Efirə buraxmırdılar, qadağa qoyurdular. İndiki sənətçilər həqiqətən də azad dövrə düşdülər”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Zaur Rzayev deyib.
 
““Dilbərim” mahnısı o illərdə mənə uğur gətirən mahnılardan, əsərlərdən biri oldu. Bu mahnı mənim şəxsiyyət vəsiqəm, şah əsərim, kimliyimdir. Bir gün Əhməd Bakıxanov mənə dedi ki, “Zaur, “Dilbərim” adlı bir xalq mahnısı var, onu sən oxu”. Mahnını oxudum, 1 il efirə qoymadılar ki, orada sən xarici nəfəslər etmisən. Əhməd Bakıxanovun tapşırığı ilə bu mahnını efirə qəbul etdilər. Müasir dildə trend deyirlər, o vaxt bu mahnı trendə düşdü. Konsertlərdə mənə 50 gül verilirdi, hər gülün içində bir məktub olurdu. Biri sevgi məktubu yazırdı, can sağlığı arzu edirdilər. Nə qədər qız övladları doğuldu, hamısının da adını Dilbər qoydular. Mənim oxuduğum mahnıları heç kəs oxumayıb. Mən istərdim oxusunlar, amma mahnını hörmətsiz edib oxuyacaqlarsa, oxumasalar ondan yaxşı. Görünür hiss edirlər ki, hələ o səviyyəyə çatmayıblar ki, oxusunlar” deyə sənətkar bildirib.
 
Sənətkar müğənni oğlu Azər Rzayevdən də danışıb.
 
“Oğlum əvvəl idmançı idi, Azərbaycanın bayrağını yüksəklərə qaldırıb. Dünya çempionu idi. Günlərin bir günü dedi ki, “ata, istəyirəm oxuyum”. Dedim ki, “oxumaq sənlik deyil, get özünə bir başqa sahə tap”. Oxumaqda israrlı idi. Bir gün onu özümlə studiyaya zapisə apardım. İtalyan əsəri oxudu, onu bir bilsəniz necə oxudu. Məni heyrət bürüdü” deyə sənətkar bildirib.
 
Zaur Rzayev “Cavanlığım” mahnısından da danışıb.
 
““Cavanlığım” mahnısı Oqtay Kazımi və Cabir Novruz yaradıcılığının ortaq nöqtəsidir. Zeynəb xanım Xanlarova da bu mahnını gözəl oxuyub. Mən bu mahnını oxuyanda cavan oğlan idim, saçım qapqara idi, saçlarımı bu mahnı ilə ağartdım. Hərçənd ki, indi ağaran saçların çoxunu qara rəngləyirlər. Bu da olmaz. Elə bil ki, bu mahnını mənim özümə yazıblar. O vaxt Oqtay Kazımı deyirdi ki, “Zaur, bu mahnını mütləq sən oxu”. Çünki bu mahnıda oğlanın dilindən sözlər deyilir. Bu mahnını oxuyan adamın da saçı ağ olmalıdır, məzmun düz gəlməlidir. İnsan nəyi əldə edirsə, cavanlıqda əldə edir. Cavanlıq Allah tərəfindən insana verilən gözəl nemətdir. Necə ki, cavan yaşlarında sən hər şeyi əldə edə bilirsən. İnsan var ki, 50 ildir sənətdədir, üst-üstə yığsan heç 10 il oxummayıb” deyə sənətkar bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər