"Ölüm labüd olub, lakin həkimlər ailənin razılığını almamaqla prosedur qaydalarını pozub..."
"Həkimlərin qərarı ağlabatan olub, səhlənkarlığa yol verilməyib..."
İsrailin Holon şəhərinin "Volfson" xəstəxanasında infarktdan sonra vəfat edən qadının qızına 100 min şekel (təxminən 28 min dollar-red.) ödəniləcək. Çünki həkimlər xəstənin özünün razılığını almadan onu reanimasiya etməmək qərarına gəlib.
Moderator.az xəbər verir ki, bu barədə "Psakdin" hüquq saytı məlumat yayıb.
Hakim Rahel Karlinski xəstənin təsəlli tapmayan qızının bəzi iddiaları ilə razılaşmamasına rəğmən, həkimlərin reanimasiya məsələsində prosedur qaydalarını pozduğunu etiraf edib.
83 yaşlı qadın xəstəxanaya kəskin infarktla daxil olub. O, xəstəxanaya yerləşdirilib, ürəyin qan təchizatında pozulma aşkar edilib və koronar damarların kateterizasiyası aparılıb.
Bu prosedurdan sonra onun exokardioqramı çıxarılıb. Müəyyən edilib ki, infarkt səbəbindən ürəyin mədəciklərarası arakəsməsində dəlik yaranıb. Həkimlər bu dəliyi cərrahi üsulla tikməmək qərarı verib, çünki müdaxilənin uğurlu nəticəsinə olan şans çox aşağı olub.
Sonradan pasiyent qadın yalnız konservativ müalicə alıb (dərmanlarla). Konsiliumdan sonra ona morfi vurmaq və ürək dayandığı təqdirdə reanimasiya aparmamaq qərarı verilib. Bir neçə gündən sonra ürək dayanıb və xəstə vəfat edib.
Xəstənin qızının "Klalit" xəstəxana kassasına və mərhumun müalicəsi ilə məşğul olan iki həkimə qarşı iddiasında göstərilir ki, cərrahi müdaxilədən imtina etmək qərarı səhlənkarlığın təzahürüdür, çünki anasının həyatını xilas etmək üçün gerçək şans olub.
Qızının sözlərinə görə, həkimlər yalnız simptomatik müalicə ilə kifayətlənməyə qərar verib, bu da ölümə səbəb olub.
O, həmçinin həkimləri anasının reanimasiyadan imtina etmək barədə müstəqil qərar vermək hüququnu pozmaqda ittiham edib, çünki ondan belə razılıq alınmayıb.
Xəstəxana tərəfi buna etiraz edib və bəyan edib ki, həkimlər ümumi qəbul olunmuş praktikaya uyğun hərəkət edib, xəstənin vəziyyətinin son dərəcə ağır olması barədə isə onun qohumlarına məlumat verilib və xəstəlik tarixində dəfələrlə qeydlər aparılıb.
Cavabdehlər vurğulayıb ki, cərrahi müdaxilənin mümkünlüyü xəstənin vəziyyətinin ağır olması səbəbindən nəzərdən keçirilməyib. Bu, onun ömrünü deyil, əksinə, əzablarını uzada bilərdi.
Hakim həkimlərin əməliyyatdan imtina etmək qərarında səhlənkarlıq əlamətlərini aşkar etməyib.
"Xəstənin vəziyyətinin xəstəxanaya yerləşdiriləndən ölümünədək nəzərə alaraq, bu nəticəyə gəlmək olar ki, həkimlərin qərarı ağlabatan olub, səhlənkarlığa yol verilməyib", - hakim öz qərarında belə yazıb.
Bununla yanaşı, həkimlərdən biri etiraf edib ki, reanimasiyadan imtina etmək barədə ailənin razılığı alınmayıb. Üstəlik, bu qərar xəstənin ölümündən 10 gün öncə qəbul edilib.
Hakim vurğulayıb ki, insanın yaşamaqda davam etmək hüququ hüquqi nöqteyi-nəzərdən təməl hüququdur, üstəlik, bu, ölümcül xəstələr haqqında qanunda təsbit edilib.
Ona görə də bu və ya başqa blankların imzalanması kifayət deyil, gerçək razılıq alınmalıdır. Belə razılıq alınmadığına görə, xəstənin müstəqil qərar vermək hüququ pozulub.
Kompensasiyanın məbləği müəyyən edilərkən hakim xəstənin qızının anasının ölümünün qaçılmaz olduğu barədə məlumatlı olmasını, digər tərəfdən, anasının həyatının son günlərində prosedur qaydalarının pozulmasını nəzərə alıb.
Məhkəmə 100 min şekel məbləğində kompenasiya ödənilməsi və məhkəmə xərclərinin və vəkilə 25 min şekel (təxminəm 7 min dollar-red.) məbləğində qonorar ödənilməsi barədə qərar verib.