Ekskluziv
3222
10 Jun 2023 | 06:11

"Duyğu səviyyəsində olan sevgini ağıl və məntiqlə gücləndirmək lazımdır..."

"İnsanların bir-birini sevməsini istəyən möminlər vicdanlarını (qəlblərini) hamıya açmalı və bütün insanlığı qucaqlamağı bacarmalıdırlar..."
 
İNSAN SEVGİSİ...
 
Möminin çevrəsi ilə sevgi və hörmətə əsaslanan münasibəti necə olmalıdır?..
 
Sevgi - varlığın əsasıdır. Uca Allah özünə sevginin ifadəsi olaraq varlığı, aləmlərin bir xülasəsi olaraq da insanı yaratmışdır. Ancaq bu, müqəddəs bir sevgidir. Bizim anladığımız və yaşadığımız insani sevgi kimi deyil. İnsanın münasibətlərdə yaşadığı sevgi, ya zəiflik və əlində olmayan meyillərin ifadəsidir, ya da tədricən xarakterə çevrilən bir duyğudur. Bunların heç biri Allahın zatına aid edilə bilməz. Bu səbəbdən Allahın zatını ucaltmaq üçün müqəddəs sevginin ifadəsi kimi varlığı yaratdığını deyirik. Qüdsi-hədis olduğu iddia edilən bir söz belədir: “Mən gizli xəzinə idim! Bilinmək istədim və varlığı yaratdım. Özümü onlara təqdim elədim. Onlar da məni tanıdılar.”[1]
 
Hədis üsuluna görə, bu sözün sənədi mötəbər deyil. Ancaq mənası doğrudur. Sözü bu ayə ilə əlaqələndirmək olar:
“Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!”[2]
 
İbn Abbas ayədəki “liyəbudun” (mənə ibadət etmək üçün) sözünü “liyərufun” (məni tanımaq üçün) şəklində təfsir etmişdir. Belə olanda ayənin tərcüməsi bu cür olur: “Mən cinləri və insanları məni tanısınlar, yalnız mənə ibadət etsinlər deyə yaratdım.” Yəni insan Uca Yaradanı tam dərk etməklə, Onun kainatdakı geniş icraatlarından xəbərdar olmaqla qulluqda dərinləşə və ilahi sevgiyə yönələ bilər. İslam alimlərindən biri də yaradılışın ən yüksək qayəsinin, fitrətin ən ali nəticəsinin Allaha iman, mərifətullah və məhəbbətullah olduğunu bildirir...
 
Bəli, varlığın əsası sevgidir. Sevgi insan üçün də həyati əhəmiyyətə malikdir. İnsan sevgi ilə yaşayar, sevgi ilə xoşbəxt olar və çevrəsini də sevgi ilə xoşbəxt edər. İnsanlar arasında sevgidən daha güclü əlaqə vasitəsi yoxdur. Sevgi və şəfqətdən məhrum bir insanın mənəvi olaraq yüksəlməsi və kamilləşməsi də mümkün deyil. Xüsusilə, peyğəmbər yolunun varisləri üçün bu çox önəmlidir. Çünki insanların qəlblərini fəth etmək üçün sevgidən daha qısa yol yoxdur...
 
Məntiqi sevgi...
 
Düzdür, sevmək çətindir. İradəli insanın sevməyi öyrənmək üçün müəyyən zamana və təcrübəyə ehtiyacı var. İnsan əvvəlcə başqalarına ürəyini açmaq üçün nə lazım gəldiyini düşünüb tapmalıdır. Başqa sözlə, varlıqlar arasında İlahi lütf olan sevginin insanlar arasında yayılması üçün cəhd etməlidir. Sevgi ilə qurulan münasibətlərin inkişafı üçün çalışmaq tədricən bunu vərdişə çevirir. Vərdiş isə xarakterin bir hissəsi olandan sonra vərdişdən qurtulmaq çətin məsələdir…
 
Sevdiyimiz insanlar bizim üçün ehtiyac, hətta zərurət nisbətində dəyərlidir. Onlar yanımızdan ayrılanda həsrət çəkirik. Sevdiyimiz insanların sevincini sevincimiz, kədərini də kədərimiz bilirik. Sanki həyatı onlarla birgə yaşayırmış kimi oluruq. Məhz bundan sonra insana qarşı hiss olunan sevgi məntiqi dona bürünür və reallaşmaq istəyir. Bu cür sevgi insanları idarə (manipulyasiya) etmək və onlara yaxşı görünmək üçün ortaya atılan səthi sevgiyəbənzər münasibətlərdən fərqlidir...
 
Bəli, duyğularda mövcud sevginin məntiqi qavranması üçün onun səbəblərini bilmək, bunlar üzərində düşünmək və bu səbəbləri əqli olaraq əsaslandırmaq lazımdır. Məsələn: İnsanlıq düşüncəsində ortaq məxrəcə gəlmək, bütün insanları sevmək üçün əsas səbəblərdən biridir. Əgər insan olmağın və eyni dünyada yaşamağın sevgiyə səbəb olan əhəmiyyətli bağ olduğu görülməz, insanlar məhz insan olduqları üçün bir-birini sevməz, əvəzində kin və düşmənçilik edərlərsə, qloballaşan dünyada bunun çox ağır nəticələri ilə qarşılaşarıq...
 
Hazırda daha təhlükəsiz bir dünyada yaşamaq üçün bütün insanlığın sülh və əmin-amanlıq ətrafında birləşməsi, müxtəlif din və millətlər arasında tolerantlıq və dözümlülük körpülərinin qurulması zəruridir. Şübhəsiz ki, bunun həyata keçməsi üçün insanlar bir-biri ilə yardımlaşmalı və əl-ələ verməlidirlər. Sevginin yerini kin və nifrətin tutduğu bir dünyada bu ortaq hədəflərin gerçəkləşdirilməsi mümkün deyil...
 
Əfsus ki, dövrümüzdə insanlıq bu cür sevgi və məhəbbətə həsrətdir. Belə bir dünyada çox əhəmiyyətli həqiqət olan sevgini yenidən əhya etmək, insanların bir daha əl-ələ tutmasını təmin etmək insanlığa ediləcək ən böyük ərməğandır. İnsanların bir-birini sevməsini istəyən möminlər vicdanlarını (qəlblərini) hamıya açmalı və bütün insanlığı qucaqlamağı bacarmalıdırlar. Nəticədə insanlıq düşüncəsində ortaq məxrəcə gəlməyə çalışmalıdırlar. Təbii ki, bunun üçün zamana ehtiyac olduğunu da unutmamalıdırlar. Bunun birdən olması da bir az çətindir. Çünki bəzi problemlərin həlli üçün səbirlə, şəfqət və təmkinlə uzun müddət çalışmaq lazımdır...
 
Mömin üçün Allahın varlıq və birliyinə inanmaq, Allah Rəsulunun (s.a.s.) ümməti olmaq, eyni məfkurənin yolçusu olmaq kimi amillər də çox əhəmiyyətli sevgi səbəbləridir. Məsələn: Bir insan mömin qardaşlarına baxarkən belə düşünə bilər: “Bu insanlar axirətdə mənim yoldaşım olacaqlar. Məhşərdə və mizanda bir yerdə olacağıq. Siratı birgə keçəcəyik. Cənnətə bərabər daxil olacağıq. Bəlkə də orada mənim əlimdən tutacaqlar. Dara düşsəm, Allahın izni ilə mənim üçün şəfaət diləyəcəklər.” Bu və bənzər səbəblər qardaşlıq və sevgini artırdığı üçün bunlar barədə düşünmək lazımdır. Çünki bu haqda düşünmək belə, sevgiyə səbəb olur.
 
Bir insanın eyni məfkurənin yolçularına baxarkən: “Əl-ələ tutduğumuz, birlik və bərabərliyimizi qoruduğumuz təqdirdə Allahın izni ilə bir çox çətinliklərin öhdəsindən gələ bilərik. Bir-birimizə kömək edərək hədəflərimizə daha tez çatarıq”, – deməsi və özü üçün qardaşlarına olan ehtiyacının zəruri olduğunu düşünməsi, aralarındakı sevgi bağlarını daha da gücləndirər.
 
Çünki insanlar arasındakı sevgi səbəbləri nə qədər çox olarsa, onların bir-birinə rəğbəti, diqqəti və mərhəməti də bir o qədər artar. Əlbəttə, eyni məfkurənin yolçusu olanlar bir-birlərinə daha güclü bağlarla bağlanırlar. Mömin sevgi və qardaşlığı möhkəmləndirən bu və bənzər səbəblər üzərində çox düşündükcə qardaşlarını daha çox sevər və “qardaşlarım olmadan heç nə edə bilmərəm” deyə düşünər...
 
Əgər mömin bu cür sevginin səbəblərini axtarmaz və möhkəmləndirmək üçün çalışmazsa, sevgisi duyğu səviyyəsində qalar. İnsanın başqalarına qarşı duyğu səviyyəsində olan sevgisi isə məhduddur. Çünki duyğu səviyyəsində olan sevgi nə qədər güclü görünsə də, özündən güclü bir duyğu qarşısında diz çökməyə məhkumdur. Bu nöqteyi-nəzərdən əsas olan məntiqi əsaslandırılmış sevgi, məntiqi eşq və məntiqi istəkdir. Çünki müəyyən məntiqi əsası olan sevgi asanlıqla hədər olmaz. Duyğu səviyyəsində olan sevginin dəyərsiz olduğunu iddia etmirik. Əlbəttə, bu sevginin də özünə görə müəyyən dəyəri var. Ancaq duyğu səviyyəsində olan sevgini ağıl və məntiqlə gücləndirmək lazımdır...
 
İnsaflı yanaşma...
 
(Davamı var)
 
Mənbələr:
 
[1] Əcluni, Kəşfül-xəfa, II, 155.
[2] Zariyat surəsi, 51/56.
 
Meneviyyat.az
Link kopyalandı!
Son xəbərlər