Zəngilan adının mənası nədir?.. -Zəngilər və Gilanla nə əlaqəsi?..-ARAŞDIRMA
Ekskluziv
4800
09 Jun 2023 | 10:03

Zəngilan adının mənası nədir?.. -Zəngilər və Gilanla nə əlaqəsi?..-ARAŞDIRMA

DÜNYADA NEÇƏ ZƏNGİLAN VAR...- III hissə
 
Moderator.az Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrilinin “Dünyada neçə Zəngilan var?” başlıqlı növbəti araşdırma yazısının 3-cü hissəsini təqdim edir:
 
 
Yazımızın əvvəlki hissəsində göstərdik ki, Sultan Səlah əd-Din Əyyubinin soyu və etnik mənşəyilə bağlı bir neçə fərziyyə mövcuddur. Bir ehtimala görə, o, Şəddadilər sülaləsindən, digər gümana əsasən, Rəvvadilər sülaləsindən olmuşdur. Əyyubiləri ərəb və ya kürd, yaxud irandilli hansısa xalqın nümayəndələri hesab edənlər də vardır. 
 
Onu da vurğulamalıyıq ki, Əyyubilər özləri onların kürd və ya iranlı olduqları barədə iddiaları qətiyyətlə inkar edirdilər. Bu nəsildən olan tarixçilər yazırdılar ki, onlar Muhəmməd Peyğəmbərin ulu babası Luay ibn Qalib ibn Qureyşin soyundandırlar.
 
Sözsüz ki, belə mübahisəli məsələlərlə bağlı bugün birmənalı fikir yürütmək mümkün deyil.
 
Bununla yanaşı, Sultan Səlah əd-Din Yusufun atası Nəcm əd-Din Əyyub ibn Şadinin övladlarının adları, ləqəbləri və titullarına nəzər salıb həmin nəslin etnik mənsubiyyəti barədə müəyyən qənaətə gələ bilərik:
 
1. Şəms əd-Dövlə Turan şah (?–1180).
2. Seyf əd-Din Əhməd (1137–1193).
3. Səlah əd-Din Yusuf (1137–1193).
4. Seyf əl-İslam Tuğtekin (?–1197).
5. Tac əl-Mülk Buri (1163–1183).
6. Sitt əş-Şam Fatimə xatun (?–1220).
7. Rəbiyyə xatun (?–1246).
 
İndi isə Zəngilan adının mənasını izah edən digər fərziyyələrə diqqət yetirək...
 
Zəngilanlı ziyalılardan bəzilərinin ehtimalına görə, Zəngilan adının ilkin forması Zəngalan olmuşdur. Bu, onunla izah olunur ki, Mehri və Qafandakı erməni, əslində isə, alban kilsələrinin zənglərinin səsi Zəngilanda da eşidilirmiş. Amma həmin fərziyyəni həqiqətəuyğun hesab etmək üçün ciddi bir dəlilə malik deyilik. 
 
Bu fikirlə ona görə razılaşmırıq ki, Zəngilan adını 1930-cu ilədək bütün rayon deyil, Araz çayının bir qolu olan Oxçuçayın sahilindəki Zəngilan kəndi daşımışdır. Əksinə, Həmidullah Qəzvininin məlumatı göstərir ki, hələ 1340-cı ildə Zəngilan inzibati-ərazi vahidi – dairə idi.
 
“Kilsə zəngi” barədə gümanı qəbul etməməyimizin əsas səbəbi budur ki, o Cənubi Azərbaycandakı Zəngilan toponimlərinin mənasını izah etmir. Belə ki, eyni mülahizəni Zəngilan Ulya və Zəngilan Suflə kəndlərinin adları barədə irəli sürə bilməyəcəyik. İrandakı Zəngilan kəndləri Ermənistanla sərhəddən təxminən 100 kilometr aralıda yerləşir. Bu isə elə bir məsafədir ki, kilsə zənginin səsi ora çata bilməz.
 
Daha bir iddiaya əsasən, Zəngilan toponimi iki hissədən – “zən” (fars dilində qadın?) sözündən və “Gilan” yer adından ibarətdir. Bu fərziyyə ilk baxışdan məntiqli görünə bilər. Belə ki, Ordubad rayonunda mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Gilan adlı çay axır. Yenə də Ordubad rayonunda Gilan adlı şəhərin xarabalıqları yerləşir. Həmin məntəqə elmi ədəbiyyatda Xaraba Gilan adı ilə tanınır.
 
Amma məsələ ondadır ki, sözügedən şəhərin digər adı Kiran və ya Girandır. Ola bilsin ki, orta əsr tarixçilərinin xətası nəticəsində Giran adı Gilan formasına düşmüşdür. Digər tərəfdən isə, müasir tarixçilərin ehtimalına görə, Ordubaddakı Gilan şəhərini Xəzər sahilindəki Gilandan köçmüş deyləmilər salmışlar. Ordubadın keçmiş Kilid kəndinin əhalisi də vaxtilə bura gəlmiş giləklər olmuşlar.
 
Başqa bir maraqlı paralel də var: Xəzəryanı Gilanın yaxınlığındakı Lənkəran rayonunun kəndlərindən birinin adı Nüvədidir. Naxçıvan Gilanı ilə həmsərhəd olan Zəngəzurun türk kəndlərindən birinin də adı Nüvədi idi.
 
Lakin bu fərziyyə bir qədər mübahisəlidir. Əvvəla, qeyd etdiyimiz kimi, Ordubad rayonundakı şəhərin adı Giran idi. Həmçinin əks iddia da irəli sürmək mümkündür. Bu zaman belə bir suala cavab tapılmalıdır: İki Gilandan hansı haqqında ilk məlumat daha qədimdir? Düşünürük ki, həmin məsələyə aydınlıq gətirilsə, köçün hansı istiqamətdə baş verdiyi də müəyyən ediləcəkdir.
 
Ordubad və Naxçıvanın bir hissəsinin keçmişdə Gilan adlanması tarixi şəxsiyyətlərlə bağlı vacib bir məsələni də ortaya çıxarır. Misal: Bu günün özündə də xeyli ardıcılı olan qadiriyyə təriqətinin qurucusu, məşhur ilahiyyatçı Əbdulqadir Gilaninin (1078–1166) əsli hansı Gilandan idi – Ordubaddakı, yoxca Xəzər sahilindəki?
 
Nəticə:
 
Zəngilan toponimi həqiqətən də iki komponentdən ibarətdir. Bunlardan biri qədim tayfanın, nəslin və ya tarixi şəxsiyyətin adı olan “zəngi” sözüdür. Toponimin “lan” hissəsi barədə isə iki fərziyyə irəli sürə bilərik:
 
1. Həmin söz, əslində, alan (alban) etnonimidir.
2. Buradakı “lan” alan sözü olsa da, etnonim deyil. O yeri, məkanı, ərazini bildirir...
 
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər