“Başkəndin Kərki ilə yox, Yuxarı Əskipara kəndi ilə mübadiləsinin müzakirəsi mümkündür...”
Ekskluziv
6958
07 Jun 2023 | 09:45

“Başkəndin Kərki ilə yox, Yuxarı Əskipara kəndi ilə mübadiləsinin müzakirəsi mümkündür...”

“Kərki kəndi Ermənistanın qərb bölgələrinin İrəvan ilə əlaqəsini təmin edən magistral yol üzərində yerləşir... Qazaxın Yuxarı Əskipara kəndi isə Ermənistan ərazisinin kifayət qədər dərinliyindədir...”
 
“Hesab edirəm ki, Azərbaycanın Ermənistan ərazisindəki eksklavları bizim üçün daha çox strateji əhəmiyyətə malikdir, nəinki Ermənistanın bizim ərazidəki belə məkanının həmin ölkə üçün strateji əhəmiyyəti...” 
Bunu Moderator.az-a açıqlamasında  hərbi ekspert Ədalət Verdiyev “Bəzən təkliflər səslənir ki, son sovet xəritələrinə əsasən Ermənistana aid olmuş Gədəbəy rayonundakı Başkəndi Naxçıvanın Kərki kəndi ilə dəyişilsin. Yəni Başkənd bizə qalsın, Kərki də Ermənistana… Amma Başkənd, deyəsən, Azərbaycan üçün daha qiymətli hərbi strateji məkandır? Buna necə baxırsız?” sualını cavablandırarkən söyləyib.
 
“Çünki, məsələn, Kərki kəndi Ermənistanın qərb bölgələrinin İrəvan ilə əlaqəsini təmin edən magistral yol üzərində yerləşir, Qazaxın məlum bizim üçün eksklav kəndləri isə Ermənistanı Gürcüstanla birləşdirən yolun sağında və solunda yerləşir. Bu baxımdan Azərbaycan daha üstün bir vəziyyətdədir. Amma problemin həlli zamanı Azərbaycan və ya Ermənistan ərazisindəki anklavlara yeni yolların açılması, başqa sözlə desək, növbəti dəhlizlərin açılması anlamını daşıyır. Bu da kifayət qədər qəliz, mürəkkəb və uzun sürən bir prosesdir. Ancaq həmin problemin başqa həll yolları da tapıla bilər. Deyək ki, Qazaxın Yuxarı Əskipara kəndi Ermənistan ərazisinin kifayət qədər dərinliyində yerləşir. Məsələn, Gədəbəy rayonunun sovet dövründə anklav olmuş  və inzibati cəhətdən Ermənistan ərazisinə daxil edilmiş Başkənd kəndinin, dediyiniz kimi, Naxçıvanın Kərki kəndi ilə yox, məhz Qazaxın Yuxarı Əskipara kəndi ilə mübadiləsi müzakirə oluna bilən mövzulardandır”, -deyə söhbətinin davamında ekspert vurğulayıb.
 
Zəruri izahat:
 
Eksklav (q.yun. ἐξ "-dan, -dən" + lat. clavis "açar" sözlərindən) — ölkəsinin əsas ərazisindən aralıda olan və digər dövlətlər (bir və ya bir neçə) tərəfindən əhatə olunan qeyri-suveren region. Belə ərazi məxsus olduğu ölkənin eksklavı hesab edilir, məxsus olmadığı lakin onun ərazisi ilə əhatə olunmuş ölkə üçün isə anklav sayılır...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər