
"Putin Ankaranın NATO-da oynadığı müstəqil roluna görə Ərdoğana minnətdarlıq edib..."
"Ərdoğan özünün siyasi karyerasında ən çətin və inamlı qələbəsini qazanıb..."
"Avropa İttifaqı faktiki olaraq Putinlə Ərdoğan arasında məngənədə sıxılıb qalıb..."
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak" nəşri yazıb.
Moskva ilə Ankara bir çox sahələrdə əməkdaşlığı möhkəmləndirəcək, bu da Qərbə, xüsusilə Avropa İttifaqına ciddi zərər vuracaq. O, öz diplomatıyasını Türkiyə ilə Rusiya arasında məngənədə aparmalı olacaq.
Mayın 28-də bütün dünyanın nəzərləri Türkiyə Cümhuriyyətinə yönəlmişdi. Hamı parlamentdə yenidən üstünlük qazanan Rəcəb Tayyib Ərdoğanın üçüncü dəfə prezident kimi qalib gələ biləcəyini diqqətlə izləyib. Seçkilərin nəticələrini maraqla gözləyən paytaxtlardan biri də, heç şübhəsiz, Moskva olub.
"Mənim əziz dostum..."
Ərdoğanın qələbəsi təsdiq edildikdən sonra dünya liderləri bir-birinin ardınca telefonla təbriklərini və əməkdaşlıq arzularını ifadə edib. Kreml də həmçinin elan edib ki, Vladimir Putin Rəcəb Tayyib Ərdoğanı seçkilərdə qələbəsi münasibətilə təbrik edib. Rusiya lideri öz məktubunu belə başlayıb:
"Əziz dost, Sizin Rusiya-Türkiyə arasında münasibətlərin möhkəmləndirilməsində şəxsi tövhənizi yüksək qiymətləndiririk". Putinin məktubunda ən parlaq məqamlardan biri Ankaranın NATO-da oynadığı müstəqil roluna görə Ərdoğana minnətdarlıq etməsi olub. Bu rol Kreml tərəfindən alyansda çat kimi qəbul edilir.
ABŞ və Avropa liderlərindən fərqli olaraq, Rusiya Türkiyədə seçki prosesinin gedişində seçkilərlə bağlı ritorikasında çox ehtiyatlı davranıb, Ərdoğanla Putin Moskva və Ankara arasında münasibətlərin gələcəyi ilə bağlı imtahandan alnıaçıq çıxıb.
Xatırladaq ki, Milli Müxalifət Alyansından prezidentliyə namizəd, Respublika Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu Türkiyə-Rusiya münasibətləri ilə bağlı sabotaj sayıla biləcək bəyanat verib: "Əziz rus dostlarımız, əgər 15 maydan sonra dostluğumuzun davam etməsini istəyirsinizsə, türk dövlətindən kənarda dayanın".
Ərdoğanın seçkilərdə qələbəsindən sonra Rusiya KİV-ləri yazıb ki, Qərbin dəstəyinə rəğmən, Kılıcdaroğlu məğlub olub, Ərdoğan isə özünün siyasi karyerasında ən çətin və inamlı qələbəsini qazanıb.
Ərdoğanın qələbəsi Rusiya KİV-lərində
14-28 mayda keçirilən seçkilər Rusiyanın son illər maraqla izlədiyi beynəlxalq hadisələrdən biri olub. Həm səsvermədən əvvəl və sonra, həm də seçkilərdən sonra onun nəticələrinə Rusiya KİV-lərinin diqqəti kifayət qədər yüksək olub.
Məsələn, nüfuzlu "Vzqlyad.ru" internet nəşri qeyd edib ki, Ərdoğanla yanaşı, seçkilərdə Rusiya da qalib gəlib.
"Kommersant" qəzetinin təhlilində göstərilib ki, böyük dövlətlər, o cümlədən Rusiya və Qərb dövlətləri Ərdoğanla əlaqəyə dəstək vermək istəyir.
Daha sonra məqalədə deyilir: "Kılıcdaroğlunun qələbəsi geosiyasi mənada böyük təlatüm yarada bilərdi", - eyni zamanda vurğulanır ki, Ərdoğanın siyasəti Putinin Qafqazda, Mərkəzi Asiyada, Ukraynada siyasəti ilə üst-üstə düşmür, rusiyayönümlü deyil, Türkiyə xəttini əks etdirir.
Digər "business-qazeta.ru" informasiya saytında dərc olunan təhlil oxucularına başqa nöqteyi- nəzəri tədqim edib. "Kılıcdaroğlunun qələbəsi də Rusiya üçün problem yaratmazdı" başlıqlı məqalədə qeyd edilir ki, Ankaranın maraqları Moskvanın maraqları ilə üst-üstə düşür, həmçinin Putinin Türkiyə-Suriya sərhəddində Rusiya təyyarəsinin məhv edilməsi zamanı istifadə etdiyi "bizim kürəyimizə bıçaq sancılıb" ifadəsinə diqqət çəkilib.
Vurğulanıb ki, Türkiyə müxalifətilə işləmək Ərdoğana nisbətən daha asandır, bu zaman Moskva Türkiyədə hakimiyyətə gələcək istənilən administrasiya ilə işləmək üçün kifayət qədər təcrübəyə və çevikliyə malikdir.
Ümumən, Rusiya KİV-lərində belə fikir yayılıb ki, Ərdoğanın seçkilərdə qələbəsi Rusiyanın maraqları nöqteyi-nəzərdən müsbət hadisədir və Rusiya-Türkiyə münasibətlərinə müsbət təsir göstərəcək. Bundan başqa, Rusiya KİV-lərində ifadə edilən daxili iğtişaşlar və küçə aksiyalarının gözləntisi özünü doğrultmayıb.
Avropa İttifaqı Ərdoğanla Putin arasında məngənədədir
Rusiya ilə Türkiyə arasında münasibətlərin genişlənən miqyası özünü bütün sahələrdə büruzə verir. Hər şeydən öncə, energetika, təhlükəsizlik, turizm, iqtisadi münasibətlər, həmçinin beynəlxalq böhranların nizamlanmasında nümayiş etdirilən birgə iradə Ərdoğanla Putin arasında uyğunluqla yanaşı ikitərəfli münasibətlərin "qızıl əsri"nə inamlı addımlardan xəbər verir.
Şübhə yoxdur ki, 14-28 may seçkiləri Rusiya-Türkiyə münasibətlərini sarsıda bilərdi, lakin Ərdoğanın qələbəsi nəinki ikitərəfli qarşılıqlı əlaqəyə zərər vurulmasının qarşısını alıb, eyni zamanda, aydındır ki, yaxın illərdə multi-effekt verə bilər.
Ərdoğan seçkilərin birinci turundan sonrakı niqtində adını çəkdiyi yeganə ölkə Rusiya olub. Bu zaman Türkiyə lideri anladıb ki, Frakiyada yaradılacaq qaz qovşağı sayəsində Türkiyə beynəlxalq endrgetika mərkəzinə çevriləcək.
Özəlliklə, Putin öz təbrik məktubunda həmçinin bu məsələni qaldırıb və Ankara ilə birgə atılacaq addımları göstərib. Bununla birlikdə, Ərdoğanla Putin seçkilərin nəticələrini gözləmədən taxıl sazişinin müddətinin uzadılması barədə qərar qəbul edib.
Analoji olaraq "Ağquyu" atom elektrik stansiyasının istismara verilməsi istiqamətində birgə iradə başqa ölkələrdən energetika asılılığını xeyli azaldacaq, bu, həm də münasibətlərin əldə edilən səviyyəsini göstərir.
Bundan başqa, gələcəkdə Putin-Ərdoğan münasibətlərinin Suriya böhranının nizamlanması üzrə Moskva-Ankara-Tehran-Dəməşq kvartetinin addımlarında təsirini diqqətlə izləmək lazımdır. Buna əlavə olaraq Moskva və Ankara Qafqazda vəziyyətin sabitləşdirilməsi yollarının axtarılmasını davam edəcək.
Nəhayət, qarşıdakı dövrdə Avropa İttifaqı qarşısında asan olmayan vəzifə dayanır-eyni zamanda Ərdoğan və Putinlə diplomatiya həyata keçirilməlidir, çünki Avropa İttifaqı faktiki olaraq iki lider arasında məngənədə sıxılıb qalıb.
Beləliklə, Ərdoğanın seçkilərdə qələbəsi Ankaranın həm Rusiya, həm də ABŞ və Qərblə münasibətlərini daha da möhkəmləndirəcək. Biz deyə bilərik ki, seçkilərdə əsas qalib Ərdoğandan sonra Putindir.
Müəllif: Sefer Gelen





























