
Dünya uşaq ədəbiyyatı – ədəbiyyatın tərkib hissəsi olub, məqsəd və vəzifələrinə görə 7-14 yaşına qədər müxtəlif oxucu qruplarının təlim və təhsilinə, tərbiyyəsinə yönəldilən bədii əsərlərə deyilir. Dünya uşaq ədəbiyyatı uşaqların yaş səviyyəsinə uyğun üslubda yazılır. Onların yaş səviyyələri 7-14 -ə qədərdir. Uşaqlar üçün əsər yazan hər bir yazıçı bu yaş səviyyəsini nəzərdən qaçirmamalıdır. Burada uşağın ictimai mühiti, inkişafı, zövqü, nitqi, bilik dairəsi də nəzərə alinmalıdır. Bununla belə, heç bir vaxt unutmamalıyıq ki, uşaqlar yaş etibarilə daim dəyişilir, onlar dövrdən- dövrə, nəsildən- nəslə dəyişilirlər.
Kiçikyaşlı məktəblilərin (7-14 yaş) oxudugu bədii əsərlərin dili aydın və rəvan olmalıdır. Yığcam süjetli nəsr əsərlərinin dilində də lirizmə üstünlük verilməlidir. Çünki yorucu əsərlər uşağı mətləbdən uzaqlaşdırar, məzmun yaddan çıxar. Dünya uşaq ədəbiyyatı Şərq ədəbiyyatından qədim hind abidəsi "Kəlilə və Dimnə", ərəb xalqlarının əfsanələri ilə zəngin olan "Min bir gecə", bir çox şərq xalqlarının uşaq ədəbiyyatı nümunələri toplanmış "Oxuyan piyalə" kitabı, ümumiyyətlə, Şərq aləmi, Şərq psixologiyası, Şərq mədəniyyəti haqqında geniş və zəngin bilik əldə etməyə imkan verir. Həmçinin, Qərb ədəbiyyatının ən nadir nümunələri- Qrimm qardaşlarının nağılları, Andersenin nağıl və hekayələri, C. Sviftin "Qulliverin səyahəti", M.Tvenin, J.Vernin, M.Ridin, C.Dikkensin, C.Rodari və digər görkəmli sənətkar və yazıçıların əsərlərinin oxu imkanlarını xeyli artırmışdır. Dünya uşaq ədəbiyyatı ilə tanışlıq bütün dünya uşaqlarının milliyətindən asılı olmayaraq mənəvi yaxınlaşmasına xidmət edir.
Kimlərdən başlamalı?
Janrın dünya ədəbiyyatında ən güclü təmsilçisi sözsüz ki, danimarkalı yazıçı Hans Xristian Andersendir. Ölümünə qədər uşaq saflığını qorumağı bacaran Hans demək olar ki, uşaqlardan başqa heç kimlə dostluq etmədi. Onun haqqında adətən belə deyilir: Bir gün Kopenhagen küçələrində gəzişərkən Andersen balaca oğlanla rastlaşdı. Uşaq onun gözünün içinə baxıb onun nə qədər tənha olduğunu başa düşdü. Nağılbazın könlünü almaq üçün əlindəki qalay əsgəri ona tərəf uzatdı. Əvəzində Andersen də ona yeni «Köhnə ev» adlı nağıl əhvalatı danışdı. Onun nağıllarında öyüd-nəsihət, ibrət dərsi vermək cəhdi yoxdu. Burda yalnız arzu var. Gözəlliyi görmək istəyən insanların arzuları. Axı həyat özü gözəl bir nağıldır!”
Oxudulması vacib olan digər yazıçı - Devid Almondu “uşaqlar üçün sehrli realizmin yaradıcısı” adlandırırlar. Almondun əsərləri uşaqları kitab oxumağa həvəsləndirir.
Ona dünya şöhərti qazandıran “Skellinq” əsəri qarajda mələk tapan oğlan haqqındadır. Bu əsərə görə yazıçı bundan əvvəl Karnegi medalına da layiq görülüb. Qeyd edək ki, bu ödül nüfuzlu sayılsa da, qaliblərə pul mükafatını nəzərdə tutmur.
Azərbaycan ədəbiyyatı xadimlərindən isə bu sırada adı çəkiləsi ilk yazar təbii ki, Abdulla Şaiqdir. Böyük pedaqoq və maarifçi Abdulla Şaiqin bütün yaradıcılıq və fəaliyyəti birbaşa uşaqların əsl şəxsiyyət kimi formalaşmasına hesablanıb. Onun uşaq şeirləri, hekayələri, təmsilləri həm də pedaqoji dünyagörüşünün əksidir. O, bütün yazdıqlarında nasirdən, şairdən əlavə, ən birinci bir müəllimdir! Odur ki, uşaq ədəbiyatı nümunələrini şagirdlərinə oxutdurmağa başlayan müəllim birmənalı şəkildə məhz Abdulla Şaiqdən başlamalıdır.
Elmin NURİ
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə mütəxəssis





























