
"Rusiyada hərbi vəziyyət elan edilməli, bu terrorçu özək birdəfəlik məhv edilməlidir..."
"Rusiya Almaniya və ya Polşanın qapısını döyəndə cavab verməyə silahınız olmayacaq, hamısını Ukraynaya sərf etmisiniz..."
"Kadırov Ukraynanı təhdid etməkdənsə, Rusiyadan və şəxsən Putindən qisas almalıdır..."
Çeçenistanın oyuncaq lideri Moskvaya dronlarla hücumdan sonra döyüş əməliyyatları zonasında "sözün tam mənasında qisas" haqqında danışıb.
Moderator.az xəbər verir ki, bu barədə o, özünün "Telegram-kanal"ında yazıb və bəyan edib ki, qisas "sərt yox, qəddarcasına" olmalıdır.
"Zənnimcə, "ukraynalı hərbçilər" ifadəsinə yol vermədən, bu terrorçu özəyi məhv etmək üçün Rusiyada hərbi vəziyyət elan edilməli, bunun üçün nəzərdə tutulan bütün resurslardan istifadə edilməlidir", - Kadırov yazıb.
O, Avropanı da təhdid etməyi unutmayıb. Kadırov avropalıları "Rusiyanın onların da qapısını döyəcəyi ilə" qorxudub.
"Avropa ölkələri də onların kimə sponsorluq etdiyi və hansı şərtlər müqabilində silah verdikləri üzərində düşünməlidir. Rusiya, məsələn, Almaniya və ya Polşanın qapısını döyəndə əks-sədası eşidiləcək. O zaman cavab vermək üçün bir şey olmayacaq, çünki bütün silahlar Ukraynaya sərf olunub", - gözdən düşmüş təlxək bəyan edib.
O, dronlarla hücumu "diqqəti özünə çəkmək" və "yerdə" böyük məğlubiyyətlərdən sonra "informasiya xalı qazanmaq" cəhdi adlandırıb.
"Sonda bir az irəliyə gedəcəyəm, amma təfsilatları açıqlamayacağam. Tezliklə xüsusi hərbi əməliyyat zonasında qisasın sözün tam mənasında nə demək olduğunu göstərəcəyik", - Kadırov əlavə edib.
Moskva dronlarla hücuma məruz qalıb
Bu gün səhər Moskvada partlayışlar baş verib. Yerli hakimiyyət orqanları bəyan edib ki, dronların hücumu nəticəsində bir neçə binada "əhəmiyyətsiz zədələnmələr" var.
Dronlardan üçü Atlasov, Həmkarlar İttifaqı küçələri və Lenin prospektində yerləşən yaşayış evlərinə düşüb. Zərərçəkənlər var. Dronlarla Moskva ətrafı da hücuma məruz qalıb. Moskvaya, o cümlədən Rublyovka və Yeni Moskva rayonuna buraxılan, guya, 13 dron vurulub.
Bu arada Kadırov öz qoşunlarını cəbhənin yeni sahəsinə köçürdüyünü elan edib. Kiyev ona yaxın tarixə nəzər salmağı məsləhət görüb.
Kadırov bəyan edib ki, onun bölmələri üzdəniraq "DXR" ərazisində dislokasiya olunmaq əmrini alıb.
"Əmrə uyğun olaraq, çeçen bölmələrinin döyüşçüləri fəal döyüş əməliyyatlarına başlamalı və bir sıra yaşayış məntəqələrini azad etməlidir", - Çeçenistan rəhbəri məlumat verib.
"Ahmat" bölməsi üzvlərinin öz hücumuna necə hazırlaşdığı barədə müfəssəl təsvirdən sonra Kadırov bəyan edib ki, bir neçə ay ərzində USQ-nin hücumu ilə "qorxutmağa cəhd edən" Avropa və Ukrayna KİV-lərindən fərqli olaraq, o, heç nəyi anons etməyəcək.
"Biz gözləməkdən bezmişik. Şeytanpərəstlər layiqli cəzasını alacaq. Avropa ölkələrindən hər partonun, hər yandırılmış müqəddəs Quranın, İslamın ünvanına deyilən hər günah dolu sözün hesabı sorulacaq", - o, anons edib.
Daha sonra Kadırov bütün müsəlmanların adından danışmaq səlahiyyətini üzərinə götürüb.
"Bu gün bütün müsəlman dünyası Qərbin əsl iç üzünü, onun Rusiyaya, İslama, ənənəvi ailə və insani dəyərlərə açıq və haqsız nifrətini artıq görməkdədir. Bir çoxları anlayır ki, Qərbin dostcasına maskası arxasında özünün məkrli, acgöz mahiyyəti gizlənib. Yalnız qoca qarı Avropa öz sahibinə züy tutur. Siz insan mahiyyətini təhrif etməkdə davam edə bilərsiniz, biz isə bunu etməyə sizə imkan verməyəcəyik!" - çeçen rəhbəri təhdid edib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Kadırovun belə davakar nitqinə cavabında ona öz regionunun tarixini yada salmağa çağırış edib.
"Kadırov Ukraynanı təhdid etməkdənsə, Moskvadan və şəxsən Putindən qisas almalıdır. Çeçenləri öldürən və məhv edən rusiyalıllar olub. Məhz rusiyalılar çeçen torpağına quldarlıq əsrini gətirib, minlərlə qadın və uşaqların ölümünə və əzabına, şəhərlərin dağıdılmasına və əcdadların məzarlarının təhqir edilməsinə bais olub", - Danilov "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, Ukraynanın çeçen xalqının unutmamalı olduğu tarixə heç bir aidiyyəti yoxdur.
"Qroznını dinc sakinləri ilə birgə yerlə bir edən Ukrayna tankları deyil, Rusiya tankları olub. Çeçen xalqı bunu unutmayıb, unudanların da xatırlamasının zamanı yetişib", - ukraynalı siyasətçi sözlərinə yekun vurub.





























