
"Budanovun ulduzu getdikcə daha yüksəklərə qalxmaqdadır, kəşfiyyat şefi kölgədən çox-çox uzağa gedib..."
"Ukrayna kəşfiyyatı Rusiyanın agentura şəbəkəsini neytrallaşdırmağı bacarıb..."
"Belqorod vilayətinə edilən reydlər Putini küncə sıxışdıran pat vəziyyəti yaradıb..."
Ukrayna Baş Kəşfiyyat İdarəsi Rusiya Baş Kəşfiyyat İdarəsi ilə ayrıca savaş aparır. Hazırda Ukrayna Baş Kəşfiyyat İdarəsinin ambisiyaları hətta Qərb müttəfiqlərini də qorxudur.
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti yazıb.
Jurnalistlər xatırladır ki, Rusiya kəşfiyyatının özünün zəfərləri və fəlakətləri olub. 2014-cü ildə məhz Rusiya Baş Kəşfiyyat İdarəsinin Ukraynaya məxsus Krımın ilhaqında həlledici rolu olub. Bu, Baş Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə İqor Serqunovun təyinatı sayəsində baş verib.
Lakin tam miqyaslı hərbi müdaxilə başlanandan "Rusiya kəşfiyyatının liderləri Rusiyanın digər Silahlı Qüvvələri kimi yanlış hərəkətlərə yol verib".
Ukrayna Təhlükəsizlik Xidməti rusiyalıların agentura şəbəkəsini neytrallaşdırmağı bacarıb, Rusiya Baş Kəşfiyyatının xüsusi bölmələri böyük itkilərə məruz qalıb, ona görə ki, onlar müharibədə istifadə edilib.
Eyni zamanda, qəzet yazır ki, Ukrayna kəşfiyyatının ulduzu hələ yenicə parlamağa başlayıb. Baş Kəşfiyyat İdarəsinin rəhbəri general-mayor Kirill Budanov isə, mümkündür ki, prezident Zelenskidən hərəkətə keçməyə razılıq alıb.
Qeyd edilir ki, Budanov səmərəli və yaradıcı hərbçi kimi nüfuza malikdir. Ukraynanın hərbi kəşfiyyatı da belədir. Jurnalistlər qeyd edir ki, Ukrayna kəşfiyyatçıları sosial şəbəkələrdə rusiyalıları ələ alır, onların bank hesabları bloklanır və digər mükəmməl əməliyyatlar aparılır.
Britaniyanın kəşfiyyat zabiti jurnalistlərə deyib ki, Ukrayna Baş Kəşfiyyatı "Ukraynanın Mossadıdır".
"Əməliyyatçılar ən ambisiyalı əməliyyatları icra edir, məsələn, dronlarla Rusiyaya hücumlar edir və ya dəmir yollarında diversiyalar həyata keçirir", - "The Times" yazır.
Nəşr istisna etmir ki, 9 maydan bir neçə gün öncə Kremlə dronlarla hücum Baş Kəşfiyyat İdarəsinin iştirakı ilə baş verib.
"Ehtimal ki, bunun arxasında "Qardaşlıq" taboru dayanır", - jurnalistlər dəqiqləşdirib.
Jurnalistlər həmçinin "Rusiya Könüllülər Korpusu" və "Rusiyaya azadlıq" legionlarının mayın 22-də Belqorod vilayətinin ərazisinə etdikləri reydlərin də Baş Kəşfiyyat İdarəsinin əl işinin olduğu qənaətindədir.
"Reyd keçirənlər Rusiya vətəndaşları olub, lakin onlar Ukrayna kamuflyajında olub, NATO standartlarına uyğun avtomatlarla silahlanıb və Amerikanın "Hammer"lərində hərəkət edib", - nəşr yazıb.
Öz gümanının təsdiqi kimi nəşr həmin gün Budanovun rusiyalı hərbçilərə təslim olmalarına çağırış edən müraciətini nümunə gətirib. Reydin artıq başlandığı məqamda videomüraciətin dərcini jurnalistlər təsadüfən üst-üstə düşmədiyini hesab edir.
Yeri gəlmişkən, material müəllifləri adıçəkilən reydin prezident Putini küncə sıxışdıran pat vəziyyət yaratdığını qeyd edib.
"Kreml Rusiyanın partizan dəstələrinin ağır artilleriya, zirehli texnika və döyüş maşınlarının dəstəyi ilə Ukrayna ilə sərhəddin şimal hissəsi üçün təhlükə törətdiyini görməzdən gələ bilməz.
Putin dilemma qarşısındadır: o, bu ərazilərin müdafiəsi üçün qoşunlarını geriyə çəkməsə, öz xalqına onu hamıdan güclü hesab edəb çarın hətta öz sərhədlərini belə qoruya bilmədiyini göstərəcək. Lakin qoşunların geri çəkilməsi məhz Ukraynanın cavab zərbəsi endirməyə hazırlaşdığı zaman müdafiə xəttini qısaldacaq", - nəşr qeyd edir.
Jurnalistlərin fikrincə, məhz Rusiyanın xaosa təhrik edilməsi, qoşunların diqqətinin yayındırılması və düşmənin əlavə resursları xərcləməyə vadar edilməsi reydin Baş Kəşfiyyat İdarəsi tərəfindən planlaşdırıldığı təqdirdə həlledici məqsədi olub.
Hər bir halda, jurnalistlər yazır ki, Ukrayna kəşfiyyatının artan ambisiyaları Qərb ölkələrini narahat etməyə başlayıb, onlar ukraynalı kəşfiyyatçıların peşəkarlığını etiraf edir və hörmətlə yanaşır.
Material müəllifləri sosial şəbəkələrə sızan ABŞ kəşfiyyatının hesabatlarını xatırladıb, orada deyilir ki, guya, Mərkəzi Kəşfiyyat İdarəsi Budanovu Rusiyaya bəzi hücumlardan, habelə Dnestryanıda (Moldova) bəzi hərəkətlərdən çəkindirməyə cəhd edib.
"Hazırda Ukrayna Baş Kəşfiyyat İdarəsi müharibənin Kreml üçün imkan daxilində daha ağrılı etməyə yönəlik səylərinin avanqardı olaraq qalır. Hər bir uğurdan sonra Budanovun ulduzu daha yüksəklərə qalxmaqdadır. Kəşfiyyat şefi kölgədən çox-çox uzağa gedib", - jurnalistlər vurğulayıb.





























