
İstiqlalçı millət vəkili Vahid Əhmədov 28 May Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
"Bu gün Şərqdə ilk demokratik Cümhuriyyət quruluşunun 105 - ci ildönümünü böyük qürur və iftixar hissi ilə qeyd edirik. Bizə bu qüruru yaşadan cümhuriyyətçilərimizi rəhmətlə anırıq və onların ruhunun şad olduğuna əminik. Çünki 44 günlük savaşla erməni faşizminin başını əzməklə təkcə torpaqlarımızı yağı düşməndən azad etmədik, həm də 105 il öncə dünyaya səs saldıqları kimi yenə də cümlə cahanda özümüzdən söz etdirməyi, hamının bizə, savaşımıza, istiqlalımıza hörmət etməyə məcbur etdik. Müzəffər Ali Baş Komandanın misilsiz sərkərdəliyi, şir ürəkli oğullarımızın rəşadəti hesabına təkcə Cənubi Qafqazın deyil, yaşadığlmız coğrafiyanın ən qüdrətli dövlətinə çevrildik. Sevindirici haldır ki, Ali Baş Komandan 28 May respublika günümüz öncəsi Kəlbəcərdə və Laçında açılış və təməlqoyma mərasimlərində iştirak etdi və bir daha dünyaya sübut etdik ki, biz dövlət və millət olaraq hər şeyə qadirik, savaşı qazandığımız kimi qısa zamanda talan və viran edilmiş yurd yerlərimizə həyat bəxş edəcəyik.
Bu gün təkcə 10 milyonluq azərbaycanlıların bayram günü deyil, dünyadakı 50 milyon azərbaycanlı da böyük ruh yüksəkliyi ilə 28 May Respublika Günümüzü aşkar və ya gizli qeyd edir. İnşallah tezliklə 50 milyonluq azərbaycanlının arzuları çin olacaq və Azərbaycan Ulu Öndər dediyi kimi dünyaya günəş kimi doğacaq.
Bu gün həm də qardaş Türkiyədə taleyüklü prezident seçkiləri keçirilir. Dualarımız Türk xalqı ilədir və Ərdoğanın yenidən prezident seçilməsini arzu edirik. Ərdoğan bu sevgiyə haqq edir və onun Qarabağ savaşında verdiyi mücadiləni qədirbilən Azərbaycan xalqı heç zaman unutmayacaq. İnşallah cümhuriyyətimizin növbəti ildönümün daha böyük coşqu ilə, torpaqlarımızın tamamilə işğaldan azad edilməsini bayram etməklə qeyd edəcəyik. Yaşasın qüdrətli müstəqil Azərbaycan! Qarabağın hər qarışı Azərbaycandır!"





























