
"Sahibkarlığın tarixi ənənələrinin dirçəlişi və yeni ənənələrinin inkişafı ictimai sabitlik və suverenliyimizin həlledici amillərindədir..."
"Rusiya biznesi yaranmış vəziyyətdən istifadə edərkən daxili bazarda ilişib qalmamalıdır..."
"Afrikada, Asiyada və Yaxın Şərqdə mallar və xidmətlərə tələbat artır, bunlar gələcəyin bazarlarıdır..."
Rusiya prezidenti Vladimir Putin ölkədə "yaradıcı sahibkar əməyinin beşilliyi"ni elan etməyi təklif edib.
Moderator.az xəbər verir ki, bu barədə SİTA agentliyi məlumat yayıb.
Rusiya prezidenti Vladimir Putin Sahibkarlar Günündə Rusiya biznesinin nümayəndələri ilə görüşüb. O, bəyan edib ki, biznes üçün yeni zaman yetişib.
"Mən bu gün daha bir təşəbbüsü müzakirə etməyi təklif edirəm: Rusiyada yaradıcı sahibkar əməyinin beşilliyini elan etmək", - Putin deyib.
Onun sözlərinə görə, belə beşillik "hansısa rəsmi və ya kvazirəsmi protokol tədbirləri ilə deyil, məhz konkret, predmetli işlə səciyyələnməlidir".
Rusiya prezidentinin fikrincə, beşillik zamanı "işgüzar və investisiya iqliminin yaxşılaşdırılması ilə" məşğul olmaq lazımdır.
"Bu gün biznes iqtisadi həyatla məhdudlaşmır. Vətənimizdə sahibkarlığın tarixi ənənələrinin dirçəlişi və yeni ənənələrinin inkişafı ictimai sabitıik və suverenliyimizin həlledici amillərindən biridir", - Putin vurğulayıb.
Bu dövrün həlledici vəzifəsi daxili bazarın mənimsənilməsidir. Ötən əsrin 90-cı illərində Rusiya bazarı xaricilərə, o cümlədən transmilli korporasiyalara verilib.
"Bizim bazarı "həzm etməyə" gəlmiş və onu "həzm etmiş" nəhənglərlə rəqabət aparmaq mümkün olmayıb. Hansısa məqamda aydın olub ki, öz bazarımızda havamız çatmır, oraya daxil olmaq mümkün deyil", - Putin gileylənib.
Amma məqam yetişib, xoşbəxtlik özü bizi tapıb, xarici şirkətlər ölkədən getməyə başlayıb, rusiyalı sahibkarlar üçün məkan azad edilib.
"Öz mövqelərimizi geriyə qaytarmaq zamanı yetişib və şirkətlər bundan inamla istifadə etməyə başlayıb", - Putin bəyan edib və qeyd edib ki, Rusiyanın məhsulları öz keyfiyyətinə görə xarici analoqlarından geridə qalmır, hətta onları üstələyir.
"Bunu bizdən heç kim gözləməyib", - prezident sevincini gizlətməyib və etiraf edib ki, onun özü də skeptiklər sırasında olub.
Putin vurğulayıb ki, biznes yaranmış imkanlardan istifadə edərkən heç bir halda daxili bazarda ilişib qalmamalıdır. "Bu, özünütəcridə, avtarkiyaya və rəqabətqabiliyyətinin itirilməsinə aparan yoldur", - o, izah edib.
Onun sözlərinə görə, Ukraynada münaqişə başlanandan Rusiya dünya iqtisadiyyatının yeni artım nöqtələrinə diqqər çəkib və bu bazarlara yönəlib. Afrikada, Asiyada və Yaxın Şərqdə mallar və xidmətlərə tələbat artır, bunlar gələcəyin bazarlarıdır, ona görə də məhz orada Rusiya biznesi alıcılar uğrunda mübarizə aparacaq", - Putin belə hesab edir.
Putin həmçinin qeyd edib ki, "yaradıcı sahibkar əməyinin beşilliyi"nin prioritetlərinə "iqtisadiyyat sahələrinin səmərəliliyinin artırılması və modernləşdirilməsi, kadrlar və peşəkar təhsil, dövlət-özəl tərəfdaşlığının yeni formatları, regionlar və bələdiyyələrlə qarşılıqlı əlaqəni" aid etmək lazımdır.
"Burada biz "İşgüzar Rusiya", "Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı, "Rusiya dayağı" və digər biznes-birliklərindən məzmunlu təkliflər gözləyirik", - Putin bəyan edib.
Sahibkarlar dövlət başçısını əmin edib ki, onlar üçün başlıcası gəlirləri deyil, rusiyalıların rifahi naminə yaradıcı əmək və vətənpərvərlikdir. "İşləmək xeyli maraqlı olub", - onlar məlumat verib. Lakin hər halda pul da xahiş ediblər.





























