“Mənə dedilər ki, məşhur aktrisasan, hər filmdə çəkilmə, ona görə də 2-3 filmdən imtina etdim...”
“İndiki gənclərə yaxşı mənada həsəd aparıram. Paxıllıq etmirəm, həsəd aparıram ki, onların qarşısında geniş üfüqlər var, seriallar, maraqlı obrazlar var, filmlərdə çəkilə bilərlər. Artıq mənim üçün vaxt keçib, həyat elə gətirib. Mən o vaxtı dəvət etdikləri filmlərdə çəkilirdim, seçim az idi. Amma yenə də sevinirəm ki, fürsəti əldən verə bilmədim. Yaradıcılığım boyu 2-3 film olub ki, imtina etmişəm, indi də təəssüflənirəm. Çünki mənə dedilər ki, “sən yetkin aktrisasan, hər rola çəkilmə, seçim et”. Mən də həmin filmlərə çəkilmədim. Çəkilsəydim tarixdə qalacaqdı. Amma deməyəcəm hansı filmlərdir. Çünki sonradan başqa aktrisalar çəkildi”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Həmidə Ömərova deyib.
“O dövrün yerini heç nə verməz. Həqiqi peşəkarlarla, Azərbaycan kinosunun korifeyləri ilə çalışırdım. Onda hər bir filmin çəkilişi çox maraqlı idi. Adicə o filmin çəkilişləri haqda bir serial, kino çəkmək olardı. İndi gənclərin inkişafı, özlərini təsdiq etmələri üçün çox geniş imkanlar yaranıb. İndi serial dövrüdür, serial gündəmdədir. Ümidvaram ki, bundan sonra daha da yaxşı olacaq, kinomuz inkişaf edəcək. Gənclərimizi tanıyıram, onların istedadlarına bələdəm. Bilirəm ki, beynəlxalq miqyasda bizi tanıdan gənclər, kinomuzun inkişafında mühüm rol oynayacaqlar”, - deyə sənətkar bildirib.
Aktrisa bildirib ki, yeri gələndə və lazım olarsa rejissor aktyora irad da tuta bilər.
“Rejissor aktyora əlbəttə ki, irad da tuta bilər, məsləhət də verə bilər. Əgər onu etməsə, mən onu peşəkar rejissor hesab edə bilmərəm. Düz sözə nə deyəsən? Aktyor oynayır, özünü kənardan görmür. Rejissor birinci növbədə quruluş verir, həm də aktyorun oyununu tənzimləyir. Xarakterdən, obrazdan çıxmağa qoymur. Hal-hazırda “Ata ocağında” çəkilirəm. Bəzən olur ki, xarakterdən, obrazdan çıxıram, rejissorumuz Rüfət Şahbazov mənə deyir ki, “Həmidə xanım, bu Şəfiqədir”. O hər barədə mənə kömək edir”, - deyə xalq artisti bildirib.
Xalq artisti sadəliyi ilə bağlı sualı cavablandırarkən belə deyib.
“O dövrün çox gözəl adət ən-ənələri var idi, təəssüf ki, indi unudulub. Həmişə filmə çəkiləndən sonra qastrol səfərlərinə gedirdik, tamaşaçılarla ünsiyyətdə olurduq. Leyla Bədirbəyli mənə deyirdi ki, “Həmidə, gəncsən, birdəfəlik qulağında sırğa et ki, ağac nə qədər bar versə, başını o qədər aşağı salar”. Mən elə o vaxt da sadə idim, indi də çalışıram ki, başqalaşmayım, hər kəsin öz dili ilə danışım”, - deyə aktrisa bildirib.