Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətə başladığı ilk dövrlərdən söz və mətbuat azadlığına böyük önəm vermişdir.
Əslində 1918-ci ilin Mayın 28-də elan edilən İstiqlal Bəyannaməsinin 4 və 5-ci maddələrində göstərilən “vətəndaşlara siyasi və vətəndaşlıq hüququnun təmini” və “bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanların yaradılması” fikirləri mətbuatın, söz azadlığının ciddi təminatı idi.
Həmin dövrdə ABŞ və bəzi Avropa ölkələrinin timsalında demokratik dövlət anlayışının ayrılmaz tərkib hissəsi də mətbuat və söz azadlığı, senzuranın ləğvi idi.
ABŞ və Avropa ölkələrinin bəzilərində (Böyük Britaniya, Fransa, Almaniya) iki-üç əsrdən çox idi ki, azad mətbuat formalaşmış, senzura ləğv edilmişdi (Böyük Britaniyada 1695-ci ildə, İsveçdə 1766-cı ildə informasiya azadlığı əldə olunması ilə, Danimarka-Norveç Krallığında 1770-ci ildə, Fransada 1789-cu ildə qəbul edilən “İnsan və vətəndaş hüquqları Bəyannaməsi”nin 11-ci maddəsi ilə, Almaniyada 1848-ci il inqilabından sonra, ABŞ-da 1791-ci Konstitusiyaya Birinci düzəlişə əsasən mətbuat üzərindən qadağan götürülürdü).
Azərbaycan Xalq Cümhuriyyəti dövründə senzuranın rəsmi olaraq ləğv edilməsi 1918-ci ilin noyabrın 9-na aiddir. Azərbaycan Nazirlər Şurasının həmin tarixə əsaslanan qərarı ilə mətbuatla bağlı senzura ləğv edilirdi.
Maraqlıdır ki, həmin günü Azərbaycan Cümhuriyyətinin dövlət bayrağının üç rəngdən (göy, qırımızı, yaşıl) ibarət olması haqqında qərar qəbul edilir.
Dövlət Bayrağıın yaradılması ilə senzuranın ləğvi qərarı eyni gündə verilmişdir. Bu qərar ölkədə azad, demokratik prinsiplərə əsaslanan cəmiyətin formalaşdığını təsdiqləyirdi.
1919-cu ilin oktyabrın 30-da Azərbaycan Parlamenti “Mətbuat Nizamnaməsi haqqında” qanun qəbul etdi. Bu qanun ölkədə məktəblər açılmasına, əsərlər çap olunub satışa buraxılmasına geniş imkanlar yaradırdı. Bundan ötrü isə hakimiyət orqanlarından icazə tələb edilmirdi. İstənilən vətəndaş qəzet, jurnal, mətbəə açmaq üçün Hökumətin İşlər İdarəsi nəzdindəki Mətbuat üzrə Baş müvəkkilinə rəsmi ərizə təqdim etməli idi. Nizamnamədə çap məhsulu üzərində senzuranın ləğvi də qeyd edilirdi. Mətbuat orqanı yalnız cinayət törədilməsinə imkan yaratdığı təqdirdə məhkəmə qaydasında məsuliyətə cəlb oluna bilərdi.
Mətbuat haqqında Nizamnamə ölkədə mətbuat azadlığına bütün imkanları yaradırdı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə formalaşan mətbuat azadlığı göstəricilərinə görə İngiltərədə, İsveçdə mövcud olan mətbuat azadlığı qaydalarına çox yaxın idi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanda 90-a qədər mətbuat orqanı çap olunurdu.Həmin qəzet və jurnallardan 37-si Azərbaycan dilində, 40-a qədəri rus dilində, digərləri isə başqa dillərdə yayımlanırdı.
“Azərbaycan” qəzetinin nəşri
Azərbaycan Cümhuriyyəti yarandıqdan sonra yeni formalaşmaqda olan dövlətin təbliğat sistemini möhkəmlətmək məqsədi ilə 1918-ci ilin sentyabrın 15-dən C.Hacıbəylinin və Ş.Rüstəmbəylinin redaktorluğu ilə birlikdə iki dildə – Azərbaycan və rus dillərində “Azərbaycan” qəzeti nəşr edilməyə başladı.
“Azərbaycan” qəzetinin ilk sayı 1918-ci ilin sentyabrın 15-də Gəncədə Yelizavetpol qubernatorunun mətbəəsində cap edildi. Qəzetin redaksiyası Gəncədə “Bulatov” kucəsindəki 26 saylı evdə yerləşirdi. “Azərbaycan” qəzetinin iki səhifəsi Azərbaycan, iki səhifəsi isə rus dilində, eyni sayda, A-3 formatda cap edilmişdir. Qəzetin rus variantı muəyyən istisnalar
olmaqla, Azərbaycan nusxəsindən materialların tərcuməsi olaraq cap edilmişdir. Qəzetin ilk sayında redaktor imzası yerində “Heyəti-Təhriyə” (Redaksiya Heyəti)yazılmışdır.
Qəzetin birinci sayında Azərbaycan və rus dillərində nəşr edilən “Bakının suqutu”yazılarında Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanın Bakının azad olunması haqqında teleqramı cap edilmişdi.
Bakının alınması munasibəti ilə Azərbaycan Nazirlər Şurasının Sədri F.X.Xoyskinin Nuru Paşaya cavab teleqramı da elə həmin sayda dərc edilmişdi.
İlk sayda şair M.Hadinin turk əsgərinin şucaətinə həsr etdiyi “Turk nəğməsi” şeiri,
“Muharibə meydanında”, “Gəncə xəbərləri”, “Azərbaycan hokumətinin qərarları”, ayrı-ayrı nazirliklərin əmrləri, Daxili İşlər naziri Behbud xan Cavanşir tərəfindən imzalanmış elanlar da verilmişdi.
Qəzetin rus dilindəki səhifələrində də hökumətin qərarları, Bakının alınması ilə bağlı xəbərlər, Nuru Paşa və F.X.Xoyskinin təbrikləri, Gəncə xəbərləri, xronika və s. cap olunmuşdur.
Qəzetin ilk saylarında redaktor imzaları olmasa da, yazıların toplanılmasında,
capa hazırlanmasında C.Hacıbəyli və Ş.Rüstəmbəylinin böyük xidmətləri olmuşdur.
1919-cu ilin yanvarın 19-dan isə qəzetin Azərbaycan dilində olan nəşrləri Üzeyir Hacıbəylinin redaktorluğu ilə çap olunub.Bu onunla əlaqədar idi ki, Ceyhun Hacıbəyli Cümhuriyyət hökuməti tərəfindən Azərbaycan Nümayəndə Heyətinin tərkibində Fransaya- Versal Sülh Müqaviləsində iştirak etməyə göndərildi.
Tanınmış jurnalist Xəlil İbrahim də bir müddət qəzetin müvəqqəti redaktorluğunu etmişdir.
“Azərbaycan” qəzetinin səhifələrində Azərbaycan Milli Şurasının fəaliyyəti, 1918-ci ilin dekabrın 7-dən işə başlayan Azərbaycan Parlamentinin iclasları geniş işıqlandırılmışdır.
“Azərbaycan” qəzetinin sonuncu sayı aprelin 28-də çap olunmuş, lakin Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildiyindən nəşri dayandırılmışdır.