
Azərbaycan elmi hazırda dünya arenasına o qədər də nüfuz edə bilməsə də elə alimlərimiz var ki, onların vaxtilə əsasını qoyduğu nəzəriyyələr bu gün də xarici ölkələrdə öyrənilir, tədris olunur.
Moderator.az həmin alimlərin bir neçəsini təqdim edir:
Murtuza Nağıyev
Bu alimin adı ilə yeni bir elm sahəsi-kimya texnologiyasının nəzəriyyəsi yaranıb və inkişaf edərək müstəqil bir elm səviyyəsinə gəlib çatıb.
“Kimya texnologiyasında resirkulyasiya proseslərinin nəzəriyyəsi”, monoqrafiyasını dünyanın bir sıra (ingilis, alman, çin) dillərinə tərcümə edilib və tədris olunub. Akademik M.F. Nağıyevin əsas elmi işləri neft kimyası və texnologiyası, kimyəvi reaksiyaların kinetika və termodinamikasına aiddir. Nağıyev fizika, kimya, kibernetika, riyaziyyat və iqtisadiyyat kimi elmləri özündə birləşdirən resirkulyasiya proseslərinin nəzəriyyəsini yaradıb ki, bu da dünya elmində görünməmiş bir hadisə idi.
Zahid Xəlilov
Avropada uzun müddət bu alimimin funksional analizlə bağlı yazdığı monoqrafiyadan istifadə olunub.
Funksional analiz, onun inteqral və diferensial tənliklərə tətbiqi, bütöv mühit mexanikası, avtomatik idarəetmə sisteminin riyazi nəzəriyyəsi bu gün də bir çox ölkələrdə tətbiq olunur. Azərbaycanda funksional analiz məktəbinin əsasını qoyan alim Banax fəzasında öz-özünə qoşma olmayan operatorun spektrini də tədqiq edib.
Yusif Məmmədəliyev
Kimya sahəsində “Alkilləşmə kralı” kimi adlandırılan Yusif Məmmədəliyev də Nobel mükafatına namizəd kimi göstərilib.
Belə ki, Nobel mükafatına namizədlik məsələsi ortaya çıxanda, SSRİ alimlərinin çoxunun Bakıdan olan alimin namizədliyi üzərində dayanması tamamilə qanunauyğun idi. Qırıcı təyyarələr üçün keyfiyyətli benzin kəşfinə görə ona Nobel mükafatı verəcəkdilər. Məmmədəliyevin Nobel mükafatına namizədliyi 1957-ci il dekabrın 29-da Sov.İKP MK Siyasi Bürosunun iclasında müzakirəyə çıxarıldı. Baş katib Xruşşov büro üzvləri və üzvlüyə namizədlər fikirlərini bildirdikdən sonra sənədlərin Nobel Komitəsinə təqdim olunması haqqında razılığa gəldilər. Elə bu zaman qəfildən iclasa ünvanlanan bir məktub üzə çıxdı. MK katibliyinin təqdim etdiyi məktubda Sovet Ordusu Arxa Təchizat İdarəsinin rəisi marşal Baqramyan, Tank Qoşunları komandanı general Babacanyan dövlət sirri və hərbi sirr olduğu üçün bu ixtiraya dair məlumatın Stokholma göndərilməsini məsləhət görmədilər. SSRİ DTK-nın sədri A.Şepilovun məktubda yazılanlara qəti etirazına baxmayaraq, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Anastas Mikoyan çıxış edərək məktubun müəlliflərinə haqq qazandırdı və onları dəstəklədi. Beləliklə, üç yüksək vəzifəli erməninin fitvası ilə Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyinin irəli sürülməsi baş tutmadı.
Xudu Məmmədov
Dünya şöhrətli Azərbaycanlı kristalloqraf, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədovun əsərlərindən Amerika , bütün dünyada istifadə olunur. Mərhum alim bəzi əsərlərini hətta özü ingilis dilində yazıb. İndi həmin nəzəriyyələr kristalloqrafiya elmi sahəsində əsas mayak rolunu oynayır. 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristal quruluşunu öyrənib, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə edib. O həm də estetika ilə intellektuallığın, fəlsəfə ilə elmin sintezini yaradanlardan biridir.
Rafiq Əliyev
Hazırda həyatda olan Azərbaycan alimləri içərisində dünyada ən tanınmışıdır. Onun ali riyaziyyat , süni intellekt, kibernetika, sinergetika elmləri sahəsində apardığı fundamental araşdırmalar modern dünya təfəkkürünün formalaşmasında əsaslı rol oynayıb. Onun dünya çaplı kəşflərindən bir qisminin adını çəkirik:
- AL11, AL12 və AL13 qeyri-səlis məntiqlərinin yaradılması
- Qeyri-səlis modellərin adekvatlıq şərtlərinin formalaşdırılması
- Qeyri-səlis intellektual robotların nəzəriyyəsi və qurulma prinsiplərinin işlənməsi
- ESPLAN da daxil olmaqla qeyri-səlis ekspert sistemlərin işlənməsi
Alimin sonuncu iki nəzəriyyəsi – Dayanıqlılıq və Qərarqəbuletmə nəzəriyyələri modern elmi hadisələrdən sayılır. Həmin nəzəriyyələr bu gün Amerika və Avropa universitetlərində tədqiq olunur
Məcid Rəsulov
Riyaziyyatçı alim dəqiq elmlərin 4 istiqamətində fəaliyyət göstərib. Xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsi isə bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır.
Mirabbas Qasımov
SSRİ miqyasında 100-dən artıq elmi işi nəşr olunan alim “Funksional analiz və onun əlavələri” və “Diferensial operatorların spektral nəzəriyyəsi” ilə bu gün də dünya elmində öyrənilən alimlər sırasındadır.
Əli Cavan
Dünya qaz lazerinin atası adlandırılan “Şərqin Eynşteyni” professor Əli Cavanın da qaz lazer nəzəriyyəsi bu gün də öz aktuallığını saxlayır. Alim bu ixtiraya görə Nobel mükafatını bir addımlığında olsa da sonradan bəzi səbəblər üzündən ondan məhrum olunur. Əli Cavan dünyanın yaşayan 100 dahisi arasında 12-ci yeri tutur.
Elyaz Babayev
Hazırda ABŞ-ın Minnesota ştatında yaşayan və çalışan alim dünyada modern sümük nəzəriyyəsinin banisi hesab olunur. “İnsan və heyvanın canlı sümük toxumalarında daxili gərginliklərin mövcudluğu” adlı elmi kəşfi ilə dünya elm tarixinə düşüb. (ardı var)
Elmin Nuri
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə araşdırmaçı





























