"Kiyevə aviasiya dəstəyi Rusiyanın qəddar müharibəsindən müdafiəsi və ölkənin ərazi bütövlüyünün bərpası üçün lazımdır..."
"Daha bir məsələ ukraynalı pilotlara hərbi təyyarələrin idarə edilməsi üçün təlimlərin keçirilməsidir..."
Ağ ev administrasiyası Avropa müttəfiqlərinə anladıb ki, "F-16" təyyarələrinin Ukraynaya verilməsinə etiraz etməyəcək.
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı anonim mənbələrə istinadən məlumat verib.
ABŞ hökuməti bu addıma konqresmenlər və avropalı siyasətçilərin təzyiqi altında razılıq verib.
O cümlədən, bu çərşənbə günü həm Demokrat, həm də Respublikaçılar patiyalarından bir qrup parlamentarilər prezident Co Baydenə məktubla müraciət edərək döyüş aviasiyasının Ukraynaya ixrac edilməsinə razılıq verməyi xahiş edib.
"Biz, ikipartiyalı qanunvericilər qrupu, "F-16" qırıcılarının Ukraynaya ötürülməsinə zəruri tədbir kimi baxırıq. Kiyevə aviasiya dəstəyi Rusiyanın təhrik edilməyən, qanunsuz və qəddar hərbi müdaxiləsindən müdafiəsi, habelə ölkənin ərazi bütövlüyünün bərpası üçün lazımdır", - sənəddə deyilir.
Avropa müttəfiqləri Kiyevə ABŞ-ın razılığı olmadan Amerika qırıcılarını verə bilməz. Lakin jurnalistlər tərəfindən sorğu edilən Vaşinqton məmurları deyib ki, avropalıların "F-16"-ların ixracı üçün rəsmi sorğuları barədə məlumatları yoxdur.
Gözlənilir ki, bu məsələ iyul ayında Vilnüsdə NATO-nun növbəti sammitində müzakirə predmeti olacaq. Hələlik, Avropanın beş ölkəsi Ukrayna Silahlı Qüvvələrinə "F-16" təyyarələrinin verilməsinə hazır olduqlarını anladıb.
Beynəlxalq strateji araşdırmalar İnstitutunun məlumatına görə, Belçika, Böyük Britaniya, Danimarka və Niderland Ukraynaya ən azı 125 Amerika qırıcısını vermək iqtidarındadır.
Daha bir neçə miqdarda "F-16" Norveçdə var, ötən il təyyarələrin bu modeli daha müasir "F-35" təyyarələri ilə əvəzlənib. ABŞ özü Ukraynaya döyüş aviasiyası vermək niyyətində deyil. Jurnalistlər Vaşinqtonun bu mövqeyini təyyarələrin baha olması ilə izah edir.
Əgər onlar Ukraynaya hərbi yardımın tərkibinə daxil edilərsə, Konqresin bu məqsədlər üçün ayırdığı 48 miyard dollar artıq iyun ayının ortalarında tükənəcək. Digər açıq qalan məsələ ukraynalı təyyarəçilərin "F-16" təyyarələrinin idarə edilməsinə öyrətməkdir.
Rişi Sunakın mətbuat katibi bu həftə bəyan edib ki, Böyük Britaniya və Niderland təkcə Kiyevin ehtiyacları üçün təyyarələrin alınması deyil, həm də ukraynalı pilotlara təlim keçilməsi məqsədilə "beynəlxalq koalisiya" yaratmağa çalışır.
Bu ilin mart ayında ABŞ Amerikanın Arizona ştatında Tuson hərbi bazasında iki ukraynalı təyyarəçisini qəbul edərək, onların vərdişlərini və pilotlara Amerikanın müxtəlif hərbi təyyarələrinin, o cümlədən "F-16"-ların idarə edilməsininin öyrədilməsinə nə qədər zaman tələb olunacağını dəyərləndirib.
Hazırda Birləşmiş Ştatların bu hazırlığı genişləndirmək planları yoxdur, hərçənd, Konqres bu məqsədlər üçün pul ehtiyatı yaradıb.