“Xəbərçilik etmək istəyir, deyir ki, həkim mənə deyib ki, sirr saxlama”
“Bəzən qarmonu əlimə alıram, qəfildən anam gəlir durur önümdə. Anamım sevdiyi musiqilər çox idi. O mahnıları bu gün də ifa edəndə gözlərim dolur. Öz-özümə deyirəm ki, kaş anam da o musiqiləri eşidərdi. Anam məsləhətçim idi, ifa edəndə öz fikirlərini bildirərdi. Qarmon məni həm kövrəldib, həm də sevincli günlər bəxş edib. Elə günlərim olub ki, qızdırmam 40 dərəcə olub, o vəziyyətdə toya getmişəm. Qarmonu götürüb ifa edən kimi xəstəliyim yaddan çıxıb. Evə gələndə hamı şoka düşüb ki, sən axı xəstə idin, necə sağaldın?! O zaman yadıma düşüb ki, mən axı xəstə idim, qızdırmam var idi. Bizim sənət belədir. Fədakar sənətdir. İnsanlar bu sənətə görə həyatlarından, gözəl günlərindən keçiblər. Elə vaxtlar olub ki, ən xoş, şad günümüzdə belə toylarda ifalar etmişik. Heç özümüz yada düşməmmişik. Ona görə də sənəti ucuzlaşdırmaq olmaz. Həqiqətən də bu mənə çox pis təsir edir. Tamaşaçıları da qıcıqlandırmaq olmaz”
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gülbahar Şükürlü deyib.
“Hamı xasiyyətimi bilir ki, mən sözü üzə deyən insanam. Kiminsə arxasınca danışmağı sevmirəm. Niyə arxasınca danışım ki? O da sabah eşidib desin ki, niyə danışmısan? Kim olursa-olsun, istəyir məndən küssün, incisin, mən sözü üzə deyəcəm. Bu sahədə hörmət etdiklərim, xətrini istədiyim insanlar çoxdur. Dostlarım da çoxdur. Amma çox az adamla get-gəl edirəm. O qədər bir-birinin evinə gedən insanlar görmüşəm ki, sonra dost yox ey, düşməndən də betər olublar.. Bəzən xəbərçi insanlar deyir ki, həkim mənə deyib ki, sirr saxlama. Nə var, nə var ki, xəbərçilik etmək istəyir, atır həkimin boynuna. Mən heç kimin yanında söz danışan insan deyiləm. Amma mənim yanımda arxayın danışırlar. Bilirlər ki, nə danışsalar, orda da qalacaq” deyə sənətçi bildirib.
Gülbahar Şükürlü həyat yoldaşının ona hər zaman dəstək olduğunu bildirib.
“Həyat yoldaşım Zahid uğurlarıma məndən çox sevinirdi. Elə ki, efirə çıxırdım, məndən çox həyəcan keçirirdi. O mənə dayaq olurdu, ona görə də sənətdə əziyyət çəkmirdim. Sənətimi başa düşməsəydi, mənə çətin olardı. Sakit və təmkinli biri idi. Ən yaxın dostum, sirdaşım həyat yoldaşım Zahid idi. Həyat çox etibarsızdır. Yatıb-durub, görürsən ki, dünən yanında olan insan, bu gün yoxdur. Ona görə də həyatda elə yaşamaq lazımdır ki, sonradan kiməsə etdiyin diqqətsizliyə, pisliyə görə peşman olmayasan. İnsanların qəlbinə dəymək olmaz” deyə əməkdar artist deyib.