“Komandirə izah etdik ki, Kəlbəcərə girə bilmərik, hamımızı qırarlar...”
Ekskluziv
10309
12 May 2023 | 10:27

“Komandirə izah etdik ki, Kəlbəcərə girə bilmərik, hamımızı qırarlar...”

“Bazarlarda, başqa yerlərdə heç bir erməni dığası kəlbəcərliyə sataşmağa cəsarət etməz, əks təqdirdə həmin kəlbəcərli o erməninin qanını tökməmiş əl çəkməzdi...”
 
Artıq  iki il yarımdır ki,  27 ildən çox işğalda qalmış Kəlbəcər rayonu şəhid və qazilərimizin canı-qanı və dövlətimizin uğurlu diplomatiya və siyasəti sayəsində azaddır. Bölgədə ciddi quruculuq işləri başlamaqdadır... Lakin çoxlarına bəlli deyil ki, işğalçı və irqçi xislətli ermənilər hələ II Cahan savaşı ərəfəsində SSRİ rəhbərliyi vasitəsilə Kəlbəcər rayonunun Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsinə ciddi cəhd göstərib...
 
Azərbaycanın müstəqilliyinin bərpası dönəmində tanınmış ictimai-siyasi xadim, sabiq deputat mərhum Maksim Musayevin atası, sovet dövründə 10 il Ermənistan Ali Soveti sədrinin birinci müavini kimi çalışmış və bəhs edəcəyimiz 1941-ci ildə Basarkeçər rayonunun İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmiş görkəmli sovet dövlət xadimi Talıb Musayev 2008-ci ildə nəşr olunmuş  “Ermənilər və faciələrimiz” kitabının “Ermənilərin II Dünya müharibəsi illərində Kəlbəcəri zəbt etmək planı barədə” yarımbaşlıqlı bölməsində belə yazır:
 
 
“...Əslində ermənilərin bir gözü həmişə Kəlbəcərdə olmuşdu. Bununla belə, onlar həmişə kəlbəcərlilərlə hesablaşırdılar. Bazarlarda, başqa yerlərdə heç bir erməni dığası kəlbəcərliyə sataşmağa cəsarət etməz, əks təqdirdə həmin kəlbəcərli o erməninin qanını tökməmiş əl çəkməzdi. Ermənilərin kəlbəcərlilərdən it kimi qorxmaları barədə bir-iki canlı faktı qeyd etmək istərdim...
 
1917-ci ildə çar hökuməti devriləndən sonra ermənilər Basarkeçər rayonunun Yarpızlı, Qızılvəng, Yuxarı Zağalı kəndlərinə basqın etmişdilər. Bu hadisəni eşidən kəlbəcərlilər böyük bir dəstə ilə Nərimanlıya gəlib Göyçənin qoçaq oğlanlarıyla birlikdə Basarkeçərin ermənilər məskunlaşan Qıxbulaq, Tüskülü, Aşağı Zağalı, Gödəkbulaq, Alçalı kəndlərini dağıtmışdılar...
 
Silikovun(Əslində Silikyan -Oğuzda doğulmuş, I Cahan savaşında Rusiya ordusu tərkibində Türkiyəyə qarşı döyüşmüş, sonra isə Azərbaycana qarşı qətliamlarda iştirak etmiş general-S.L.) diviziyasında komandir olub çoxlu müsəlman qanı tökmüş, sonralar Bayazit rayon İcraiyyə Komitəsinin sədr müavini və kommunal təsərrüfat idarəsinin müdiri işləyən Aleksan Qamaryan danışırdı ki, daşnak hökumət başçısı Xatisyan iki dəfə əmr verdi ki, biz Kəlbəcərə hücum edərək həmin ərazi vasitəsilə Qarabağa çatıb tayqulaq Androniklə birləşək. “Ancaq bizim diviziyanın qoşun hissəsində qulluq edənlərin əksəriyyəti Basarkeçər, Qaranlıq, Bayazit erməniləri idilər. Biz kəlbəcərliləri yaxşı tanıdığımızdan boyun qaçırdıq ki, Kəlbəcərə girə bilmərik, girsək də, bizdən bir nəfər də salamat qalmaz...”
 
Qamaryanın söylədiklərini öz işləri ilə əlaqədar yanıma gələn yaşlı ermənilərdən Viktor Hambarsumyanın atası doktor-professor Hamazasp Hambarsumyan, Serqo Arevşadyan, Gerasim Bedrosyan və bir çox başqaları da təsdiqləyirdi. Deyirdilər ki, biz komandir Alabyana izah etdik ki, kəlbəcərlilərə qalib gələ bilmərik, hamımızı qırarlar. Bundan sonra Alabyan Xatisyana iki dəfə imtina raportu yazdı. Bununla da Kəlbəcər camaatından qorxan  Alabyanın diviziyası Kəlbəcərə hücum haqqında Xatisyanın əmrini yerinə yetirməkdən boyun qaçırdı...
 
Lakin təəssüf ki, 74 il sonra  Kəlbəcər xəyanət qurbanı olaraq düşmənin əlinə keçdi. Ancaq, şübhəsiz ki, bu, müvəqqətidir. Və tezliklə xalqımız torpaqlarının hər qarışının sahibi olacaqdır...”
P.S. Qərbi Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərindən, sanballı kişilərindən olan Talıb Musayev 2020-ci ilin 44 günlük savaşından sonra işğal altındakı torpaqlarımızın əksər hissəsinin, o cümlədən Kəlbəcərin azad edilməsini görməsə də, oğlu görkəmli ziyalı, sabiq deputat Maksim Musayev o günləri yaşadı, savaş dövründə cəbhədəki döyüşçülərimizə, ev-eşiyi dağılanlara bacardığı qədər yardımlar təşkil etdi və 2021-ci ilin 27 oktyabrında dünyasını dəyişdiyi günədək bu mövzuda biz jurnalistlərə dəfələrlə müsahibə və açıqlamalar verdi...
 
Təqdim etdi: Sultan Laçın, Moderator.az
 
Link kopyalandı!
Son xəbərlər