"Putinin vədlərindən insanların artıq ürəyi bulanır..."
"Xoşbəxt baba elə zənn edir ki, onun vəziyyəti yaxşıdır. Bəs birdən o, üzdəniraq çıxarsa, Rusiyanın gələcəyi necə olacaq?.."
"Vaqner qrupu" özəl hərbi şirkətin təsisçisi Yevgeni Priqojin "Rusiya xalqı üçün yeni fürer seçimində iştirak edir", şübhəsiz ki, Rusiya prezidentini bu müsabiqədə udur.
Moderator.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist və politoloq Andrey Piontkovski bəyan edib.
O, əmindir ki, Kreml rəhbərinin nüfuzu ilk növbədə onu dəstəkləyənlər arasında sürətlə aşağı düşür.
"Hətta qatı putinçi Marqarita Simonyan Putunə müraciətlə deyir ki, "artıq insanların onun vədlərindən ürəyi bulanır", - Piontkovski yazır.
Onun fikrincə, "Putinə xəyanət etmək Rusiyanın növbəti rəhbərinin gəlişini nəzərdə tutmaqdır".
Ekspert bu nəticəyə gəlir ki, ehtimal ki, tezliklə Priqojin aradan götürüləcək: "Şoyqu və Gerasimov bu vəzifəni icra etmək üçün hələ xüsusi dəstələr saxlayır".
Priqojin son aylar Rusiya hakimiyyəti üçün baş ağrısına çevrilib. Hələ fevral ayında Kreml administrasiyası Rusiya prezidentinə yaxın biznesmenə qarşı "döyüş əməliyyatlarına" hazırlaşıb.
Bu zaman Priqojinin ölkənin hərbi rəhbərliyi ilə açıq münaqişəsi gah səngiyir, gah daha da güclənir, amma aradan qalxmır.
Bundan öncə Qərb analitikləri qeyd edib ki, Priqojin informasiya əməliyyatları apararaq "korrupsiyaya bulaşmış Rusiya hakimiyyətinə qarşı səlib yürüşündə" özünü Rusiyanın qəhrəmanı kimi göstərmək istəyir.
Üstəlik, o, özünün indiki təsirindən istifadə edərək 2024-cü ilin prezident seçkilərində iştirak edə bilər.
Bu gün 9 may günü ilə əlaqədar hərbi paradda Putinin çıxışından sonra Priqojin növbəti video yazaraq Rusiya Müdafiə Nazirliyindəki məmurlarını yenidən "Rusiyanı satmaqda" və əsgərləri şüurlu surətdə mənasız ölümə göndərməkdə ittiham edib.
Bu zaman özünün emosional çıxışında o, belə sözlər səsləndirib: "Xoşbəxt baba elə zənn edir ki, onun vəziyyəti yaxşıdır. Bəs ölkədə bundan sonra nə baş verəcək? Əgər o, haqlı olacaqsa, Allah hamıya cansağlığı versin.
Bəs əgər birdən, təsadüfən, mən sadəcə güman edirəm, bu baba üzdəniraq çıxsa, ölkəmiz, nəvələrimiz, Rusiyanın gələcəyi necə olacaq, bu müharibəni necə udacağıq?"
Onun fikrincə, Rusiyada kimin "xoşbəxt baba" olduğunu Priqojin deməyib.
Yanvar ayında Piontkovski Rusiyada yeni tip vətəndaş savaşını proqnozlaşdırıb. Onun qənaətinə görə, ölkədə Putin rejiminin çöküşündən sonra quldur strukturlarının sahibsiz qalacaq əmlak uğrunda mübarizəsi başlayacaq.
Onun fikrincə, "yağışdan sonra göbələk kimi artan özəl ordular" Ukrayna ilə müharibə üçün deyil, "müharibəni uduzan ölkədə mülkiyyətin yenidən bölüşdürülməsi üçün yaradılır".