"Ödənişin təxirə salınmasının qarşılığında Türkiyədə qaz qovşağının tikilməsi vəd edilib..."
Rusiya Türkiyəyə ötən il tədarük edilən Rusiya qazına görə ödənişin müddətini qeyri-müəyyən vaxtadək təxirə salınmasına izn verib.
Bu razlılaşma Türkiyə hökuməti ilə Rusiyanın "Qazprom" dövlət korporasiyası arasında əldə edilib.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Türkiyə hakimiyyəti ötən il qiymətlərin 97 milyard dollaradək kəskin bahalaşması səbəbindən idxal edilən qazın ödənişləri ilə bağlı problemlərlə üzləşib, bu, son illərdə orta göstəricidən təxminən 2 dəfə çoxdur.
"Danışıqlar aparılıb, Rusiya ilə, "Qazprom" şirkəti ilə müəyyən səviyyədən yuxarı ödənişlərin təxirə salınması barədə razılıq əldə edilib.
Bu, ötən il heç kimin gözləmədiyi halda qiymətlərin fövqəladə artması ilə bağlıdır", - bunu Türkiyənin energetika naziri Fateh Dönməz bəyan edib.
"The Moscow Times" nəşrinin yazdığına görə, bunun qarşılığında Kreml Rəcəb Tayyib Ərdoğandan Rusiya üçün dağıdılmış "Şimal axını" boru kəmərləri sistemini əvəzləyəcək qaz qovşağı yaradılmasını xahiş edib.
Rusiyanın neft-qaz ixracı ilə bağlı vəziyyət
Rusiya Ukraynaya hərbi müdaxilə nəticəsində Avropa qaz bazarı itirdikdən sonra qaz hasilatını azaltmağa başlayıb.
2023-cü ilin birinci rübündə Rusiyada qaz hasilatl 2022-ci ilin müvafiq dövrünə nisbətən təxminən 10 faiz azalıb.
Amma neftlə bağlı vəziyyət tamam başqadır. Rusiya Avropaya sanksiyalar səbəbindən nefti birbaşa sata bilməsə də, o, Hindistana və "qlobal Cənub"un digər ölkələrinə ixracı kəskin surətdə artırıb.
Bu səbəbdən Rusiya neftinin bir barrelinin dəyəri aşağı düşməyə başlayıb.