“Əlisaab Orucov Rəhim Qazıyevə “Atəş dayanmayacaq, qüvvələr də geri çəkilməyəcək – deyib, əsəbi halda telefon dəstəyini rabitəçiyə verdi...”
“Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin. Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir...”-Qurani-Kərim
Əvvəllər də qeyd etdiyimiz kimi, 2020-ci ilin 44 günlük savaşında işğal altındakı torpaqlarımızın əksər hissəsinin azad edilməsindən bəri Moskva Azərbaycan və Ermənistandakı agentura şəbəkələri vasitəsilə Qarabağdakı durumu hər vəchlə 1988-1994-cü il səviyyəsinə çatdırmağa, yəni proseslərin müstəqil(!) Azərbaycan dövlətinin öz təşəbbüsü ilə deyil, Kremlin istək, plan və ssenarisi əsasında yönəldilməsinə, daim təxribatların törədilməsinə, Azərbaycanın hərbi və siyasi-diplomatik təşəbbüslərinin yarımçıq saxlanmasına və s. çalışır. Bu gün rəsmi Moskvanın Laçın rayonunda - Ermənistanla sərhəddə Azərbaycan dövlətinin nəzarət-buraxılış məntəqəsi qurmasına reaksiyası və ümumiyyətlə, Yuxarı Qarabağın digər ərazilərinin, xüsusən də Xankəndi və Xocalının nəzarətə götürülməsi cəhdlərimizi əngəlləməyə çalışması da bunun sübutudur. Bir sözlə, keçmiş səhvləri təkrarlamamaq və tarixdən ibrət dərsləri almaq üçün o dövrün təcrübəsini öyrənməkdə fayda vardır...
Sabiq ədliyyə naziri Əlisaab Orucov 1988-ci ildən, yəni Qarabağda Kremlin, İrəvanın və bir sıra xarici güclərin təhriki ilə ermənilərin başlatdığı separatçı-terrorçu hərəkat başlanandan respublikanın o dövrdəki müxtəlif rəhbərlərinin göstərişi ilə həmin hərəkata qarşı bacardığı qədər mübarizə aparmış, keçmiş Dağlıq Qarabağ ərazisində yaşayan azərbaycanlı əhalinin öz doğma yurdlarını tərk etməsinin qarşısını almaq və s. üçün əlindən gələni etmişdir. Erməni-azərbaycanlı münaqişəsinin artıq hərbi əməliyyatlarla və ərazilərimizin işğalıyla müşayiət olunduğu bir dövrdə - 1992-ci il aprelin 8-dən 1992-ci ilin iyulunadək Azərbaycan Prezidentinin keçmiş Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd rayonlar üzrə səlahiyyətli nümayəndəsi olmuş keçmiş nazir Moderator.az əməkdaşı ilə söhbətində əlində olan sənədlər, həmçinin özünün “Mübarizəmiz Qarabağdadır” kitabındakı şahid ifadələri əsasında həmin müddətdə, o cümlədən Şuşa və Laçın rayonlarının işğalı zamanı şahidi və iştirakçısı olduğu, bəziləri hələ mediada işıqlandırılmamış və geniş ictimaiyyətə bəlli olmayan bir sıra fakt və olaylar haqda xronoloji ardıcıllıqla danışır...

“1992-ci il aprelin 26-da məlumat aldıq ki, Ermənistan Silahlı Qüvvələri Zəngilan rayonunun Şayıflı kəndi istiqamətində hücuma keçərək həmin və digər sərhəd kəndlərini güclü atəşə tutublar. O gecə Zəngilana yollandım...
Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, müharibədə hərbi səlahiyyətim olmasa da, mənim məsləhət və göstərişimlə hesablaşan komandirlərə tabe olduqları yuxarı komandanlıqdan maneə olmasaydı, keçirilən bir sıra hərbi əməliyyatlarda böyük uğurlar qazana bilərdik -yolumuz qələbəyə doğru idi!..
Daha dolğun məlumat üçün həmin günlər köməkçim kimi mənə böyük dəstək verən Əsəd Fərəcovun “Mübarizəmiz Qarabağdadır” adlı kitabımda dərc olunmuş xatirəsini nəzərinizə çatdırıram:
“1992-ci il aprelin 26-da axşam saatlarında Zəngilan rayon İcra Hakimiyyəti başçısı Əli Quliyev Əlisaab Orucova zəng edərək bildirmişdi ki, Ermənistan ordusu Qafan ərazisindən Azərbaycanın Zəngilan rayonunun Günqışlaq, Ağkənd, Qazançı, Dərəli, Seyidlər, Pirveys kəndlərini güclü atəşə tutublar. Erməni yaraqlıları artıq sərhəd keçərək Qazançı və Dərəli kəndlərini ələ keçiriblər. Aprelin 27-nə keçən gecə Əlisaab Orucovla Ağdamdan Zəngilana yola düşdük. Füzuli ərazisində olan dövlət avtomobil müfəttişliyi postunun yanından keçərkən orada içi Daxili Qoşunların əsgərləri ilə dolu olan bir avtobusun dayandığını gördük. Məlum oldu ki, onlar da Zəngilanın Şayıflı kəndinə getmək əmri alıblar. Əlisaab müəllim onlara: “Arxamızca gəlin!” əmrini verdi.
Zəngilan rayon mərkəzinə çatıb icra başçısı Əli Quliyevi də götürdük və səhər saat 9-da Şayıflıda yerləşən hərbi qərargahda olduq. Orada Əlisaab Orucov vəziyyətlə ətraflı tanış olduqdan sonra əmr etdi ki, düşməni geri oturtmaq və Ermənistanın Qafan ərazisinə girmək lazımdır, qoy bizim də əsgərlərin ayağı sərhədin o tayına – düşmən əlində olan qədim torpaqlarımıza dəysin. Bu, hamının ürəyindən oldu...
Bir azdan Daxili Qoşunların əsgərləri də gəlib çıxdılar. Əlisaab müəllim bütün döyüşçülər qarşısında geniş nitq söylədi. Artıq hamı mənəvi-ideoloji baxımdan da hücuma hazır idi. Həmin vaxt Arif Paşayevin komandiri olduğu Laçındakı alaydan da kömək üçün canlı qüvvə və silah-sursat göndərmişdilər. Polkovnik- leytenant İldırım Məmmədovun əmri ilə döyüş əməliyyatları başlandı. Əvvəl artilleriya dindi. Topların nərəsindən yer-göy titrəyirdi. Sonra piyadalar hücuma keçdilər. Düşmənin ələ keçirdiyi kəndlərimiz azad edildi. Elə orada əsgərlərimizin hücumlarını gözləyən həmin kəndlərin sakinləri dərhal yenicə azad olunmuş kəndlərinə qayıtdılar. Döyüşçülərimiz artıq Ermənistan sərhədini keçib Qafan rayonu ərazisinə daxil olmuşdular. Qafan şəhərinin tüstüsü ərşə dayanmışdı. Ermənilər Qafanı tərk edirdilər. Artıq istiqamət Megri yoluna doğru idi...
Döyüşün belə bir qızğın vaxtında rabitəçi bildirdi ki, müdafiə naziri Rəhim Qazıyev komandiri telefona çağırır. Danışıq zamanı hiss olunurdu ki, Rəhim Qazıyev İldırım Məmmədova bərk qəzəblənib. O isə Əlisaab Orucovun da burada olduğunu bildirdi. İldırım Məmmədov tələsik telefonun dəstəyini Əlisaab müəllimə verdi.
Rəhim Qazıyev:
-Sizə kim ixtiyar verib ki, bizim işimizə qarışırsız? Axı kim belə bir səlahiyyət verib? Tez olun, dərhal atəşi dayandırın. Bütün Moskva, İrəvan ayağa qalxıb.
Əlisaab Orucov:
-Ermənistan bütün Dağlıq Qarabağı işğal edib. Şuşa da mühasirədədir. Bəs Moskva buna nə üçün səsini çıxarmır? Qoy Azərbaycan əsgərinin də ayağı sərhəddən o yana – 70 ildir düşmən əlində olan tarixi torpaqlarımıza dəysin. Bəlkə ermənilərin ağılları başlarına gələ. Nə qəbahət iş görmüşük - dünya dağılmayıb ki!..
Rəhim Qazıyev:
-A kişi, sən nə danışırsan? Qafanı dağıtmısınız, 20-dən artıq çoxmərtəbəli binanı yerlə-yeksan etmisiniz. Artilleriya atəşlərini dayandırın və qüvvələri Ermənistan ərazisindən geri çəkin.
Əlisaab Orucov isə Rəhim Qazıyevə “Atəş dayanmayacaq, qüvvələr də geri çəkilməyəcək – deyib, əsəbi halda telefon dəstəyini rabitəçiyə verdi.
Onun sevincinin həddi-hüdudu yox idi. Artıq Azərbaycan əsgəri düşmən əlındə olan qədim Azərbaycan torpağına ayaq basmışdı...
Yarım saat keçməmiş rabitəçi Əlisaab müəllimi çağırdı ki, respublika rəhbəri Yaqub Məmmədova cavab versin.
Yaqub Məmmədov:
-Orucov, mən sizi ağıllı bir adam bilirdim. Hansı ixtiyarla hərbçilərin işinə qarışırsız?! Kim sizə belə bir ixtiyar verib?! Sizə dəfələrlə tapşırılıb ki, bu işlərə qarışmayın. Bir baş komandan kimi sizə əmr edirəm: təxirəsalınmadan hücumu və atəşi dayandırın və Ermənistan ərazisindən geri çəkilin!!!
Əlisaab Orucov isə ona belə cavab verdi:
-Elə isə, komandirlə danışın. Mən heç kiməm. Məni buraya göndərməkə nə məqsəd güddüyünüzü indi anladım...
Komandir – polkovnik-leytenant İldırım Məmmədovla Yaqub Məmmədovun telefon danışığından sonra Meğri istiqamətində hücum və atəş dayandırıldı və döyüşçülərə geri – öz ərazimizə çəkilmək əmri verildi. Bu dəfə də döyüşçülərimizin əl-ayağını beləcə soyutdular.
Əlisaab müəllimlə maşına əyləşib geri döndük. O, əsəbindən öz-özünə deyinirdi: “Vallah, bu millətin yiyəsi yoxdur. Olsaydı, dağı-dağ üstə qoymaq olardı. Heyf belə oğullardan ki, səriştəsiz, bacarıqsız başçıların güdazına gedəcəklər...
Əlisaab Orucov Moderator.az əməkdaşının “Bəs həmin vaxt faktiki dövlət sərhədini pozaraq Ermənistan ərazisinə hücum nə dərəcədə doğru idi? Bu əməliyyatların strateji məqsədi nədən ibarət idi?” sualını belə cavablandırıb:
“Əslində bu əməliyyatın keçirilməsində məqsəd öncə Zəngilanın kəndlərini işğal etmiş erməni ordusunu geri oturdub dərsini vermək, ikincisi də Xocalının işğalı və oradakı soydaşlarımızın dəhşətli soyqırımına məruz qoyulmasından sonra düşmənlərimizin Şuşa üzərinə hazırladıqları işğal planını pozmaq, həmin hücuma hazırlaşan düşmən qüvvələrini parçalamaq və nəticədə Şuşa ətrafında və Yuxarı Qarabağda topladıqları qoşunlarının xeyli hissəsini Ermənistan ərazisinə keçirilməsinə nail olmaq olmuşdur. Üçüncüsü də, əgər o vaxt düzgün qərar verə bilən komandanlıq olsaydı, Naxçıvandakı qoşunlarımıza da hücum əmri verib hazırda açılması böyük problemə çevrilmiş Zəngilan-Meğri-Naxçıvan yolunu, başqa sözlə, Zəngəzur dəhlizini açmaq olardı...
Əfsuslar olsun ki, ölkənin o vaxtkı hərbi-siyasi komandanlığı bizim bu planımızı müdafiə etmədi. Əksinə, bizləri qınaq hədəfinə çevirdilər ki, guya bu əməliyyatlara görə beynəlxalq ictimaiyyət Azərbaycanı qınaya bilər. Amma sual olunur ki, həmin “ədalətli beynəlxalq ictimaiyyət” cəmi iki ay öncə Ermənistanın Rusiyanın birbaşa hərbi dəstəyi ilə Azərbaycan ərazisinin daxilində - Xocalıda törətdikləri misli görünməmiş işğal və soyqırımı, ondan əvvəl Xocavəndin Qaradağlı kəndində, Şuşanın Malıbəyli, Quşçular, Xocalının Meşəli kəndlərində və s. törətdikləri qətliamları niyə qınamadılar. İkincisi də, unutmayaq ki, Uca Allah Qurani-Kərimin “Əl-Bəqərə” surəsinin 194-cü ayəsində belə buyurur:
“Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin. Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir...”
Hesab edirəm ki, həmin dövrdə torpaqlarımız hərbi-siyasi rəhbərliyin məhz belə, bilərəkdən, ya bilməyərəkdən atdığı qətiyyətsiz, heç bir məntiqə uyuşmayan, düşmənin daha genişmiqyaslı hücumlarına şərait yaradan addımlarının sayəsində işğal olundu...
1992-ci il aprelin 27-də Zəngilanın Şayıflı kəndi istiqamətindən Ermənistanın Qafan ərazisinə əks-hücumumuzun yarımçıq dayandırılmasından cəmi 11 gün sonra Şuşa, ondan da 9 gün sonra isə Laçın işğal olundu. 1992-ci il dekabrın 10-da isə erməni ordusu gözlənilmədən Zəngilan rayonuna üç istiqamətdən hücuma keçərək Günqışlaq, Canbar, Göyəli kəndlərini tutdular, bir neçə saatdan sonra Bürünlü, Şayıflı, Qaragöl kəndlərinə doğru irəlilədilər. Strateji yüksəklikləri götürən ermənilər 15 kilometr dərininə doğru irəlilədi. Həmin gün Zəngilanın Qazançı, Dərəli, Günqışlaq, Pirevyisli, Canbar, Ağkənd, Yuxarı Gəyəli, Şərikan, Seyidlər, Bürünlü, Aşağı Gəyəli, Şayıflı kəndləri erməni bölmələri tərəfindən ələ keçirildi. Məhz həmin Şayıflı və ətraf digər kəndlərdə əhalinin evakuasiyasını təşkil edən kəşfiyyat komandiri, eləcə də kəndlərdən çıxmağa macal tapmamış 7 mülki kişi və qadın həlak oldu. O hücum zamanı kəndlərimizi müdafiə etməyə çalışan 10 hərbçimiz də şəhid oldu. Bax, bunlar hamısı siyasi və hərbi komandanlığın düşmənin təcavüzünə vaxtında təcavüzlə cavab verib onun başını əzməyə imkan verməməsinin nəticəsi idi..
Onu da qeyd etmək vacibdir ki, Şayıflıdan başlanmış əməliyyatdan təxminən bir il sonra -1993-cü il aprelin 10-da cəsur komandir Firudin Şabanovun rəhbərliyi ilə Zəngilandan Qafan-Meğri istiqamətində daha bir uğurlu əməliyyat keçirilmişdi. Təəssüf ki, ordumuz 40-50 km Ermənistanın içərilərinə irəlilədikdən sonra yenə də rəhbərliyin göstərişi ilə əməliyyat yarımçıq dayandırılmışdı...
Azərbaycanın igid hərbçiləri mənim Prezidentin cəbhə zonasında səlahiyyətli nümayəndəsi olduğum və sonrakı dövrdə də belə yarımçıq dayandırılmış əməliyyatların çox şahidi olub...
(Davamı var)
Qeyd: Materialda adları çəkilən şəxslərin də təsvir edilən olaylar haqda fikirlərini dinləməyə hazırıq...
Sultan Laçın