“Ermənilərlə Əsgəran yaxınlığında keçirdiyim danışıqlara Serj Sərkisyan da gəlmişdi...”
5329
27 Apr 2023 | 14:45

“Ermənilərlə Əsgəran yaxınlığında keçirdiyim danışıqlara Serj Sərkisyan da gəlmişdi...”

“Armen  İsaqulova dedim ki, Qarabağ məsələsi bizim daxili işimizdir və istəsək, qoşun yeridib sizi yerinizdə otuzdurarıq. Həmin an onun ətrafındakı ermənilər avtomat silahlarını mənə tərəf tuşladılar...” 
 
Əvvəllər də qeyd etdiyimiz kimi,  2020-ci ilin 44 günlük savaşında işğal altındakı torpaqlarımızın əksər hissəsinin azad edilməsindən bəri Moskva Azərbaycan və Ermənistandakı agentura şəbəkələri vasitəsilə Qarabağdakı durumu hər vəchlə 1988-1994-cü il səviyyəsinə çatdırmağa, yəni proseslərin müstəqil(!) Azərbaycan dövlətinin öz təşəbbüsü ilə deyil, Kremlin istək, plan və ssenarisi əsasında yönəldilməsinə, daim təxribatların törədilməsinə, Azərbaycanın hərbi və siyasi-diplomatik təşəbbüslərinin yarımçıq saxlanmasına və s. çalışır.  Bu gün rəsmi Moskvanın Laçın rayonunda - Ermənistanla sərhəddə Azərbaycan dövlətinin nəzarət-buraxılış məntəqəsi qurmasına reaksiyası və ümumiyyətlə, Yuxarı Qarabağın digər ərazilərinin, xüsusən də Xankəndi və Xocalının nəzarətə götürülməsi cəhdlərimizi əngəlləməyə çalışması da bunun sübutudur. Bir sözlə, keçmiş səhvləri təkrarlamamaq və tarixdən ibrət dərsləri almaq üçün o dövrün təcrübəsini öyrənməkdə fayda vardır...  
 
Sabiq ədliyyə naziri Əlisaab Orucov 1988-ci ildən, yəni Qarabağda Kremlin, İrəvanın və bir sıra xarici güclərin təhriki ilə ermənilərin başlatdığı separatçı-terrorçu hərəkat başlanandan respublikanın o dövrdəki müxtəlif rəhbərlərinin göstərişi ilə həmin hərəkata qarşı bacardığı qədər mübarizə aparmış, keçmiş Dağlıq Qarabağ ərazisində yaşayan azərbaycanlı əhalinin öz doğma yurdlarını  tərk etməsinin qarşısını almaq və s. üçün əlindən gələni etmişdir. Erməni-azərbaycanlı münaqişəsinin artıq hərbi əməliyyatlarla və ərazilərimizin işğalıyla müşayiət olunduğu bir dövrdə - 1992-ci il aprelin 8-dən 1992-ci ilin iyulunadək Azərbaycan Prezidentinin keçmiş Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd rayonlar üzrə səlahiyyətli nümayəndəsi olmuş  keçmiş nazir  Moderator.az əməkdaşı ilə söhbətində əlində olan sənədlər, həmçinin özünün “Mübarizəmiz Qarabağdadır” kitabındakı şahid ifadələri əsasında həmin müddətdə, o cümlədən Şuşa və Laçın rayonlarının işğalı zamanı şahidi və iştirakçısı olduğu, bəziləri hələ mediada işıqlandırılmamış və geniş ictimaiyyətə bəlli olmayan bir sıra fakt və olaylar haqda xronoloji ardıcıllıqla danışır...
 
“Prezidentin cəbhə bölgələri üzrə fövqəladə səlahiyyətli nümayəndəsi təyin olunduğum ilk günlərdən apardığım müşahidə və araşdırmalar sübut edirdi ki, Xocalının işğalı və orada soydaşlarımıza qarşı törədilmiş dəhşətli soyqırımından sonra düşmən digər bölgələrimiz, xüsusən də Şuşa və  Laçının da işğalını ciddi şəkildə planlaşdırır...
 
O günlərdə Azərbaycanın faktiki rəhbəri olan Yaqub Məmmədovun təkidi ilə 1992-ci il aprelin 20-də artıq 1991-ci ilin noyabrında Azərbaycan Ali Sovetinin qərarıyla ləğv olunmuş keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin həmin vaxt polis idarəsinin rəisi hesab olunan Armen İsaqulovla keçmiş Əsgəran rayonu ərazisində, Əsgəran qalasının yaxınlığındakı yol polisi postunun yanında görüşdük. Onunla  həmin ərazidə atəşkəs əldə etmək və əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqlar aparmalı idik... Qeyd edim ki, həmin Armeni hələ tələbəlik illərindən tanıyırdım və bilirdim ki, o, 1969-cu ildə Bakıda Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib...
 
Rəhbərlik etdiyim səlahiyyətli nümayəndəliyin əməkdaşları Aydın Kazımovun, Əsəd Fərəcovun və döyüşçü Qorxmazın iştirakıyla apardığım danışıqlarda erməni tərəfdən gəlmiş 20 nəfər arasında sonradan Ermənistanın prezidenti olmuş, o zaman Qarabağdakı qondarma “müdafiə komitəsi”nin sədri olan terrorçu Serjik Sərkisyan da vardı.  O, Qarabağdakı silahlı erməni dəstələrinə rəhbərlik etməklə orada yaşayan azərbaycanlılara qarşı törədilmiş ən ağır cinayətlərin, o cümlədən  təxminən iki ay öncə baş vermiş Xocalı soyqırımının bilavasitə təşkilatçı və iştirakçılarından idi... 
 
“Qatır Məmməd” ləqəbi ilə tanınan Yaqub Rzayevin tez-tez adının çəkilməsindən hiss etdim ki, ermənilər ondan çox ehtiyat edirlər. Armen İsaqulov atəşkəslə bağlı söhbət zamanı belə bir ifadə işlətdi: “Biz atmırıq, Yaqub atır. Əgər o atmasa, atəşkəs əldə olunar”. Sonra İsaqulov təklif etdi ki, Ağdamın keçmiş Dağlıq Qarabağla sərhəddindəki 19-cu mövqedə olan tabor komandiri Yaqub Rzayev başqasıyla əvəz edilsə, yaxşı olar. Hətta belə bir söz işlətdi ki, sülh tərəfdarı olan Allahverdi Bağırov 19-cu mövqeyə komandir təyin olunarsa, atəşkəs əldə oluna bilər. Ona cavab verdim ki, Yaqubun həmin mövqedə əvəz olunmasına ehtiyac yoxdur. Oranın elə əsl komandiri Yaqub Rzayev özüdür. Bir azdan Allahverdi Bağırov gözlənilmədən oraya gəlib söhbətin üstünə çıxdı... 
 
Söhbət zamanı bizimlə çox təkəbbürlə, qalib və üstün tərəf kimi  danışan Armenə dedim ki,  Azərbaycan ərazisində azsaylı toplumsunuz deyə, sizinlə xeyli yumşaq rəftar edirik, dünyanın da bizi qınamasını istəmirik. “Amma bilin ki, Qarabağ məsələsi bizim daxili işimizdir və istəsək, qoşun yeridib sizi yerinizdə otuzdurarıq”. Həmin an onun ətrafındakı ermənilər avtomat silahlarını mənə tərəf tuşladılar,  bunu görən yanımdakı Əsəd Fərəcov da dərhal öz silahını İsaqulova tərəf yönəltdi. Sonra Armen ermənicə nəsə bağırdı və yanındakılar silahlarını aşağı saldı. Ardınca o, mənə cavab verdi ki, Orucov, vəziyyət heç də düşündüyün kimi deyil, bizim də yetərincə gücümüz var; Dağlıq Qarabağın çox hissəsini əlinizdən almışıq, - yalnız Şuşa qalıb,- onu da tezliklə alacağıq... 
 
Biz mübahisə etdiyimiz məqamda atəş səsləri eşidildi və yaxınlığımızdakı ərazilərə güllələr tökülməyə başladı. İsaqulova dedim ki, görürsüz, bu atəşlər bizim danışıqları pozmaq üçündür; atan ya özünüzünkülərinizdir, ya da arxanızda durub Azərbaycanın torpaqlarını işğal etdirən böyük qardaşlarınız... 
 
Bu minvalla danışıqların heç bir nəticəsi olmadı. Atəşkəsə nail ola bilmədik. Əsirlərlə bağlı söhbətdə isə İsaqulov bildirdi ki, əsir və girovlar Qarabağda yox, Ermənistanda saxlanılır...
 
Armen İsaqulov və digərlərinin danışığından hiss etdim ki, Qarabağdakı separatçı və işğalçı xislətli ermənilər Moskvaya çox arxayındırlar. Və onların bu arxayınlığı məni də o günlərdə Yuxarı Qarabağ və ətraf bölgələrdəki yaşayış məntəqələrimizi, xüsusən də Şuşanı gözləyən real və böyük bir təhlükədən duyuq saldı... 
 
Ermənilərlə Əsgəran yaxınlığında aparılmış danışıqlardan iki gün sonra - 1992-ci il aprelin 22-də müharibə bölgəsində yaranmış vəziyyətlə əlaqədar müdafiə naziri Rəhim Qazıyevun və baş qərargah rəisi Şahin Musayevin adlarına şifro-teleqram göndərərək Şuşa, Laçın, Ağdam, Tərtər və Füzuli bölgələrinin olduqca təhlükəli durumda olduğunu bildirdim. Şifro-teleqram aşağıdakı məzmunda idi:
 
“Azərbaycan Respublikası milli müdafiə naziri R.Qazıyev yoldaşa 
 
Milli Müdafiə Nzairliyinin Baş Qərargah rəisi Ş. Musayev yoldaşa
 
Vətən təhlükədədir. Şuşa, Laçın, Ağdam, Tərtər və Füzuli rayonları əhalisinin vəziyyəti olduqca qorxuludur. Düşmən Qarabağın dağlıq hissəsinə və eləcə də Ermənistanla sərhəd boyunca vertolyotla daşıyıb yığdıqları hərbi texnikanı yerləşdirmişdir. Göstərilən regionun müdafiəsi üçün olduqca operativ şəkildə  xeyli canlı qüvvə, hərbi texnika: tanklar, PDM-lər, vertolyotlar və sair döyüş vasitələrinin təxirəsalınmadan göndərilməsi tələb olunur.
 
Cəbhə boyu müharibəyə komandanlıq etmək üçün regiona gəlməyiniz zəruridir.
 
Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi Ə.Orucov”. 
 
Aprelin 26-da məlumat aldıq ki, Ermənistan Silahlı Qüvvələri Zəngilan rayonunun Şayıflı kəndi istiqamətində hücuma keçərək həmin və digər sərhəd kəndlərini işğal etmişlər. Həmin gecə Zəngilana yollandım...”
 
(Davamı var) 
 
Sultan Laçın
 
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər