Ona Prezidentin cəbhədəki xüsusi nümayəndəsi kimi niyə hərbi səlahiyyət verilmədi?.. -Tarix
Ekskluziv
3816
24 Apr 2023 | 18:09

Ona Prezidentin cəbhədəki xüsusi nümayəndəsi kimi niyə hərbi səlahiyyət verilmədi?.. -Tarix

“1995-ci ildə Şuşa və Laçının işğalıyla bağlı məhkəmə iclasında Yaqub Məmmədovdan mənə hərbi səlahiyyət verməməsinin səbəbini soruşduqda əvvəlcə bildirdi ki, guya o vaxt buna Rəhim Qazıyev razı olmayıb.  Gördü ki, cavabı düz alınmır, əlavə etdi ki...”
 
Əvvəllər də qeyd etdiyimiz kimi,  2020-ci ilin 44 günlük savaşında işğal altındakı torpaqlarımızın əksər hissəsinin azad edilməsindən bəri Moskva Azərbaycan və Ermənistandakı agentura şəbəkələri vasitəsilə Qarabağdakı durumu hər vəchlə 1988-1994-cü il səviyyəsinə çatdırmağa, yəni proseslərin müstəqil(!) Azərbaycan dövlətinin öz təşəbbüsü ilə deyil, Kremlin istək, plan və ssenarisi əsasında yönəldilməsinə, daim təxribatların törədilməsinə, Azərbaycanın hərbi və siyasi-diplomatik təşəbbüslərinin yarımçıq saxlanmasına və s. çalışır.  Bu gün rəsmi Moskvanın Laçın rayonunda - Ermənistanla sərhəddə Azərbaycan dövlətinin nəzarət-buraxılış məntəqəsi qurmasına reaksiyası və ümumiyyətlə, Yuxarı Qarabağın digər ərazilərinin, xüsusən də Xankəndi və Xocalının nəzarətə götürülməsi cəhdlərimizi əngəlləməyə çalışması da bunun sübutudur. Bir sözlə, keçmiş səhvləri təkrarlamamaq və tarixdən ibrət dərsləri almaq üçün o dövrün təcrübəsini öyrənməkdə fayda vardır...  
 
Sabiq ədliyyə naziri Əlisaab Orucov 1988-ci ildən, yəni Qarabağda Kremlin, İrəvanın və bir sıra xarici güclərin təhriki ilə ermənilərin başlatdığı separatçı-terrorçu hərəkat başlanandan respublikanın o dövrdəki müxtəlif rəhbərlərinin göstərişi ilə həmin hərəkata qarşı bacardığı qədər mübarizə aparmış, keçmiş Dağlıq Qarabağ ərazisində yaşayan azərbaycanlı əhalinin öz doğma yurdlarını  tərk etməsinin qarşısını almaq və s. üçün əlindən gələni etmişdir. Erməni-azərbaycanlı münaqişəsinin artıq hərbi əməliyyatlarla və ərazilərimizin işğalıyla müşayiət olunduğu bir dövrdə - 1992-ci il aprelin 8-dən 1992-ci ilin iyulunadək Azərbaycan Prezidentinin keçmiş Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd rayonlar üzrə səlahiyyətli nümayəndəsi olmuş  keçmiş nazir  Moderator.az əməkdaşı ilə söhbətində əlində olan sənədlər, həmçinin özünün “Mübarizəmiz Qarabağdadır” kitabındakı şahid ifadələri əsasında həmin müddətdə, o cümlədən Şuşa və Laçın rayonlarının işğalı zamanı şahidi və iştirakçısı olduğu, bəziləri hələ mediada işıqlandırılmamış və geniş ictimaiyyətə bəlli olmayan bir sıra fakt və olaylar haqda xronoloji ardıcıllıqla danışır...
 
“1992-ci il aprelin əvvəllərində o vaxt Ali Sovetin sədri səlahiyyətlərini icra edən və dolayısıyla yenicə formalaşan müstəqil Azərbaycan dövlətinin faktiki rəhbəri olan Yaqub Məmmədov məni keçmiş Dağlıq Qarabağ ərazisi üzrə səlahiyyətli nümayəndə təyin etmək fikrini bildirdikdə ona ərazidəki mövcud vəziyyət ilə bağlı geniş məlumat verdim.  İzah etdim ki, Şuşa şəhərindən başqa keçmiş vilayətin bütün ərazisi düşmənin işğalı altındadır. Digər tərəfdən ermənilərin Moskva tərəfindən Polyaniçko və Volskiyə verilmiş böyük səlahiyyətlər hesabına keçmiş Dağlıq Qarabağ ərazisinə yiyələndiyini xatırlatdım... 
 
Yaqub Məmmədovu inandırmağa çalışdım ki, hazırkı vəziyyətdə oraya səlahiyyətli nümayəndə göndərmək əvəzinə, öz tarixi və hüquqi ərazimiz olan keçmiş vilayətə qoşun yeridib oranın birdəfəlik cinayətkar erməni silahlı dəstələrindən təmizlənməsi məsələnin düzgün və ədalətli həlli olar... İrəli sürdüyüm bu təkliflə razılaşmayan Yaqub Məmmədov bildirdi ki, onun həyata keçirilməsi qeyri-mümkündür...
 
Dövlət başçısı bu təkliflə razılaşmadıqda ondan xahiş etdim ki, əgər məni cəbhə zonalarına səlahiyyətli nümayəndə göndərmək fikrində qalırsa, onda mülki səlahiyyətdən vacib mənə hərbi səlahiyyət verilməlidir ki, bəlkə əldən gedən torpaqların geri qaytarılması uğrunda bir iş görülə bilə...
 
Həmçinin respublika rəhbərindən xahiş etdim ki,  müdafiə naziri Rəhim Qazıyevi və daxili işlər naziri Tahir Əliyevi mənimlə birgə yanına dəvət edərək hər üçümüzə konkret tapşırıq və göstərişlər versin ki. birlikdə Qarabağ və sərhədyanı bölgələrdə fəaliyyət göstərək... Yaqub Məmmədova onu da xatırlatdım ki, 1991-ci ilin sentyabrında Viktor Polyaniçko  qərargahını Xankəndindən Ağdama köçürərək keçmiş Dağlıq Qarabağ torpaqlarının tam işğalına kənardan rəhbərlik edirdi. Ondan sonra isə həmin işlərin davamçısı hakimiyyətə o zaman və ya gələcəkdə yiyələnməyə çalışan məlum qüvvələrin bəzi liderləri olub.  Odur ki, həmin qəbildən olanlar hər cür bəhanə gətirərək Qarabağa getməkdən və bilavasitə orada fəaliyyət göstərməkdən imtina edəcəklər...  
 
Bütün söylədiklərimə rəğmən Yaqub Məmmədov məni o vaxtkı müdafiə və daxili işlər nazirləri ilə görüşdürməyi vəd etsə də, heç biri ilə görüşü təşkil etmədi... Ölkə rəhbəri məni ədliyyə naziri vəzifəsindən azad edib respublika prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi və respublika baş nazirinin müavini vəzifəsinə təyin edərkən müvafiq Fərmanın 4-cü bəndi ilə Ali Sovetin Milli Şurasına təklif etmişdi ki, məni Dövlət Müdafiə Komitəsinin üzvü seçsinlər. Bununla da mənə hərbi səlahiyyətlər verilməsi məsələsi həll olunurdu. Lakin Yaqub Məmmədov həmin məsələni sədrlik etdiyi Milli Şuranın iclasına çıxarmadı və beləliklə də, mənə hərbi səlahiyyət verməkdən imtina etdi... 
 
1995-ci ildə Şuşa və Laçının işğalıyla bağlı məhkəmə iclasında ondan mənə hərbi səlahiyyət verməməsinin səbəbini soruşduqda əvvəlcə bildirdi ki, guya o vaxt buna Rəhim Qazıyev razı olmayıb.  Gördü ki, cavabı düz alınmır, əlavə etdi ki, “hərbi səlahiyyət sənin nəyinə lazım idi, Surət Hüseynova hərbi səlahiyyət verildi, o, nə edə bildi?” Yaqub Məmmədova cavab verdim ki, Surət korpus komandiri kimi əlindəki hərbi imkanlar hesabına çox işlər görə bildi. Lakin hesab edirəm ki, ona işləri başa çatdırmaq imkanı  verilmədi... Keçmiş dövlət başçısı sonda cavablarının məntiqsiz olduğunu dərk edib belə dedi: “Sənə hərbi forma geyinməyə icazə vermişdim, o da sənin hərbi səaliyyətin idi”.  Beləliklə, Yaqub Məmmədovun bütün cavabları məntiqsiz və qeyri-səmimi oldu...
 
O vaxtlar müharibədə böyük xidmətləri olan, düşmənə qarşı amansız və qorxmaz mübarizə aparan vəzifəli şəxslərdən biri kimi tanınan Fətulla Hüseynovla görüşüb ona nümayəndəlikdə müavinim olmağa razılıq verməsini təklif etdim. O bildirdi ki, sizə nə vaxt hərbi səlahiyyət verilsə, o vaxt müavin gələrəm... 
 
Nəhayət, 1992-ci il  aprelin 8-də Azərbaycan Prezidentinin keçmiş Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd rayonlar üzrə səlahiyyətli nümayəndə təyin olundum. Və aprelin 12-dən 19-dək müharibə gedən bütün rayonlara gedib onların müdafiə imkanları və qabiliyyətləri ilə tanış oldum...”
 
(Davamı var)
 
Sultan Laçın
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər