“Ermənilərə etibar edilməsinin qeyri-mümkünlüyü birmənalıdır. Bəs ərazimizdə müvəqqəti(!) yerləşmiş Rusiya imperiyası(!) hərbçilərinə etibar etmək mümkündürmü?..”
“Hesab edirik ki, müvafiq qurumlar bu məsələni yetərincə ciddiyə almalı və xalqı həmin problemin necə həll olunacağı haqda məlumatlandırmalıdırlar...”
Xəbər verdiyimiz kimi, Azərbaycanla sərhədin Laçın-Xankəndi yolunun girişində buraxılış məntəqəsi qurulub. Bunu 2020-ci il 44 günlük savaşdakı hərbi qələbimizdən sonrakı ən böyük strateji uğurlarımızdan biri hesab etmək olar. İki il yarıma yaxındır bir vətəndaş olaraq şiddətlə arzuladığımız, tələb etdiyimiz bu çox əhəmiyyətli iş, nəhayət, görüldü və bu, bizi çox sevindirdi...
İndi əsas məsələ ondan ibarətdir ki, Ermənistan ərazisindən müstəqil(!) Azərbaycan Respublikasının ərazisinə giriş-çıxışa nəzarət beynəlxalq və yerli qanunların, həmçinin müasir texnologiyanın verdiyi bütün imkanlar çərçivəsində ciddi və etibarlı olsun, qətiyyən boşluğa yer verilməsin...
Bir ciddi məqam da ondan ibarətdir ki, 10 noyabr üçtərfəli bəyanatından keçən iki il 5 aydan çox müddətdə ermənilərlə yanaşı, Rusiyanın “sülhməramlı” sayılan hərbi kontingentinin də Ermənistandan Azərbaycana və əksinə, nə daşıyıb-apardığına birbaşa nəzarət edə bilməmişik. Ermənilərə etibar edilməsinin qeyri-mümkünlüyü birmənalıdır. Bəs ərazimizdə müvəqqəti(!) yerləşmiş Rusiya imperiyası(!) hərbçilərinə etibar etmək mümkündürmü? Ən azı, 1988-1994-cü illərin gerçəklikləri də, eləcə də son iki il yarıma yaxın müddətdə Qarabağda baş verənlər də göstərir ki, “sülhməramlı”lara da etibar etmək doğru deyil...
Heç Laçın-Şuşa-Xankəndi yolunda 4 aydan çoxdur keçirilən eko-aksiya müddətində də Qarabağa giriş-çıxışa tam nəzarət edə bildiyimizi söyləyə bilmərik. İndiyədək hər gün həmin aksiya barədə bir növ məruzə olunur ki, ermənilərə məxsus filan sayda təcili yardım və ya mülki maşın keçdi, “sülhməramlı”ların filan sayda avtomobili keçdi və s. Rusiyanın oradan keçən yük və minik avtomobillərinə nəzarət edə bilirikmi, minik və yaxud çadırlı hərbi yük maşınlarında nələr daşındığını dəqiq bilirikmi? Xeyr...
Xülasə, Bu iki il 5 aydan çox müddətdə ermənilərin də, onlarında ərazimizə və əksinə, ərazimizə nə daşıdıqlarını tam dəqiq bilə bilmədik. Söhbət Qarabağa daşına bilən hərbi texnika, silah-sursat, canlı qüvvə, terrorçu, müzdlular və s., həmçinin, əksinə, Qarabağdan Ermənistana daşına bilən yeraltı və yerüstü sərvətlərimizdən gedir. İndi sual olunur; bundan sonra Laçın yolundakı nəzarət-buraxılış postumuz vasitəsi ilə torpağımıza gedib-gələn hayklara, onların avtomobillərinə, yüklərinə nəzarət edə biləcəyik, bəs “sülhməramlı” sayılan Rusiya hərbçilərinə necə? Kim zəmanət verir ki, həmin çadırlı yük avtomobillərində, elə minik avtomobillərində də Qarabağdakı qanunsuz separatçı-terrorçu rejimin “müdafiə qüvvələri” üçün texnika, silah-sursat daşınmayacaq, yaxud canlı qüvvə, eləcə də əksinə, Azərbaycan ərazisindən Ermənistana hər hansı yeraltı, yerüstü sərvət və s. çıxarılmayacaq?..
Hesab edirik ki, müvafiq qurumlar bu məsələni yetərincə ciddiyə almalı və xalqı həmin problemin necə həll olunacağı haqda məlumatlandırmalıdırlar...
Sultan Laçın