“Yaxşı olar ki, heç bir dövlət Qarabağ məsələsinə qarışmasın…”-Əlisaab Orucov
Ekskluziv
5765
20 Apr 2023 | 17:29

“Yaxşı olar ki, heç bir dövlət Qarabağ məsələsinə qarışmasın…”-Əlisaab Orucov

“Ermənistanın ədliyyə naziri də mənim fikrimi əsasən təsdiq edərək dedi: “Orucov düz deyir, … kənardan bu məsələyə qarışanlar  olmasa, hər şey  qaydasına düşə bilər…”
 
“Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Salyan rayonuna səfəri zamanı medianın Qarabağ məsələsi haqda suallarını cavablandırarkən  “Biz dəfələrlə bəyan etmişik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir” söyləməsi  mənə 32 il öncə baş vermis bir olayı xatırlatdı”.
 
Bunu Moderator.az-a açıqlamasında müstəqil Azərbaycanın ilk ədliyyə naziri Əlisaab Orucov söyləyib.
 
Açıqlamasının davamında o, bəhs etdiyi olayı nəql edib.
 
“1991-ci il oktyabrın 23-dən 26-dək SSRİ ədliyyə nazirinin müavini Mixail Vışinskinin rəhbərliyi ilə o vaxtkı müttəfiq respublikaların ədliyyə nazirləri Fransa dövlətinin dəvəti ilə həmin ölkənin azad və demokratik hüquqşünaslarının qonağı olduq. Tədbirdə iştirak edən Fransa jurnalistləri keçmiş Dağlıq Qarabağda yaranmış vəziyyətlə əlaqədar mənə və erməni nazirə bir çox suallarla müraciət etdi. Jurnalistlərin suallarını cavablandıraraq Ermənistanın Qarabağda bizə qarşı müharibə aparmasını və həmin ərazidə əvvəllki durumun bərpa edilməsinin Azərbaycan Respublikasının daxili işi olmasını vurğuladım. Məsələyə üçüncü tərəf, yəni başqa dövlətlər qarışarsa bu işin həllinin uzanacağını və ədalətsiz həll ediləcəyini bildirdim. “Yaxşı olar ki, heç bir dövlət bu məsələyə qarışmasın və ermənilərə də dəstək verməsin. Hesab edirəm ki, Ermənistanın ədliyyə naziri də bu fikirdədir”, - deyib sözümü bitirdim. 
 
Jurnalistlər eyni suallarla erməni nazirə də müraciət etdilər. O da mənim fikrimi əsasən təsdiq edərək dedi: “Orucov düz deyir” Jurnalistlər iki xalq arasında yaranmış məsələni və münasibətləri qızışdırmasalar, kənardan bu məsələyə qarışanlar  olmasa hər şey  qaydasına düşə bilər”. 
 
Hesab edirəm ki, bu gün artıq müstəqilliyimizin bərpasının 32-ci ilində Azərbaycanın yetərli qədər hərbi və iqtisadi gücə malik olduğu bir vaxtda dövlətimiz ölkə başçısının  dəfələrlə dilə gətirdiyi  “Heç bir dövlət Qarabağ məsələsinə qarışmasın”  prinsipi üzərində möhkəm və qətiyyətlə dayanaraq qısa müddətdə məsələnin yekun həllinə və Ermənistanın sülh sazişini imzalamasına nail olmalıdır”,- deyə sabiq nazir vurğulayıb.
 
Sultan Laçın
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər