“Məşhur fizik, Nobel mükafatçısı Maks Plank ölümdən sonrakı həyata da inanırdı, O, bu həyatın fövqündə olan başqa bir həyata inanırdı. Elə bir əbədi həyat ki, biz onu özümüzə sığınacaq və qurtuluş edə bilərik.» (Plank, as Cited in HeilBorn, 1986, 197)
Axirətə niyə inanmalıyıq?..
Bir qədər də məsələnin psixoloji tərəfinə toxunaq:
Müsəlman kimsə ölümdən sonra da həyatının davam etdiyinə inanır. Növbəti mərhələ üçün yaxşı əməllər hazırlayır. Müsəlman kimsənin hədəfləri aydın olur. O, Allahın əmr etdiyi kimi yaxşı insan olmağa çalışır və həyatın ölümdən sonrakı mərhələsində bunun nəticəsini görəcəyinə inanır. Ateistin isə hədəfləri daha dar olur. Çünki yaxşılığın və pisliyin bu dünyada qalacağlna inandığı üçün ateistə yaxşılıq və pislik, əxlaq anlayışlarını anlatmaq mümkün olmur. Çünki əxlaq onlar üçün nisbi bir şeydir. Müsəlman üçün isə əxlaq nəinki bu dünyada, hətta, o biri dünyada da öz səmərəsini verəcəkdir. Əxlaqları gözəl olan insanlar o biri dünyada gecələri namazda, gündüzləri orucda keçirən kəslər qədər savab qazanacaqlar. Lakin müsəlman oruc da tutur, namaz da qılır. Bunlar hamısı Axirət savabı qazanmaq, ilk növbədə isə, Allaha ibadət etmək üçündür…
Yuxu aləmi:
İnsan yerində yatdığı halda yuxu görür, başqa bir aləmdə yaşadığını hiss edir və həyəcanları işlək olur, hətta, yuxuda ikən tərləyir, bəzən danışır, bəzən gülür, bəzən ağlayır, bəzən də qorxur. Yəni, insan yuxuda olduğu halda başqa aləmlərdə ola bilir. Bu da bizə bir daha axirət aləminin daha çox mümkün olduğunu göstərir. Yuxu görmək ruhun varlığına mühüm psixoloji dəlillərdən biridir. İnsanlardan heç kim yuxu gördüyünü inkar etmir. İnsan yuxuda unudulmaz anlar yaşaya və bunu ömür boyu unutmaya və daim xatırlaya bilir. Yuxu elmi qeyb aləmindən olduğundan yuxu yozumu elmi də nadir elmlərdən biridir ki, bu elmin əsası da dünyəvi deyil, məhz dinidir. Yuxu yozumu elminə əsasən insanın yuxuda gördüyü hadisələr, yaşadığı məsələlər bir rəmz, işarə kimi izah olunur və insanın gerçək həyatıyla əlaqələri ortaya çıxır. İnsan yuxuları vasitəsilə yuxu düzgün yozulduğu təqdirdə onu gələcəkdə gözləyən bəzi hadisələr barəsində məlumat əldə edir. Yuxu yozumu dəqiq edildikdə yuxuların insanın həyatı və gələcəyi ilə sıx əlaqəsi insanları çox heyrətləndirir…
Ruh araşdırmaları- «Psychical Researches» da istər təcrübi, istər də elmi müstəvidə ölümdən sonrakı həyatı isbat edir. Bu araşdırmalarda daha çox diqqət çəkən məqamlardan biri də bu araşdırmaların hansısa ruhun (bədəndə) mütləq qalıcı olmasını təsdiq etməməsidir. Həmçinin, bu araşdırmaların maraqlı tərəfləri çoxdur. Yuxu sahəsində də ruh araşdırmaları mövcuddur. Onu da qeyd edək ki, ölümdən sonrakı həyat barədə araşdırmalara psixologiya elmi daha münasibdir. Lakin, yuxarıda qeyd etdiyimiz kimi elm müəyyən məsələlərdə «necə?» sualına cavab verməyə çalışsa da, «nə üçün?” sualına cavab verə bilmir. Çünki hər elmin özünə məxsus sahəsi olduğu üçün ixtisaslar öz sahəsindən kənara çıxdıqca yanlış qərarlara və fərziyyələrə dalmaq ehtimalı çoxalır…
Ruh araşdırmaları müasir psixologiya elminin şöbələrindən biridir. Hədəfi isə insanın qeyri-adi xüsusiyyətlərini aşkar etməyə səy göstərməkdir. Tarixdə ilk dəfə 1882-ci ildə İngiltərədə belə bir mərkəz açılmış, 1889-cu ildə isə mərkəzin alimləri öz fəaliyyətlərinə başlamışlar. İlk araşdırmalarını 17000 vətəndaş üzərində tətbiq etmişlər. Bu gün də bu mərkəz «Ruh araşdırmaları cəmiyyəti» adı ilə fəaliyyət göstərir. Hal-hazırda dünyanın müxtəlif yerlərində ruh araşdırmaları ilə məşğul olan bir çox mərkəzlər fəaliyyət göstərir. Bu mərkəzlər geniş araşdırmaları və təcrübələrinə əsasən sübut etmişər ki, insan bədəni öldükdən sonra onun şəxsiyyəti qəribə bir şəkildə öz mövcudluğunu davam etdirir (əl-İsləm yətəhəddə kitabı, səh 133)…
Əgər kimsə bizə durub hansısa təbiət alimlərinin axirətdən danışmağını misal çəkmək istəsə, biz onlara deyəcəyik ki, təbiət elmləri təcrübi elmlərdir. Yəni bu tip elmlərin səlahiyyəti «necə?» sualına cavab verməyə çalışır. Amma «nə üçün?» sualına cavab verə bilmir. Qaldı ki, qeyb aləmindən olan axirət məsələsinə – hansı ki, bu elmlərin ixtisasına və səlahiyyətinə aid deyildir – aydınlıq gətirə bilsin.
Braun universitetində müəllim kimi çalışan prof. Doukas Axirət inancına dini etiqadla olmasa da, elmi nahiyədən inandığını bildirmişdir. Çoxsaylı elmi araşdırmaları nəticəsində o, Axirət həyatının mövcudluğunu qəbul etmişdir. O, demişdir: «Bizim ən zəkalı alimlərimizdən bir qismi bu məsələ ilə bağlı şahidlikləri təcrübədən keçirmişlər. Hətta çox dərin tənqidi mövqedən hesablamalar aparmışlar. Sonda belə bir nəticəyə gəlmişlər ki, «Ruhun qalıcı olması» nəzəriyyəsi anlaşılan və baş verməsi mümkün olan bir nəzəriyyədir. Onlar hesab edirlər ki, çoxsaylı isbatları yalnız bu cür izah etmək olar. Bu araşdırmaları edən böyük şəxsiyyətlərdən bunları sadalamaq olar:
Alfred Russel Wallace, William Crookes, Myers, Cesare Lombroso, Camille Flammarion, Sir Oliver Joseph Lodge, Righard Hogesn, Mister Henry Sidgwick, Prof. Heslop.» (Eyni mənbə: səh 136)
Maks Plank: (1858-1947) O, 1918-ci ildə fizika üzərə «Elementary Quanta» nəzəriyyəsinin qurulması və inkişaf etdirilməsindəki gördüyü işlərinə görə Nobel mükafatına layiq görülmüşdür. Müasir fizika elminin qurucularından, nisbilik nəzəriyyənin inkişaf etdirənlərdən biri, 20-ci əsrin ən mühüm nəzəriyyələrindən birinin - «Quantum Theory» banisi, üstəlik də «Electromagnetic Radiation» nəzəriyyəsinin inkişaf etdirənlərdəndir. O, həm də «Quantum Mechanics» nəzəriyyəsinin qurucularından biridir. Mənbələrdən birində qeyd olunur ki:
«Maks Plank ölümdən sonrakı həyata da inanırdı, O, bu həyatın fövqündə olan başqa bir həyata inanırdı. Elə bir əbədi həyat ki, biz onu özümüzə sığınacaq və qurtuluş edə bilərik.» (Plank, as Cited in HeilBorn, 1986, 197)
Həmçinin, o, Allaha da inanırdı və bu barədə çox dəyərli sözləri də mövcuddur. Belə şəxslər barədə misalları çoxaltmaq olar. Lakin mövzunu bir qədər müxtəsər etmək niyyətindəyik.
Ruh araşdırmaları barədə konkret bir misal çəkık. 1907-ci il, 11 mart tarixində Amerikanın «Times» qəzeti və eyni ilin aprel ayında «American Medicine» qəzeti xəbər yayırlar ki, amerikalı cərrah həkim Duncan MacDougall bir qrup fizika mütəxəssisləriylə bərabər bir araşdırma edir. Həyatda son dəqiqələrini yaşayan (can verən) bir neçə kişi və qadın (6 nəfər) üzərində apardıqları araşdırma zamanı hər dəfə vəfat edən şəxsin ölmədən öncə olan çəkisi ilə öldükdən dərhal sonra olan çəkisi müqayisə edilir və hər dəfə orta hesabla 21 qram fərq ortaya çıxır. 21 qramı orta rəqəm kimi verdikləri üçün biz də elə qeyd etdik. Uğurlu alınan hər təcrübədə cəsəddə neçə qram fərq əmələ gəldiyi hər dəfə qeyd olunur. Sonra eyni təcrübəni 15 köpək üzərində edir və çəkidə bu cür qram fərqləri ortaya çıxmır. Lakin köpəklərdə də bunun olduğunu, sadəcə çəkidə insandakından daha az gəldiyi üçün görünmədiyini qeyd edir. Hər bir halda həmin araşdırmaçılar insanın ruhunun olduğunu qəbul etməli olurlar. (Bax: //antishobhat.blogspot.com/2013/02/21.html?m=1)...
Daha bir araşdırma isə, 1998-ci ildə Donald Carpenter adlı alim özünün «Ruhun fiziki çəkisi» adlı kitabında ruhun müəyyən bir həcminin olduğunu, hətta, köpəklərdə bu çəkinin daha az olduğunu (1,8 qram), ümumiyyətlə insan ruhunun çəkisinin bədən həcminə görə dəyişdiyini qeyd edir (Mənbə; bax: //youtu.be/FKJT0Fx9jAY)...
Nəticə nə olursa olsun, bu barədə yenə insanın elmi, biliyi məhduddur, nəticədə ruhun var olduğunu elmi baxımdan da qəbul edirik, Uca Allah da Quranda bizə bu barədə az elm verildiyini bildirmişdir:
«Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir“» (əl-İsra, 85)
(Davamı var)
Tovhid.az