Tanınmış teleaparıcı Zamirə Dadaşovanın Space kanalında aparıcısı olduğu “Açıq söhbət” verilişinin yayımdan qaldırılması cəmiyyətdəki ziyalılar arasında narazılığa səbəb olub.
Moderator.az-a açıqlama verən ziyalılarımız verilişdən ürək dolusu danışaraq, bu cür layihələrin insanların tərbiyələnməsində və dünyagörüşlərinin artırılmasında böyük rolu olduğunu bildirib.
Xalq artisti Xuraman Qasımova:
“Öncə mən Vado Korovini Space kanalına sədr təyin olunması münasibəti ilə təbrik edirəm. Bu çox böyük məsuliyyətli bir işdir. Əlbəttə ki, hər bir kanalda maraqlı və maraqsız verilişlərə rast gəlirik. Məhz Space kanalında yayımlanan maraqlı verilişlərdən biri “Açıq söhbət” idi. Biz bu verilişdə çox sadə ziyalılarımızla, tanınmış insanlarla görüşləri, açıq söhbətləri eşitdik. Bu veriliş vasitəsilə dəyərli ziyalılarımız haqda bilmədiyimiz hər şeyi öyrənirdik. Mən düşünürəm ki, Vado Korovin yavaş-yavaş belə verilişlərlə tanış olub, mütləq onların arasından ən baxlmlı, maraqlı olan “Açıq söhbət” verilişini təkrar bərpa edəcək. Çünki bu çox maraqlı veriliş idi. Mən bu verilişin aparısıcı ilə söhbət edəndə həm özündən, həm də suallarından çox razı qalmışdım. Veriliş haqda rəyləri də oxudum, tamaşaçılar tərəfindən də çox bəyənilmişdi. Düşünürəm ki, Vado Korovin öz seçimini edəcək və Space kanalında daha da maraqlı verilişlər öz yerini alacaq” deyə sənətkar bildirib.
Yazıçı-şair Seyran Səxavət:
“Mən həmin verilişin bağlandığını elə sizin saytdan oxudum. Space kanalının siması həmin o “Açıq söhbət” verilişi idi. Orada yeganə savadlı, səviyyəli, ayıq, sərrast bir aparıcı var idisə, o da Zamirə xanım Dadaşova idi. Mən özüm də o verilişdə qonaq olmuşdum. Azərbaycanın çox tanınmış şəxsiyyətləri, ziyalıları o verilişdə olublar. Mən o verilişi kitaba bənzədirəm. Xalqımızda belə bir söz var- nəsə iş düz gətirməyəndə deyirlər ki, “Onun kitabı bağlanıb”. Gör kitab nə qədər müqəddəs bir şeydir. Space kanalında yeganə izlənilən veriliş bir dənə o idi. O da hardasa kanalı bir az sığortalayırdı. Yeni gələn sədr Vado Korovindir. Mənim ona “Planet Parni iz Baku”-dan hörmətim var idi. Tamaşa boyu zarıyırdı ki, “sizdə 100 manat olar?!”. Mən ona demək istəyirəm ki, “Vado, sənə nəinki 100 manat, 500 manat da verərəm, sən o verilişi bağlama”. Bu yarıciddi, yarızarafat sözümdür. Sən nə etmək istəyirsən? Onsuz da Azərbaycan televiziya məkanı, mən baxan tərəfdən “Paltarbiçdi”-yə, qadın toyuna oxşayır. Bir neçə səviyyəli verilişlərimiz var idi, onu da yavaş-yavaş bağlayırlar. Bu verilişləri bağlamaqla, xalqın üzünə açılan qapıları bağlayırlar. “Açıq söhbət” verilişində o qədər ziyalı insanların çıxışlarını izləmişəm ki. Bu çox möhtəşəm bir veriliş idi. Həmişə o saatı, o dəqiqəni gözləyirdim ki, “Açıq söhbət” də bu gün Zamirə xanım kimi bizimlə daha yaxından tanış edəcək? Mən Korovinə son dərəcə əsəbləşmişəm, qəzəblənmişəm. Ay Korovin, etmə belə, sonra ziyan çəkəcəksən! Bir az dərindən fikirləş! Sənin televiziya kanalın başdan-ayağa arvad toyuna bənzəyəcək! Mən orada çıxış edən və etməyən, o verilişi izləyən ziyalıların hamısını çağırıram ki, yığışıb lap gedək Korovinin idarəsinin qarşısında aksiya keçirək! Kimdir o Korovin?! O mənə hansı milli dəyər göstərə bilər? Özünü soyadına uyğun aparmasın! Əgər səviyyəsi, intelekti çatırsa, Zamirə xanımdan xahiş etsin, əlindən öpsün ki, səhv etmişəm, gəl verilişi apar. “O olmasın, bu olsun” filmində deyirlər ki, “Məşədi İbadın nəyi bəyin xoşuna gəlməyib?”. İndi onun sözü olmasın, bu verilişin nəyi Korovinin xoşuna gəlməyib? Bu Azərbaycan xalqının intelektinə, səviyyəsinə, şüuruna bir xəyanətdir” deyə Seyran Səxavət bildirib.
Əməkdar jurnalist İradə Tuncay:
“Telekanalın rəhbəri var və o belə qərara gəlib ki, bu veriliş lazım deyil. Onun əvəzinə mən heç nə deyə bilmərəm. “Açıq söhbət” verilişi şəxsən mənim üçün çox maraqlı idi. Bir çox adamları mən orada yaxından tanıdım. Aparıcı Zamirə Dadaşova da çəkilişə çox hazırlıqlı gəlirdi, görürdüm ki, hər şeydən məlumatlıdır. Həm qonaq haqqında məlumata sahib idi, həm də dünyada gedən prosesslər haqda. Televiziyaları az izləyirəm. Demək olar ki, heç izləmirəm. Hövsələm çatmır, yoruluram. İzləyəndə mənə oradan ancaq aqressiya gəlir. Ziyalılar haqda olan verilişlər pul gətirmir. Biz hər dəfə səviyyədən danışırıq, amma sənin tamaşaçın o səviyyəyə baxmaq istəyirmi? Tamaşaçı ancaq özünə maraqlı olan nələrəsə baxmağı sevir” deyə İradə Tuncay bildirib.
Xalq şairi Vahid Əziz:
“Space kanalında bir mərifətli veriliş var idi, onu da bağlayıblar. Çox nahaq yerə. O verilişdən sonra insanlar yolda məni görüb deyirdilər ki, “sizin kimi ziyalıya çox ehtiyacımız var, bir də o verilişə çıxıb bu sözləri deyin də”. Dediyimiz sözlər insanlara savad, ağıl öyrədirdi. Ona görə bağlayıblar? Xalqa tərbiyəli söz deyən adam lazım deyil?! Gərək çxııb əxlaqsız, pozğun sözlər danışsınlar? Hər şeyin qaydası var da. Kanalların rəhbərləri niyə milləti televiziyadan iyrəndirirlər? Mən bunu başa düşə bilmirəm. Əxlaqsız adam efirdə çıxıb, əxlaqdan dəm vurur. Vado çox yaxşı da iş görə bilərdi, amma çox heyf ki, bu verilişi bağlayıb. Şəxsən mən etiraz edirəm. Ziyalı sözünü sayan var ki? Bilmirəm o verilişdə Vadonun nə xoşuna gəlməyib? Böyük səhv edib. O verilişi bağlayan insanın özünü televiziyadan uzaqlaşdırmaq lazımdır. Azərbaycan televiziya məkanında nə qədər əxlaqdan, mədəniyyətdən, incəsənətdən, namusdan, şərəfdən danışan verilişlər var idisə, hamısını bağladılar. Bu xalq 44 gündə böyük zəfər çalıb. Bunları təbliğ etməliyik. Mən başa düşə bilmirəm, 5-ci kalon işləyir bu ölkədə? Bir dəfə cənab prezidentimiz yaxşı iş görüb mədəniyyət xadimlərini yanına yığıb, yaxşı bir söhbət etdi. Mənə elə gəlir ki, bir dəfə də ziyalıları yanına yığmalıdır, biz də öz sözümüzü deyək. O iclasa telekanalların rəhbərlərini də dəvət etmək lazımdır. Cənab prezident soruşsun görək bunlar bu millətdən nə istəyirlər? Məhkəməlik işi çıxarıb telekanalda müzakirə edirlər. Məhkəmə artıq qorxur bu işə düzgün baxmağa. Bu dövlətə aid olan işlərdir. Ya özəl kanalları dövlət maliyyələşdirməlidir ki, onun-bunun cibinə girməsinlər, ya da özəl kanalların hamısı bağlanmalıdır. Senzura olmayan yerdə senzurasızlıq baş alıb gedir. Bu məmləkətdə senzuranı ləğv etmək çox tez idi. Dövlət başçısı bir şey deyir, bunlar başqa şey danışır. Seyran Səxavətə çox böyük hörmətim var, amma Vadonun ayağına getmək lazım deyil. 10 dəqiqə də mən qəbul otağında gözləyəcəm ki, Vado Korovin məni qəbul edəcək? Mən gedib onun qapısında durmalıyam?! Seyran Səxavət Anara təklif etsin, onu Yazıçılar Birliyinə çağırıb, sözü orada demək lazımdır. Mən də Ağsaqallar Şurasında Nəriman Həsənzadəyə deyə bilərəm. Ayağına getmək yox, onun kimiləri ayağa gətizdirmək lazımdır. Biz indiyə qədər ayağa getdiyimizə görə bizi ayağlayırlar” deyə xalq şairi deyib.