“Zəlzələlər bizə Qiyamətin mümkünlüyü barədə xəbər verir...”
3318
11 Apr 2023 | 05:05

“Zəlzələlər bizə Qiyamətin mümkünlüyü barədə xəbər verir...”

“Müasir elm sübut etmişdir ki, kainatdakı səs dalğaları itmir... Eləcə də, mümkündür ki, insanların əməlləri itməsin və Allahın əmrinə əsasən mələklər tərəfindən qeyd olunsun...”
 
Axirətə niyə inanmalıyıq?..
 
 
Mövzumuz bu məsələlərdən ibarət olacaqdır:
 
1) Axirətin mümkünlüyü və zəruriliyi.
 
2) Axirətə olan ehtiyacımız.
 
3) Axirətə imana digər əqli dəlillər.
 
4) Axirətə iman Quranda.
 
5) Axirətə iman hədislərdə.
 
 
BİRİNCİSİ: AXİRƏTİN MÜMKÜNLÜYÜ VƏ ZƏRURİLİYİ:
 
Bu mümkünlüyü bir neçə nahiyədən isbat etmək olar.
 
Ölüm gerçəyi: 
 
İnsan ölüm qarşısında acizdir. Ölüm bizlərə başqa bir həyatın, növbətli mərhələyə keçidin böyük bir işarəsidir. Ölüm insanın əməlinin kəsilməsi, ləzzətlərinin bitməsi və beləcə Axirət yurduna yollanmasıdır. Allah Quranda buyurur: 
 
«Harada olursunuzsa olun, mütləq öləcəksiniz. Hətta, yüksək qalalarda olsanız belə… » (ən-Nisa, 78) Başqa bir ayədə uca Allah buyurur: «Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir» (Ali İmran, 185)
 
Bu gün əgər sən həyatdasansa, ölümü qəbul etməyə və ölümə hazırlaşmaya bilərsən. Amma başqalarının ölməsi sənin qarşında inkaredilməz bir həqiqət və dəlildir ki, sən də bir gün öləcəksən. Bəs nəyə görə insan bunu bildiyi halda özü-özünü aldatmalıdır? İnsanlar ölümə çarə edə bilmədikləri kimi, qocalığa da çarə edə bilmirlər. Çünki qocalıq ölümün yaxınlaşdığına işarə edir. İnsan bir az daha çox cavan görünməyə yol tapsa da, axırda yenə qocalıq dərdi yaxasından yapışır. Sonra isə, ardınca ölür ki, ağıl sahibləri bu barədə düşünməlidirlər...
 
2.  Zəlzələlər: 
 
Zəlzələlər bizə qiyamətin mümkünlüyü barədə xəbər verən gerçəkliklərdən biridir. Zəlzələni yerin “kiçik Qiyaməti” də adlandırırlar. Müasir elmin və texnologiyanın bu qədər inkişaf etməsinə baxmayaraq, «zəlzələ» kəlməsi hələ də müasir insanın həyatındakı qorxulu bir kəlmə olaraq qalmaqdadır. Zəlzələ qısa saniyələr ərzində böyük bir şəhəri xarabalığa çevirə bilir. Məhz bu zəlzələlər bizə Qiyamətin mümkünlüyü barədə xəbər verir. Allah Qiyamət saatını yerin lərzəyə gəlməsi ilə vəsf etmişdir. 
 
«Yer titrəyib lərzəyə gələcəyi zaman; Yer öz yükünü bayıra atacağı və insan: “Ona nə olub?”– deyəcəyi zaman –» (Zəlzələ surəsi, 1-3)
Başqa ayədə buyurur: «O gün yer və dağlar titrəyəcək, dağlar səpələnən qum təpəsinə dönəcəkdir» (əl-Muzzəmmil, 14)...
 
Bu misala kimsə deyə bilər ki, “biz onsuz da dünyanın dağıla biləcəyi ehtimalını qəbul edirik, biz insanın yenidən dirilməsini və ya yaranmasını qəbul etmirik...”
 
Belə deyənlərə cavab odur ki:
 
Birincisi: Bu, bütün iman əhlinin təsdiqlədiyi, haqqında düşündüyü və hazırlaşdığı gerçəklikdir. Axirət inkarçılarının isə müxtəlif fikirlərdə olduğu məsələdir. Yəni, dindarlardan heç biri dünyanın dağılacağına şəkk etmir.
 
İkincisi: Bunu qəbul edən şəxsə biz bu yazıda ölümdən sonrakı həyatın zəruriliyi və mümkünlüyü barədə müxtəlif dəlilləri təqdim edirik. Buyurub axıra kimi oxusunlar.
 
Üçüncüsü: Gəlin ədalət naminə belə bir fərz edək; həm axirətə inananların, həm də inanmayanların dediklərinin ayrı-ayrılıqda gerçəkləşdiyini fərz edək: (qeyd: baxmayaraq ki, biz ateistlərin fərziyəsini qəbul etmirik)
 
Birinci halda: Tutaq ki, bu fərziyyəyə əsasən ateistlərin dediyi düz çıxdı. Onda mömin kimsə heç nə itirmir, nə də cəhənnəm əzabı çəkmir buna görə. Yəni, nə ateist, nə də dindar heç nə itirmir. Nəzərə alsaq ki, ateistin dediyi müvəqqəti dünya, dindarın dediyi isə əbədi bir aləmlə bağlıdır.
 
İkinci halda: Tutaq ki, ikinci fərziyyəyə əsasən möminin dediyi axirət həyatı doğru çıxdı. Onda vay olacaq ateistin halına. Mömin cənnətə, o isə, cəhənnəmə gedəcək.
 
Nəticədə hər iki fərziyənin yekun nəticəsi möminin xeyrinə olacaq. Çünki, birinci fərziyyədə mömin heç nə itirmir, ateist də heç nə itirmir. İkinci fərziyədə isə mömin qazanır, ateist isə, itirən tərəf olur. Xülasə, iki fərziyənin nəticəsi möminin xeyrinə tamamlanır. Bu, bizim düşünməyimizə yardımçı ola biləcək əqli bir məsəldir...
 
3. Xarici fəzanın halı: 
 
Xarici fəzanın halı da bizə axirətin mümkünlüyündən xəbər verir. Xarici fəzada, yerdən kənardan milyonlarla ulduz və planetlər bir maneəsiz, toqquşmadan hərəkət edir. Lakin bu toqquşma mümkündür. Elm adamları da bu mümkünlüyü təsdiqləyirlər. Eyni zamanda, bu aləmin dəqiq nizamının, hərəkətdə olan göy cisimlərinin bir-biriylə toqquşmamasını və sanki bir yüksək zəka tərəfindən idarə olunduğunu iddia edirlər. Çünki təsadüfən yaranan bir aləmin bu qədər dəqiqlik və ahəngdarlıq içində olması təsəvvüredilməzdir. Halbuki, Allah göydə olan bu nəhəng planetlərin bir biriylə toqquşmasının və məhv olmasının qarşısını almışdır. Allah Quranda belə buyurur:
 
«Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz…» (Fatir, 41)
 
Axirətə inanaraq biz yəqin oluruq ki, bir gün bu nizamda olan dünya dağılacaq, məhv olacaqdır. Bu çəkdiyimiz kiçik misallar bu aləmin daha böyük sonluğa düçar olacağını göstərir. Biz bugün axirətin mümkünlüyündən danışsaq da, sabah bunu həqiqi bir şəkildə görə bilərik...
 
4. Ölümdən sonrakı həyat: 
 
Artıq müasir elm təsdiqləmişdir ki, insan bədənindəki bütün hüceyrələr on ildən bir tamamilə yenilənir. Bu da insanların orqanizmindəki mərhələ dəyişikliyinin göstəricisidir. Biz bu prosesə görə heç “insan fani oldu” demirik. İnsanın köhnə hüceyrələri ölsə də, insanın daxilindəki şəxsiyyəti ölmür, onun elmi, fikirləri, adətləri, xatirələri, arzuları hamısı olduğu kimi qalır. Bu hüceyrələrin ölməsi və ya başqa təbirlə desək: əgər insanın cisminin ölməsiylə insan fani olursa, gərək onda insanın hüceyrələri də öldükdə tam bir dəyişiklik yaransın. Lakin biz çox yaxşı bilirik ki, hüceyrələr öldükdə bu, baş vermir. Bu da, onu göstərir ki, «insan» və ya «insan həyatı» cismdən fərqli bir şeydir. Çünki cismdə dəyişikliklər olsa da, o, qalır və dəyişilmir...
 
İnsan həyatı beş mərhələ keçdiyi kimi, (ruhlar aləmi, ana bətni, dünya həyatı, qəbir həyatı və yenidən diriliş) eləcə də, insan ölməsiylə növbəti mərhələ olan ölümdən sonrakı həyata qədəm qoyur və insanın bədəni ölsə də, ruhu ölmür...
 
Ruhu inkar edənlərə isə, deyirik ki, insan bədənində olan maddələr torpaqda və təbiətdə də var. Amma niyə insan kimi ruhu olan bir məxluq bu günə kimi ortaya çıxarmaq mümkün olmamışdır?..
 
Cavab: 
 
Çünki ruhu və canı olan canlı məxluq yaratmaq insan peşəsi deyil. İnsan texniki vasitələr düzəldə bilir ki, bu da Allahın lütfü ilədir. İnsanların işləri bu texnikalarla rahatlaşır. Lakin insan bir milçəyi belə yarada bilmir...
 
Müasir elm sübut etmişdir ki, kainatdakı səs dalğaları itmir. (daha ətraflı bax: «əl-İsləm yətəhəddə» kitabı, səh, 108) Eləcə də, mümkündür ki, insanların əməlləri itməsin və Allahın əmrinə əsasən mələklər tərəfindən qeyd olunsun. Necə ki, Axirət inancına əsasən insanın danışdığı bütün sözlər yazan, gözətçi mələklər tərəfindən qeydə alınır: «Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın» (Qaf, 18)...
 
Bunun mümkünlüyünü müasir elm inkar etmir. Radio dalğaları bəzən radionu açdığımız zaman bir-birinə qarışır, biz bunu aydın şəkildə eşidə bilirik. Səs dalğalarının necə uzaq məsafələri qət etdiyinin əyani sübutunu biz hər gün müşahidə edə bilirik. Biz dilimizi tərpətdikdə danışır, eyni zamanda da havada səs dalğasını hərəkətə gətiririk. Eynilə də sakit bir suya kiçik daş atsan o hərəkətin nəticəsi olaraq səs dalğası eşidəcəksən. Bunun kimi əgər biz elektron zəngi bir şüşə içinə qoyub ətrafını möhkəm bağlasaq, zəngi işə saldıqda səs eşitməyəcəyik. Bağmayaraq ki, onun çalışdığını gözümüzlə görmüş olacağıq. Çünki bu zaman səs dalğasının qarşısı kəsilmiş olur.
 
Artıq biz səsləri müxtəlif cür qeydə alıb birdəfəlik tarixin yaddaşına həkk edə bilirik. Bu da düşünən insanlar üçün aydın bir elmi və praktiki dəlildir ki, Allahın mələkləri də biz onları görmədən bizim söz və əməllərimizi yazıb qeyd edə bilərlər. Sonra isə biz yenidən dirilib bu söz və əməllərə görə cavab verəcəyik...
 
Həmçinin, müsəlman olmayan alimlərdən məşhur almaniyalı psixoloq Şlomo Ziqmund Freyd insanın fikirlərinin və xəyallarının itmədiyi, sanki dünən baş vermiş bir hisslər kimi alt şüurda qaldığını, bizim adi saydığımız düşüncələrin bəzən yuxuda, bəzən sayıqlama zamanı öz əksini tapdığını vurğulamışdır. (Daha ətraflı bax: New introductory Lectures on Psycho-Analysis, London, 1949. p. 99)
 
Eləcə də ta qədim zamanlardan insanlar axirət barəsində düşünmüş və bu aləmi arzulamışlar. İnsan fitrətindən olan, insanın nəfsi, havasıyla əlaqədar olmayan elə bir fikir bilirsinizmi ki, insanlar əsrlərlə bu fikir barəsində bu qədər düşünsünlər?! Həmçinin, yer üzündə sabahkı gün barədə insandan başqa düşünən canlı yoxdur. Sizcə, bütün bunlar bizə mühüm bir axirət mesajı vermirmi? Əgər insanın arzuları, xəyalları, illərlə qurduğu həyatı, oğul uşağıyla əlaqəsi ölümün gəlməsiylə birdəfəlik kəsilirsə və heç bir rabitə və ya ümid yeri qalmırsa, insan torpaq olub gedirsə, onda bu qısa həyatın bir mənası olmazdı.
 
Bir qədər də məsələnin psixoloji tərəfinə toxunaq…
 
(Davamı var)
 
Tovhid. az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Top xəbərlər
Link kopyalandı!
Son xəbərlər