"Dövlət rəhbərlərindən fərqli olaraq, Avropa xalqları atəşin dayandırılması və danışıqlara meyllidir..."
"Avropa İttifaqının sülhməramlı qüvvələrinin Ukraynaya göndərilməsi çox təhlükəli təşəbbüsdür və Rusiyanın reaksiyası sərt olacaq..."
Ukraynada qanlı müharibədən ötən bir il ərzində hər iki tərəfdən dəhşətli itkilərə rəğmən, sülh uğrunda çıxış edən ölkə liderlərinin sayı çoxalmayıb.
Moderator.az xəbər verir ki, bu barədə "dost olmayan" Macarıstanın baş naziri Viktor Orban "Koşut" milli radiostansiyasına müsahibəsində bəyan edib.
Baş nazirin sözlərinə görə, Qərb liderləri Ukraynaya getdikcə daha çox silah və texnika tədarük edir, artıq hərbi təyyarələrin tədarükündən danışılır, lakin dövlət rəhbərlərindən fərqli olaraq, Avropa xalqları atəşin dayandırılması və danışıqlara meyllənir.
"Biz ona yaxınlaşmışıq ki, Avropa liderlərinin söhbətlərində Avropa İttifaqı üzvü olan ölkələrin hansısa sülhməramlı qoşunlarının göndərilib-göndərilməməsi məsələsi legitim və məqbul olacaq. Biz əvvəllər keçilməz olan sərhəddə yaxınıq", - o, bəyan edib.
Orban qeyd edib ki, dünya savaşı təhlükəsi "ədəbi təxəyyül deyil" və Macarıstan parlamentinə Ukraynada döyüş əməliyyatlarının dayandırılması tələbilə qətnamə qəbul edilməsinə çağırış edib.
Rusiya prezidentinin çoxdankı müttəfiqi Orban Lukaşenkonun ardınca atəşin dərhal dayandırılması və Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının şərtlərinin müzakirəsinə tərəfdar çıxıb.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlanandan Rusiya Ukrayna ərazisinin təxminən 20 faizini zəbt edərək işğal altında saxlayır. Buraya Luqansk vilayətinin, demək olar ki, bütün ərazisi, Donetsk, Xerson və Zaporojye vilayətlərinin bir hissəsi daxildir.
Əgər Rusiya zəbt etdiyi əraziləri əlində saxlaya bilsə, o zaman Rusiya hakimiyyəti bu müharibədə qalib gəldiyini elan edə və Minsk razılaşmalarına analoji sazişə nail olmağa cəhd edə bilər, yəni müharibənin aktiv fazasından növbəti tammiqyaslı hərbi müdaxiləyə təhlükəsi olan
dondurulmuş vəziyyətə keçirə bilər.
Bu planı gerçəkləşdirmək üçün və Ukrayna Silahlı Qüvvələrinin gözlənilən hücumu yaxınlaşdıqca Putinin "dostlarından" getdikcə atəşkəsin zəruriliyi və "son ukraynalıyadək" hərbi əməliyyatların yolverilməzliyi barədə təkidli çağırışlar səsləndirilir.
Bu arada isə Kreml Avropa sülhməramlılarının Ukraynaya gəlişindən qorxuya düşüb.
Orbanın Avropa İttifaqı ölkələrinin, guya, Ukraynaya sülhməramlı qüvvələrinin göndərilməsi məsələsinin müzakirəsinə yaxın olması barədə sözlərini şərh edən Kremlin mətbuat katibi Dmitri Peskov əsəbi halda bunun "potensial olaraq çox təhlükəli" təşəbbüs adlandırıb.
O, xatırladıb ki, belə qüvvələr, bir qayda olaraq, dünya praktikasında hər iki tərəfin razılığı ilə tətbiq edilir. Rusiya bu zaman belə razılıq verməyəcək, o, qeyd edib.
Bu zaman Peskov anladıb ki, Rusiya belə ideyalara sərt şəkildə reaksiya verəcək, lakin Kremlin bu dəfə dünya birliyini nə ilə şantaj etməyə cəhd göstərəcəyini dəqiqləşdirməyib.