Azərbaycanın 1-ci Prezidenti Fəxri Xiyabandakı məzarı başında yad edildi...-FOTOLAR
6552
27 Mar 2023 | 19:42

Azərbaycanın 1-ci Prezidenti Fəxri Xiyabandakı məzarı başında yad edildi...-FOTOLAR

Bu gün - martın 27-də Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibovun dünyasını dəyişməsindən 1 il ötür. Bununla bağlı mərhum dövlət başçısı birinci Fəxri  Xiyabandakı məzarında yad edilib. Mərasimdə eks-prezidintin doğmaları, dostları və s. iştirak edib. Mərhumun ruhuna dualar oxunub.

Moderator.az xəbər verir ki, bu dəqiqələrdə Təzəpir məscidində Ayaz Mütəllibovun il mərasimi ilə bağlı iftar ziyafəti verilir.

Xatırladaq ki, Azərbaycan Respublikasının birinci Prezidenti Ayaz Mütəllibov 2022-ci il martın 27-də 83 yaşında dünyasını dəyişib.

Zəruri xatırlatma:

 

Azərbaycan siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının 1-ci prezidenti, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu, 14-cü birinci katibi olmuşAyaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Əslən Şamaxının Sarıtorpaq məhəlləsindəndir. 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu maşınqayırma ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu bürosunun böyük texnik-konstruktoru kimi başlamışdır. 1959–1974-cü illərdə Bakı məişət elektrik cihazlar zavodunda işləmişdir. Burada o, quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor, baş mühəndis, zavodun direktoru olmuşdur. 1974–1977-ci illərdə "Bakelektroməişətmaş" istehsalat birliyinin baş direktoru olmuşdur.

Siyasi fəaliyyəti

Ayaz Mütəllibov 1963-cü ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv qəbul edilmişdir. 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilmiş, 1979-cu ildə respublikanın yerli sənaye naziri təyin olunmuşdur. 1982-ci ilin oktyabrında Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri, 1985-ci ildən isə Azərbaycan SSR Ali Soveti sədrinin müavini vəzifələrini tutmuşdur.

Ayaz Mütəllibov 1981–1986-cı illərdə Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü, 1986-cı ildən Mərkəzi Komitənin üzvü olmuşdur. 1989-cu ilin yanvarından Azərbaycan SSR Nazirlər Sovetinin sədri olmuş, 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra, 1990-cı il may ayının 18-də Azərbaycan SSR Ali Soveti tərəfindən yeni təsis olunmuş Azərbaycan SSR Prezidenti vəzifəsinə seçilmişdir.

1990-cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olmuşdur. 1991-ci ilin avqustunda Moskvada SSRİ prezidenti Mixail Qorbaçova qarşı baş verən Avqust qiyamını dəstəkləyən az sayda respublika rəhbərlərindən biri də Ayaz Mütəllibov idi. Lakin 2016-cı ildə verdiyi müsahibədə Mütəllibov bunu inkar edərək çevrilişi dəstəkləmədiyini deyib.

1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident seçilməsinə baxmayaraq müxalif AXC hərəkatının təzyiqi nəticəsində Ayaz Mütəllibov Ali Soveti buraxmışdır. Onun yerinə Milli Məclisi təşkil edilmiş, oradakı 50 nəfərlik deputat yerlərinin yarısı müxalifətə verilmişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər rus ordusunun köməkliyi ilə dəhşətli qətliam törədirlər, azərbaycanlıları soyqırıma məruz qoyurlar. Bu faciədən sonra Milli Məclisdə xalqın dəstəyini qazanan o vaxtkı müxalifət növbədənkənar sessiyanın çağırılmasına nail olur və Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur etmiş, nəticədə 1992-ci il martın 6-da istefa vermişdir.

Həmin ilin mayında faciənin səbəblərini araşdıran komissiya Ayaz Mütəllibovun günahını təsdiq edən faktlar aşkar etmədiyindən Ali Sovet öz qərarını ləğv edir və onu mayın 14-də vəzifəsinə qaytarır. Buna baxmayaraq, müxalif cəbhədə duran "Xalq Cəbhəsi"nin təzyiqi altında Ayaz Mütəllibov yeniden istefası barədə sənədi imzalamalı olur və ölkəni tərk edir. O vaxtdan etibarən o, 1992-ci ildən 2012-ci ilə qədər Moskvada yaşayıb. 2012-ci ildə yenidən Azərbaycan qayıdıb.

Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri olub.

Azərbaycan Sosial Demokrat Partiyasının 2012-ci il iyunun 30-da Bakıda keçirilən qurultayına təbrik məktubu göndərən Ayaz Mütəllibov partiyanın həmsədri vəzifəsindən və siyasətdən getdiyini bəyan etmişdir.

Allah rəhmət eləsin!

Sultan Laçın

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər