Ekskluziv
3154
25 Mar 2023 | 14:06

"Bu gün baş verənlər təmiz talançılıq, oğurluq və quldurluqdur..."

"İlk növbədə strateji əhəmiyyət və ya kommersiya marağı kəsb edən obyektlər "yağlı tikə" kimi ələ keçirilir..."
 
"Rəhbərlik seçim qarşısında qoyulur: ya Rusiyanın yurisdiksiyası altına keçmək, ya da müəssisəni tərk etmək..."
 
Rusiya işğal etdiyi Ukrayna ərazilərində mindən artıq müəssisəni mənimsəyib
 
Rusiya tərəfindən işğal edilmiş Ukrayna ərazilərində mindən çox müəssisə öz sahibini dəyişib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Novaya qazeta Yevropa" məlumat verib.
 
Jurnalistlər Melitopol, Berdyansk, Mariupol, Lisiçansk və Severodonetskdə 1150 təşkilatda yoxlama aparıb. Onların 80 faizi əvvəllər Ukraynanın hüquqi şəxslər reyestrində olub, indi isə Rusiyanın yurusdiksiyasındadır.
 
"Novaya qazeta Yevropa" 262 belə müəssisələrdə sahibkarlar barəsində məlumat əldə edib. 150 nəfərin Rusiya, yalnız 14 nəfərin Ukrayna vətəndaşlığı var. Bu vətəndaşların böyük hissəsi Moskva, Rostov vilayəti və Krımdan gəlib.
 
Müəssisələrin rusiyalı biznesmenlərinin mülkiyyətinə keçirilməsi metodları ilə Zaporojye vilayətində Tokmak qranit karyerinin timsalında tanış olmaq olar.
 
"İyun ayında silahlı şəxslər hərbi administrasiyasının nümayəndələri ilə birlikdə müəssisənin ərazisinə daxil olaraq videomüşahidə kameralarını söndürüb və rəhbərliyi seçim qarşısında qoyub: ya Rusiyanın yurisdiksiyası altına keçmək, ya da zavodu tərk etmək", - qəzet yazıb.
 
Administrasiya bu təklifdən imtina edib və karyer dövlət idarəçiliyinə keçirilib. Lakin noyabr ayında onun yeni sahibi-Krımın "Respublikaların iqtisadi qarşılıqlı əlaqəsi Mərkəzi" peyda olub.
 
Hər şeydən göründüyü kimi, bu, yeganə hal deyil. Məsələn, Melitopoldan yüzlərlə biznesmen Ukrayna polisi və Ukrayna Təhlükəsizlik Şurasına əmlaklarının qəsb olunması ilə bağlı şikayətlə müraciət edib. 
 
Şəhər meri İvan Fyodorov jurnalistlərə bunları deyib: "İşğalçılar bütün ofislərdə üç gün ərzində biznes sənədlərini təqdim etmək barədə tələblər irəli sürüb, əks halda əmlakı sahibsiz hesab edəcəklərini bəyan edib.
 
Mülkiyyət hüququnu sübut etmək üçün sənədlər təqdim edilməlidir, lakin bu da əmlakın əlindən alınmamasına zəmanət vermir. İstəsələr alarlar, istəsələr almazlar".
 
Qəzet məlumat verir ki, il ərzində Zaporojye vilayətində yeni hakimiyyət 4 minədək belə "sahibsiz obyekt" aşkar edib. Bir qayda olaraq, sahibkarlar əmlakını atıb müharibədən qaçıblar.
 
"Transparency İnternational-Russia" hüquq-müdafiə təşkilatının rəhbəri İlya Şumanov müəssisələrin belə statusunu sual altına qoyur:
 
"Sahibsiz əmlak sahibi olmayan əmlak deməkdir. Ukraynada daşınmaz əmlakın vahid dövlət reyestri və daşınmaz əmlak hüququnun reyestri mövcuddur, burada bu və ya digər əmlakın kimə məxsus olması tamamilə aydın olur.
 
Ona görə də sahiblərini tamamilə rahat şəkildə müəyyən etmək olar. İşğalçı administrasiya hakimiyyətinin bundan yararlanmaması o qədər də aydın deyil".
 
Belə vəziyyət bütün işğal edilən ərazilərdə müşahidə edilir. "Strateji əhəmiyyət  ya kommersiya marağı kəsb edən obyektləri ilk növbədə "yağlı tikə" kimı ələ keçirmək istəyirlər. Həm də Rusiya daimi olaraq müavinətlər verə bilməz", - Şumanov hesab edir.
 
Lakin müəssisələrin bu cür üsulla, sahibinin iradəsinə zidd olaraq ələ keçirilməsi müəssisələrlə baş verə biləcək ən pis haldır.
 
"Hər şey işğal edilib, oğurlanıb, işləmir. Zaporojye vilayətində firmanın Melitopol və Qulyaypoledə iki filialı olub. Birincidən işğalçılar texnikanı oğurlayıb, ikincidən hətta mağazanın otağı belə salamat qalmayıb. Yalnız darvazası olmayan karkası qalıb. Hər şey yanıb", - zərərçəkən şirkətlərdən birinin- "Aqroalyans" şirkətinin meneceri jurnalistlərlə bölüşüb.
 
"Bunlar xilaskar deyil, talançılardır. Bu günlərdə "Texmotor" kənd təsərrüfatı texnikasının meydançası talan ediıib, "Agro-invest"-in isə 1, 5 milyon avroluq texnikası oğurlanıb", - bunu Melitopol meri İvan Fyodorov deyib və daha bir özbaşınalıq nümunəsi gətirib.
 
Onun sözlərinə görə, bütün oğurlanan kənd təsərrüfatı texnikasında GPS-sensorlar olub. Bu texnika Krıma və Çeçenstana aparılıb.
 
Ukrayna tərəfi bütün baş verənləri diqqətlə qeydə alır. Bu barədə İvan Fyodorov deyib: "İşğal edilmiş əraziləri tərk edənlərin hamısı kompensasiyaya bel bağlayır və cinayət işləri çərçivəsində əmlakın oğurlanmasını qeydə alır. 
 
Bu yaxınlarda Ali Rada yaşayış daşınmaz əmlakın kompensasiyası  üzrə qanunu təsdiq edib, lakin kommersiya daşınmaz əmlaka vurulan ziyanın kompensasiya mexanizmi hələlik yoxdur. 
 
Biz müvəqqəti işğal edilən ərazilərə nəzarət edə bilmirik. Ona görə də orada olanlar düşmən tərəfindən oğurlanıb. Rusiya reparasiyalar ödəyəndə mütləq biznesə vurduğu ziyanı da tam ödəməli olacaq, çünki bu gün baş verənlər təmiz talançılıq, oğurluq və quldurluqdur".
 
Melitlpol merinin sözlərinə görə, bəzi ukraynalı biznesmenlər kompensasiyanı gözləmədən Avropanın insan haqları üzrə məhkəməsində və  beynəlxalq arbitrajlarda Rusiyaya qarşı iddia qaldırıb.
Link kopyalandı!
Son xəbərlər