"Tehranda onu da yaxşı başa düşürlər ki, Azərbaycan tək deyil. Onların gücü çatarmı, məsələn, Türkiyəyə hədə-qorxu gəlməyə?.."
“Teokratik rejim daxildəki mənfi prosesləri ört-basdır etmək üçün xarici siyasətin müxtəlif istiqamətlərində guya fəallıq və radikallıq etdirməyə çalışmaqla daxili auditoriyaya münasibətdə oyunlar qurmağa, manipulyasiya aparmağa cəhd göstərir...”
“Birincisi, biz anlamalıyıq ki, İran Azərbaycandan başqa digər bir çox ünvanlara da təhdidlər edir. Amma hamı başa düşür ki, bu qədər düşməni ola-ola həmin ölkənin hərbi əməliyyatlar aparmağa imkanı və gücü çatmaz. Rəsmi Tehran on illərdir ki, ABŞ, İsrail və bir sıra ərəb ölkələri ilə düşmənçilik siyasəti aparır”.
Bu fikirləri Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarov Moderator.az-a açıqlamasında son günlər İran İslam Respublikası tərəfindən Azərbaycana qarşı hərbi-siyasi ritorika və təhdid davranışlarını dəyərləndirərkən ifadə edib.
Diplomat hesab edir ki, İranla Səudiyyə Ərəbistanı arasındakı düşmənçiliyin tam aradan qaldırılacağı da şübhəlidir:
“Hazırda guya İran və Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlərin bərpasından danışsalar da, xarici işlər nazirləri bir-birlərini Ramazan münasibəti ilə təbrik etsələr də, əslində bu, o demək deyil ki, qarşıdurma aradan götürülüb...
Bir sözlə, belə bir geo-siyasi durumda İran rəhbərliyində onu da yaxşı başa düşürlər ki, Azərbaycan tək deyil. Onların gücü çatarmı, məsələn, Türkiyəyə hədə-qorxu gəlməyə?.. Təbii ki, yox... Hələ Pakistanı və digər müttəfiqlərimizi demirik. İranın Əfqanıstanla da sərhəddə mütəmadi toqquşmaları olur... Digər tərəfdən, Rusiya da istəməz ki, İranın Cənubi Qafqazda, mövqeləri və nüfuzu yüksəlsin. Yəni rəsmi Tehranın hədə-qorxu ritorikasının nəticəsi olaraq bir çox qüvvələr real şəkildə bu ölkəyə qarşı çıxarlar. Bu, bəllidir...”
“Həm də İranın öz daxilində problemləri çoxdur, son aylar ölkədə çox mürəkkəb daxili siyasi proseslər gedir. Və biz görürük ki, kütləvi etiraz nümayişləri də davam edir, bəzi sui-qəsd cəhdləri də olur. O da var ki, İranın rəhbər siyasi elitası da monolit deyil. Orada müxtəlif radikal qruplar da, konservativ qruplar da mövcuddur və onların arasında ziddiyyətlər çoxdur. Aylarla davam edən gərginlik də məhz bunun əksi və göstəricisidir... Bu baxımdan, hesab edirəm ki teokratik rejim daxildəki mənfi prosesləri ört-basdır etmək üçün xarici siyasətin müxtəlif istiqamətlərində guya fəallıq və radikallıq etdirməyə çalışmaqla daxili auditoriyaya münasibətdə oyunlar qurmağa, manipulyasiya aparmağa cəhd göstərir. İranın Azərbaycana qarşı hərbi-siyasi ritorikası da məhz ölkə daxilindəki mürəkkəb siyasi durum və bu çoxbaşlı daxili siyasətin nəticəsidir”- deyə keçmiş xarici işlər naziri yekunlaşdırıb.
Sultan Laçın