Bölgədə vəziyyət nə durğun kimi görsənir, nə də xüsusi bir hərəkətlilik hiss olunur. Ara-sıra atəşkəsin pozulması adi hal kimi qəbul edilir. Amma, hiss olunur ki, hansısa ciddi hadisələrin ərəfəsindəyik. Adətən, belə durumlara tufanqabağı sakitlik deyirlər. Son günlər perspektiv gərginliyə səbəb ola biləcək proseslər daha çox bölgədə təsir imkanları uğrunda mübarizə aparan İran, Rusiya və Qərb tərəfindən aparılır. Bu üç qüvvənin bölgə maraqları fərqli, bəzən bir-birilə ziddiyyətli olsa da, hər üçünün hədəfində Azərbaycanın olduğu bəzən açıq, bəzən gizli şəkildə özünü göstərir. Ermənistan Baş Naziri Nikol Paşinyan ölkəsinin Azərbaycan qarşısında duruş gətirə bilməyəcəyini yaxşı bildiyindən, Azərbaycanı birbaşa Avropa İttifaqının, ABŞ-ın, İranın, Rusiyanın təzyiq hədəfinə çevirmək siyasətini aparır və müəyyən dərəcədə buna nail olub. Biz bunun nümunələrini müharibədən əvvəl də görürdük, amma müharibə bitəndən sonra ölkəmizi konkret beynəlxalq təzyiq hədəfinə çevirmək siyasətilə Azərbaycanı dünya ictimaiyyəti və siyasi gücləri qarşısında “demonlaşdırmaq” istəyirlər, yəni zamanında Səddam Hüseyn İrakını, Qəddafi Liviyasını “şeytanlaşdırmaq” siyasəti yürütdükləri kimi. Laçın yolunun “blokadası” bəhanəsilə Azərbaycana təzyiq xarakterli çağırışlar, Haaqa məhkəməsinin aralıq qərarı, Avropa Parlamentinin 15 martda Azərbaycanın rəsmilərinə sanksiya tətbiqi təklifi, NATO-nun sabiq baş katibi Rassmussenin Ermənistanın dəvətilə bölgəyə gəlib Azərbaycan rəhbərliyinə qarşı diplomatik etiketdən uzaq “müraciətlər” etməsi və sairə siyasi gedişlər Qərbin son günlər təzyiqlərinin artmasının sübutudur.
İran isə daha aqressiv xətt aparır. Son günlər İran tərəfindən 4000 muzdlu “şiə döyüşçüləri”nin İslam İnqilabı Keşikçiləri Korpusunun tabeliyində Qarabağ ərazisinə gətirəcəyi haqqında məlumatların yayılması, Azərbaycan sərhədinə yaxın yerlərdə ideoloji təxribat aparması, hava məkanımızı pozması və separatçılara Ermənistan vasitəsilə silah verməsi Qarabağda genişmiqyaslı döyüşlərə hazırlıq planından xəbər verir.
Rusiyanın Qarabağdan erməni silahlı qüvvələrini çıxarmamasının detalları məlum olmağa başlayır. Rusiya Ukrayna ilə müharibəyə başladığı vaxtdan onun ən yaxın tərəfdaşı İrandır. İranın və Rusiyanın XIX əsrin əvvəllərindən Cənubi Qafqazda siyasətləri bir-birini tamamlayır. Bu gün də elədir. İranın tez-tez istifadə etdiyi “üçüncü dövlətin bölgəyə daxil olması bizim qırmızı xəttimizdir” ifadəsi hər iki ölkəni qane edir.
Ermənistan hakimiyyəti də Azərbaycanın Qarabağın qalan hissəsində dövlət nəzarətini bərpa etmək istiqamətində atdığı btün diplomatik addımları həmişə olduğu kimi “genosid” adlandırıb dünyaya müraciətlər ünvanlayaraq Azərbaycana təzyiq etməyə çağırışlar edir. Dünən Ermənistan XİN -in Azərbaycan Prezidenti İlham Əliyevin Talış kəndində Novruz bayramı münasibətilə müraciətini öz bildikləri kimi yozub, “genosid” qışqıraraq bəyanat yayması bir daha sübut edir ki, ermənilər bütün vasitələrlə Azərbaycanı beynəlxalq təzyiqin hədəfinə çevirmək siyasətini davam etdirir.
Təəssüf ki, İran və Rusiyanın açıq himayə etdiyi işğalçı Ermənistanı Avropa İttifaqı da erməni lobbisinin təsiri altında müdafiə edir, Azərbaycan əleyhinə Haaqa məhkəməsində, Avropa parlamentində qərarlar çıxarırlar. Ermənistan rəhbərliyi də Azərbaycana təzyiq xəttinin “uğurunu” gördükcə sülh müqaviləsi imzalamaqdan yayınır, Azərbaycana ərazi iddiasını davam etdirir, ritorikalarını daha sərt ifadələrlə zənginləşdirirlər.
Azərbaycan iki il dörd aydan artıq bir müddətdir ki, həm Moskva, həm də Brüssel formatında sülh müqaviləsinin imzalanması üçün zəruri olan bütün diplomatik addımlarını atıb. Qarşı tərəf əvəzində bəhanələrlə zamanı uzadaraq, real olmayan şərtlər irəli sürərək danışıqları dayandırıb, şantaj xarakterli bəyanatlarla Azərbaycanı beynəlxalq təzyiqin hədəfinə gətirir. Belə olduğu halda, süni şəkildə yaradılmış dalan vəziyyətdən çıxmaq üçün Azərbaycan son xəbərdarlığını etməlidir. “Ermənistan Azərbaycan torpaqlarından silahlı qüvvələrini 10 gün müddətində çıxarmalıdır” tələbi şərt olaraq həm Rusiya Federasiyasına, həm də Ermənistana bildirilməlidir. Əks halda Azərbaycan genişmiqyaslı antiterror əməliyyatı aparacağını tərəflərə elan etməlidir. Paralel olaraq Laçın yolunun sonunda sərhəd nəzarət buraxılış məntəqəsinin qeyd olunan müddət göstərilməklə yaradılacağı tələbi də Rusiya hərbi kontingentinin komandanlığına bildirilməlidir.
Ermənistan və havadarı İranın tez-tez işlətdiyi “qırmızı xəttimizdir” ifadəsi indi də biz tərəfdən elan olunmalıdır. Qeyd olunan tələblərin artıq bizim “qırmızı xəttimiz” olduğunu xəbərdarlıq olaraq qarşı tərəfə bildirməli, əks halda bu xəttə qan töküləcəyi və realda qırmızı rəngə boyanacağı həm düşmənin, həm də dünyanın diqqətinə çatdırılmalıdır. Müharibə bitəndən indiyədək səbrlə məğlub tərəfin sülh müqaviləsini imzalamaq üçün real addımını gözlədik. Olmadı. Sülh addımlarını tükədən biz deyilik, Ermənistan və havadarlarıdır. Son sülh çağırışımıza “qırmızı xətt” işığı yandıranlar bilməlidir ki, gedilən yolda qırmızı işıq daim yanmır, ərazi bütövlüyümüzü tam reallaşdırmaq üçün yaşıl işığın düyməsi basılacaq!
İlham İsmayıl