“Dövlət universitetlərinin nüfuzunu qaldırmaq lazımdır”
Bunu Moderator.az-a açıqlamasında Xəzər Universitetinin təsisçisi və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı deyib.
Azərbaycanda universitetlərin nüfuzu haqda danışan Hamlet İsaxanlı daha çox dövlət universitetlərindəki duruma diqqət çəkdi:
“Azərbaycanda özəl universitetlərdən əvvəl dövlət universitetlərinin nüfuzunu qaldırmaq lazımdır. Çünki tələbələrin böyük əksəriyyəti dövlət universitetlərində təhsil alırlar. Bu universitetlərin sayı çox olduğu kimi, içərisində zəif olanları da az deyil. Eyni qaydada, özəl universitetlərin də arasında aşağı, orta səviyyəli və güclü universitetlər var. Nəzərə alsaq ki, tələbələrin böyük əksəriyyəti dövlət universitetində təhsil alır, onların gücünün artırılmasına diqqət yetirmək lazımdır.
Bu sahədə dünyada mənzərə rəngarəngdir. Belə ki, hər ölkənin öz ənənəsi var. Məsələn Şərqi Avropanı çıxmaq şərtilə Avropada universitetlərin əksəriyyəti dövlət əsaslıdır. Özəl universitetlər çox azdır. Lakin onlar avtonomdurlar, sərbəst hərəkət edirlər. Yaxşı universitetlərin hamısı istisnasız dövlət yaxud da, Publih statuslu universitetlərdir”.
“Amerikada da vəziyyət tərsinədir. Orda güclü universitetlərin böyük əksəriyyəti özəl olanlardır. Dövlət universitetlərinin içərisində güclülər var, amma bu sektorda diqqət əsasən özəl universitetlərə verilir,-deyə, professor sonda əlavə edib.
Rəna Nəbi