4106
03 Feb 2023 | 10:07

"İran istəsə belə bu dəhlizin açılmasına mane olmaq iqtidarında deyil..."

"Birinci növbədə onu qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizinin açılması İranın istəyi ilə həyata keçirilmir. İran istəsə belə bu dəhlizin açılmasına mane olmaq iqtidarında deyil".
 
Bu sözləri Moderator.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib.
 
Onun sözlərinə görə, bu problem Ermənistanla Azərbaycan arasında olan məsələdir və bu problemin çözülməsi də məhz iki ölkədən asılıdır:
 
"Düşünürəm ki, bu istiqamətdə də ciddi addımlar atılır və yolun açılması məsələsi daim gündəmdədir. Buna da nail olunacaq. Digər tərəfdən, məlumdur ki, 2020-ci il 10 noyabr sazişinə uyğun olaraq 3 dövlətin rəhbərliyinin imzası ilə müvafiq sənəd imzalanıb. Bu sənədə əsasən Naxçıvana gedən yolun açılması mütləq şəkildə göstərilib və bu istiqamətdə də ciddi addımlar atılır".
 
"Digər məsələ ondan ibarətdir ki, İran fikirləşir ki, burada hansısa dövlətlərin iştirakı gözlənilir, dəhlizin qorunmasında hansısa qurumlar, dövlətlər iştirak edəcəkdir, bu, NATO da ola bilər, İsrail də - bunlar hamısı bəhanələrdir. Çünki əsas məqam ondan ibarətdir ki, bu, tək regional məsələ deyil, həm də qlobal məsələdir. Çindən tutmuş Avropaya qədər bütün daşınmaları həyata keçirən istənilən dövlət bu yolun açılmasında maraqlıdır. Çünki bu yol həm təhlükəsiz yoldur, eyni zamanda isə hansı dövlətin ərazisindən keçərsə həmin dövlət buna gələcəkdə birmənalı şəkildə zəmanət verir" - deyə, parlamentari vurğulayıb.
 
Müsahibimiz əlavə edib ki, İranın istəyi bu yolun bağlanmasına səbəb ola bilməz: "Əsas məqam odur ki, biz Zəngəzur dəhlizi ilə bağlı müvafiq addımlar atırıq və mütləq şəkildə bu dəhliz açılqcaq".
 
Mərahim Nəsib
Link kopyalandı!
Son xəbərlər