Bizi sosial şəbəkələrdən izləyin:
“Fevralın 23-də Türkiyənin İstanbul şəhərində konsert proqramı ilə çıxış edəcəyəm. Bu təklifi mən Türkiyənin çox məşhur caz musiqiçisi, saksafon ifaçısı Anıl Şallıeldən aldım. Albom təklifini sevə-sevə qəbul etdim. Çox maraqlı bir etno-albom alındı. Təbii ki, orada Azərbaycan musiqisinin notları da var. Düşünürəm ki, bu albomda Azərbaycan və türk musiqisinin incə xətti bilinir. Düşünürəm ki, bu Türkiyədə də ilk etnik-cazz albomudur. Musiqiçilər özləri də bunu deyir ki, bundan əvvəl belə albom olmayıb. İlk sinqılımız çıxıb, inşallah fevralın 10-da da 2-ci sinqılımız çıxacaq. Fevralın 16-da isə albom özü çıxacaq. Bu albomda Azərbaycanın çox məşhur şairlərinin sözlərindən istifadə etmişəm. Düşünürəm ki, ölkəmizin mədəniyyəti yüksək təbliğ olunur. Bu albom da dünya səviyyəsinə çıxa biləcək bir albomdur”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Sevda Ələkbərzadə deyib.
“Bu, Türkiyədən mənə gələn ilk təklif deyil. Bir neçə il əvvəl Cazz festivalında çıxış etmək təklif almışdım, amma getməmişdim. Bu il musiqiçilər mənə doğma oldu, işlərini çox bəyəndim deyə orada konsert verməyi qərarlaşdırdım. “Nənəm oy” adlı xalq mahnısını yeni aranjmanda oxumuşam. Bu mahnı indiyə qədər layiqli yerini tapmamışdır. Bir az kütləvi mahnıdır, komik notlar da var” deyə müğənni bildirib.
Sevda Ələkbərzadə bayağı ifaçılardan da danışıb.

“Təbii ki, hər bir ifaçıda səs, fitri istedad olmalıdır. Bundan əlavə edə hər bir ifaçının məktəbi olmalıdır. Məktəb olmayanda bu zatən bəlli olur. Adi insanlar, kütlə bunu bilməyə bilər. Qeyri-professional ifaçı mənim üçün maraqsızdır. Səhnəyə gəlməkdə hərənin bir məqsədi var. Bayağı ifaçıları məşhur edən də dinləyicilərdir. Bayağı ifaçı hər zaman çox olub, bu gün yutub var deyə baxış sayları ilə təbii ki, onlar daha çox məşhurlaşırlar, onları tanımağa başlayırlar. Bu mənim üçün də heç bir rol oynaymır. Amma gördüyünüz kimi dinləyicilər üçün rol oynayır. Bu ifaçıları bizim kanallarımızda görəndə, aparıcıların onları necə təqdim etməklərini görəndə bu hal məni məyus edir. Belə etmək olmaz. Artıq o müğənnilərdə özgüvən yaranır. Mən və mənim kimi ifaçılar çox vaxt efirlərdə olmuruq, getmirik. Onlar verilişlərə getdikcə özgüvənləri artır, artıq bir neçə televiziya həmin müğənniləri efirlərinə buraxmır. İnşallah ki, bütün televiziyalarda belə olar. Görəndə ki, onu kanallarımız dəvət edir, tamaşaçılar da elə bilir ki, bu, yaxşıdır. Fərq bilinmir. Bizim efirlərimiz və radiolarımız bu mövzulara qarşı həssas və diqqətli olmalıdırlar” deyə sənətkar bildirib.