Səssiz “qatil” – Dəm qazı təhlükəsindən necə QORUNAQ?
179
10:20, Bu gün

Səssiz “qatil” – Dəm qazı təhlükəsindən necə QORUNAQ?

Dəm qazı ilə bağlı təhlükə hər il onlarla insanın həyatını təhlükəyə atır. Qış mövsümünün gəlişi ilə ölkəmizdə dəm qazından zəhərlənmə hallarının sayı da artıb. Hadisələrin əsas səbəbi kimi fərdi yaşayış evlərində istifadə edilən qaz və yanacaqla işləyən isitmə sistemlərindəki texniki nasazlıq göstərilir. Mütəxəssislərin sözlərinə görə, dəm qazı görünmədiyi və hiss olunmadığı üçün təhlükəni insanlar gec anlayır.

Maraqlıdır ki, dəm qazından ölümlərin qarşısını almaq üçün hansı tədbirlərə ehtiyac var?

Bizim.Media-ya açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, ümumiyyətlə, qaz təsərrüfatı olan yerdə təhlükəsizlik məsələsi həmişə ön planda olmalıdır:

“Çünki qazın fiziki-kimyəvi xassələri yanır, partlayır, düzgün istifadə olunmadıqda dəm qazına səbəb olur. Ona görə qaz təsərrüfatı məişətdə istifadə olunursa, onun təhlükəsizlik istismarı həyata keçirilməlidir.

Brinci növbədə standartlara cavab verən qaz cihazlarından istifadə etmək lazımdır. Otaqda mütləq havalandırma olmalıdır. Ventilyasiya, nəfəslik və dəm qazı və qazsızmaya əleyhinə detektoru olmalıdır. Yəni, qazın yanması üçün otaqda kifayət qədər hava olmalıdır. Əgər otaqda hava olmasa, bu, yanma prosesini əngəlləyən amil kimi dəm qazının yaranmasına səbəb olur.
 

Tüstü bacaları standartlara uyğun və daim işlək vəziyyətdə olmalıdır. Yaxşı olar ki, bu bacalar ildə 2 dəfə təmizlənsin. Təbii ki, bu ixtisaslaşmış müəssisə tərəfindən həyata keçirilməlidir. Çünki qaz cihazlarına kənar müdaxilə yol verilməzdir və bütün texniki xidmətdən təmirə qədər lazım olan işlərin həyata keçirilməsi təmin edilməlidir.


Dəm qazı natamam yanma məhsuludur ki yanma prosesi düzgün getmədikdə yaranır.

Dəm qazı əleyhinə olan detektorlar dəm qazı əmələ gələndə xüsusi səs siqnalı vasitəsilə xəbərdarlıq edir və istehlakçını qoruyur. Əsasən dəm qazı hamam otaqlarında yaranır. Əgər istilik hamamda quraşdırılıbsa, havalandırma, ventilyasiya və tüstü bacası normativ standartlara uyğun qurulmalıdır”.   

Naibə Məmmədova, Bizim.Media

Link kopyalandı!
Son xəbərlər