Ekskluziv
3849
24 Jan 2023 | 12:31

"Ukrayna xalqına Rusiya üzərində qələbəsinə görə Nobel mükafatı veriləcəyinə inanıram..."

"Gələcəkdə tiranların yeri yalnız "yeni Haaqada və ya yeni Nürnberqdə" olacaq..."
 
"Rusiya tərəfindən nüvə silahının tətbiqi gündəlikdən çıxmayıb, hərçənd, ehtimalı aşağı düşüb..."
 
"Pulları borc almaq, çap etmək olar, avadanlığı da əldə etmək olar, əsas məsələ insanlar, "beyinlərdir..."
 
2022-ci ildə Ukrayna vətəndaş azadlıqları Mərkəzinin rəhbəri Aleksandr Matviyçukun aldığı Nobel mükafatı Ukrayna üçün sonuncu deyil.
 
Moderator.az xəbər verir ki, bunu 2014-2016-cı illərdə Ukraynanın baş naziri olmuş Arseni Yatsenyuk "QORDON" internet nəşrini təsisçisi Dmitri Qordona müsahibəsində deyib.
 
"Mən inanıram ki, bu, sonuncu Novel mükafatı deyil. Mən həmçinin inanıram ki, bütün azad dünya Nobel mükafatına layiq görüləcək. Azad dünya deyəndə, mən Birləşmiş Ştatlar və onun prezidentini, Avropa İttifaqının üzvü olan ölkə liderlərini nəzərdə tuturam, onlar azad dünyanın liderləri olaraq tarixi həqiqətin tərəfində dayanıb, bu gün Ukraynanın mübarizəsini, bizim və sizin azadlığınızı dəstəkləyir", - o, deyib.
 
Ukraynanın eks-baş naziri qeyd edib ki, söhbət "ümumi mübarizə"dən gedir.
 
"Bu Nobel mükafatı tiranlara yer olmayan yeni dünya düzəninin yaradılmasına görə veriləcək. Bu yeni dünya düzənində onların yeri yeni Haaqada və ya yeni Nürnberqdə olacaq. Bu yeni dünha düzənində dünya energetika şantajından, diktatura və tiraniyadan azad olacaq və mən inanıram ki, daha bir Nobel mükafatı olacaq və ona Ukrayna xalqı, Ukrayna prezidenti, Ukrayna Silahlı Qüvvələri, Ukraynanın hərbi komandanlığı və, ən başlıcası, bizim birləşmiş Ukrayna millətimiz layiq görüləcək", - Yatsenyuk izah edib.
 
O, hesab edir ki, "bu Nobel  mükafatı sülh və bütün azad dünyanın azadlığı, azad olunmuş Ukrayna üçün, demokratiyanın Rusiya diktaturasının zülməti üzərində qələbəsinə görə veriləcək".
 
"Biz mütləq qalib gələcəyik!" - Yatsenyuk vurğulayıb.
 
"Unutmayın, "Moskva" Ukrayna raketi sayəsində yanıb və batıb"
 
Daha sonra Yatsenyuk Ukraynada silah istehsalından danışaraq bəyan edib ki, bunun üçün təkcə istehsalat gücü deyil, həm də kadrlar lazımdır.
 
"Ukraynada 24 fevraladək çoxsaylı səhvlərə yol verilib və onlardan biri də hərbi-sənaye kompleksinin inkişafı ilə bağlıdır", - o, deyib.
 
"Bütün dünya "Moskva" kreyserinin necə batdığını bilir. O, Ukraynanın "Neptun" raketi sayəsində batıb. Bu raket haradan yaranıb? Hələ köhnə sovet bazası vardı, amma faktiki olaraq bu raketin istehsalı 2014-cü ildən, mən hökumətə başçılıq etdiyim zamandan başlanıb. Bütün pullar o zaman Ukrayna raketinin olmasına ayrılıb. Və bu raket nəinki yaradılıb, o, həm də Rusiyanın Qara  dəniz donanması flaqmanını batıra bilib", - Yatsenyuk izah edib.
 
Onun sözlərinə görə, Ukraynada "onlarla, yüzlərlə müxtəlif hərbi yeniliklər işlənib hazırlanıb".
 
"Bunlara daimi dəstək göstərmək, maliyyələşdirmək lazım olub. Bu, müharibə vəziyyətində olan ölkə üçün həlledici vəzifə olmalı idi. Çox təəssüf ki, bunlar edilməyib və indi faktiki olaraq Ukraynanın bütün hərbi-sənaye kompleksini bərpa etmək lazımdır. Söhbət ondan gedir ki, bunu faktiki olaraq həm Ukraynada, həm də yaxın qonşularımızda etmək lazımdır. Belə qonşularımız çoxdur, bunlar Avropa İttifaqının üzv ölkələridir. Orada artıq indi müvafiq istehsalat gücü yaradılmalıdır", - Yatsenyuk vurğulayıb.
 
O, bəyan edib ki, burada açar söz təkcə "istehsalat gücü" deyil, həm də "insanlar", "beyinlər"dir.
 
"Pulları borc almaq, çap etmək olar. Avadanlığı almaq olar. Bunu kim edə bilər? Bu, təkcə hərbi-sənaye kompleksinə deyil,  ölkədə bütün sahələrə aiddir. Ukrayna Silahlı Qüvvələrində həlledici məsələ ağıldır", - o, deyib.
 
"Rusiya tərəfindən taktiki nüvə silahının tətbiqi gündəlikdən çıxmayıb"
 
Daha sonra Yatsenyuk deyib ki, Rusiya tərəfindən nüvə silahının tətbiqi ehtimalı hazırda ilyarım əvvəlkindən aşağıdır. 
 
"Bu məsələ gündəlikdən çıxmayıb, hərçənd, bu təhlükənin səviyyəsi azalıb. Düşünürəm ki, burada çinlilərin müəyyən rolunu qeyd etmək lazımdır. Qərb Çindən bu məsələdə mövqe tələb edib", - Yatsenyuk deyib.
 
O, qeyd edib ki, Ukrayna hər gün ciddi problemlərlə üzləşir.
 
"Ukrayna hər gün armageddon yaşayır. Biz buna alışmışıq, başqa yolumuz yoxdur, o, mövcud deyil. Qələbə, ya ölüm. Ona görə də biz yalnız qələbəyə köklənmişik", - sabiq baş nazir vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər