ABŞ və Almaniyanın Ukraynaya yeni hərbi yardım paketinə Amerikanın M2 "Bradley" piyada döyüş maşınları da daxildir. Hazırkı məlumata görə, Ukrayna bu zirehli maşınlardan 50 ədədini alacaq.
Rusiya-Ukrayna müharibəsi miqyasında əlavə əlli BMP-ni çətin ki, əhəmiyyətli bir rəqəm adlandırmaq olar, amma burada vacib məqam maşınların özü ilə bağlıdır. "Bradley" nisbətən müasir piyada döyüş maşınıdır və əvvəllər Ukraynaya təxminən 400 ədəd tədarük edilən sələfi M113-dən əhəmiyyətli dərəcədə üstündür.
Ümumi məlumat
M2 Bradley 1970-ci illərin sonunda artıq köhnəlmiş M113 zirehli personal daşıyıcısını əvəz etmək üçün ABŞ-da hazırlanmış piyada döyüş maşınıdır.
Bu maşını yaradarkən amerikalılar Sovetin BMP-1-dən bir neçə müharibədə istifadə təcrübəsini və Almaniyanın "Marder"ini nəzərə aldılar. Əvvəllər ABŞ-ın öz piyada döyüş maşınları olmayıb, yalnız zirehli personal daşıyıcıları var idi. İndiyə qədər "Bradley" Amerika ordusunun xidmətində olan faktiki olaraq yeganə piyada döyüş maşını olaraq qalır.
"Bradley" 1981-ci ildə ABŞ ordusu tərəfindən silahlanmaya qəbul edilib. 1980-1989-cu illərdə Amerika sənayesi 9800-ə yaxın maşın istehsal etdi, sonradan onlar modernləşdirmənin bir neçə mərhələsindən keçdi. Amerikalılar bu piyada döyüş maşınlarından İraqda, eləcə də Əfqanıstandakı iki kampaniya zamanı fəal şəkildə istifadə etdilər.
Konstruksiyası
"Bradley" piyada döyüş maşını klassik tərtibata malikdir: qabaqda mühərrik və transmissiya, arxada isə desant bölməsi yerləşir. Ekipaj üç nəfərdən ibarətdir. Bu maşının əksər versiyaları desant bölməsində 6 nəfərə qədər piyada əsgəri daşımağa qadirdir, lakin M2A3 versiyası 7 nəfər üçün nəzərdə tutulub.
Korpusu və zirehi
"Bradley" korpusu qaynaqlanmış, alüminium zirehli lövhələrdən hazırlanıb. Bəzi modifikasiyalarda ön və yan tərəfdə qorunma, xarici polad ekrandan, alüminium zirehli gövdədən və onların arasında poliuretan köpükdən ibarətdir. Dğşəmə minalardan qorunmaq üçün əlavə polad plitələrlə möhkəmləndirilib.
Zirehin nominal qalınlığı frontal proyeksiyada 25 mm, yanlarda isə 14 mm-dir. Bununla belə, praktikada nominal dəyərlər haqqında danışmaq çətindir, çünki M2 "Bradley" müxtəlif növ xarici ekranlarla, o cümlədən kumulyativ mərmilərdən dinamik qorunma qurğuları ilə təchiz oluna bilər.
Silahlanması
"Bradley" piyada döyüş maşını 25 mm-lik "Bushmaster" topu, 7,62 mm-lik pulemyot, bir TOW raket atıcı qurğusu və desant bölməsinin yuvalarında altı sabit 5,56 mm-lik pulemyotla təchiz olunub.
Üstünlükləri və mənfi cəhətləri
M2"Bradley"-nin meydana çıxmasından əvvəl amerikalıların öz piyada döyüş maşınları yox idi, lakin 1960-70-ci illərin kiçik münaqişələrində sovet piyada döyüş maşınlarından istifadənin müsbət təcrübəsi amerikalıları öz ordusunun ehtiyacları üçün eyni maşınları yaratmağa məcbur etdi.
"Bradley" nisbətən gec yarandığı üçün ABŞ mühəndisləri Sovet BMP-1-nin bütün üstünlüklərini və mənfi cəhətlərini artıq nəzərə aldılar. Amerikalılar nəinki özlərinin "analoqu"na, həm də növbəti texnoloji nəslin maşınına sahib oldular. ABŞ maşınları SSRİ-nin həm BMP-1, həm də BMP-2 maşınlarından üstün oldular.
Ehtimal olunan ixrac versiyası
"Bredley" bir çox modifikasiyalardan keçdiyi üçün Ukraynanın hansı versiyanı alacağı bəlli deyil. Çox güman ki, bu ən son Amerika hərbi texnologiyası ilə təchiz edilmiş "rəqəmsal" M2A3 versiyası olacaq.
M2A3 versiyasında M2 Bradley-in xüsusiyyətləri:
Çəki: 30 ton;
Mühərrik: 500 a.g;
Maksimum sürət: 66 km/saat şossedə (40 km/saat yolsuzluqda, 7,2 km/saat suda);
Ehtiyat məsafə: 480 km;
Ekipaj: 3 nəfər + 7 desant;
Əsas silahları: 25 mm "Bushmaster" avtomatik topu;
Köməkçi silahlar: 2 ədəd TƏİRK buraxılış qurğusu, 1 ədəd 7,62 mm pulemyot və 6 ədəd 5,56 mm avtomat.
Nəticə
"Bradley" 40 ildir ki, Amerika ordusunun əsas və indiyədək əvəzedilməz piyada döyüş maşını (PDM) olaraq qalır. Bir çox mütəxəssislər, hətta rusiyalı ekspertlər də etiraf edirlər ki, sovetin BMP-1 və BMP-2 maşınları döyüş effektivliyi baxımından "Bradley"-dən xeyli zəifdir, çünki Amerika maşınları sovet zirehli maşınlarının məhv edilməsi üçün hazırlanmışdır. "Bradley" daha güclü silahlara və daha yaxşı zirehə malikdir.
Burada qeyd etmək lazımdır ki, İraq müharibəsi zamanı "Bradley" döyüş maşınları məşhur "Abrams"-dan daha çox Səddamın tanklarını sıradan çıxarıb.
Bununla belə, "Bradley" 70-ci illərdə yaradılmış maşındır və mənəvi cəhətdən 20 il əvvəl köhnəlməyə başlayıb. Amerika maşının ən "ölümcül" modifikasiyalarının belə Rusiyanın son BMP-3 maşınlarına qarşı birbaşa dueldə zəif görünəcəyi də faktdır.
Bu səbəbdən son illərdə Amerika ordusunun yeni nəsil piyada döyüş maşınlarına keçürülməsi zərurətindən çox danışılır və ABŞ hərbi korporasiyaları onları Pentaqona təklif etmək üçün öz yeni konsepsiyalarını hazırlamağa çalışırlar.
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının başlaması ilə Amerika silah istehsalçıları davam edən müharibənin təcrübəsinə, o cümlədən "Bradley" maşınlarının rus texnikalarına qarşı imkanlarına diqqət yetirərək, yeni PDM layihələrində müəyyən dəyişikliklər də etməyə çalışacaqlar.
Ədalət Verdiyev, hərbi ekspert