Tarix və turizm birləşir - Xınalıq “Ən yaxşı turizm kəndi” seçildi - FOTO
209
31 Oct 2025 | 12:37

Tarix və turizm birləşir - Xınalıq “Ən yaxşı turizm kəndi” seçildi - FOTO

Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruq və müəssisələrdə aparılan bərpa işləri, həmçinin 2025-ci ilin 9 ayı ərzində qoruq və mədəniyyət müəssisələrini ziyarət edənlərin statistikası təqdim edildi.

Bizim.Media xəbər verir ki, Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli diqqətə çatdırdı ki, 2025-ci ilin 9 ayı üzrə ziyarət edənlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 25,71 faiz artım olub.

2025-ci ilin üç rübü ərzində Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruqları və mədəniyyət müəssisələrini 159 171 nəfəri yerli, 547 323 nəfəri əcnəbi turist olmaqla 706 494 nəfər ziyarət edib.
 

Göstərilən müddət çərçivəsində qoruqları və mədəniyyət müəssisələrini ziyarət edənlərin 77,47 faizini xarici vətəndaşlar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 faizdən çoxdur. Ümumilikdə 2025-ci ilin 9 ayı üzrə bilet satışından 4 821 346 manat gəlir əldə edilib.


Təqdimatda “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində, o cümlədən qoruqdakı Dairəvi Məbəddə həyata keçirilən bərpa işləri, eləcə də “Kiş” Tarix-Memarlıq Qoruğu ərazisindəki tarixi məsciddə aparılan bərpa işləri haqqında da məlumat verildi.

Bildirildi ki, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində də Qoruq evinin inşası tamamlanmaq üzrədir:

““Lahıc” da parkinq zonasının yaradılması üzrə işlər davam etdirilir. Eyni zamanda “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda tikinti-bərpa tədbirlərinin yeni mərhələsi çərçivəsində məsciddə, park-muzeydə, həmçinin bəzi obyektlərdə tarixi memarlıq üslubu qorunmaqla işlər aparılır”.
 

M. Ağabəyli diqqətə çatdırdı ki, bu ilin oktyabr ayında Xınalıq kəndi BMT-nin Turizm Təşkilatının “Ən yaxşı turizm kəndi” (“Best Tourism Villages”) siyahısına əlavə olunub ki, bu da "Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu üzrə yeni turizm xidmətləri və məhsullarının formalaşmasına töhfə kimi qiymətləndirilir.


Belə ki, 2020-ci ildən başlayaraq Xınalıqda abidələrin və evlərin bərpası mərhələli qaydada davam etdirilib, zəruri infrastruktur yaradılıb. Kənd sakinlərinin cəlb edilməsi ilə aparılan bərpa və abadlıq işləri məşğulluq imkanlarının genişlənməsinə şərait yaradıb.

M.Ağabəyli həmçinin bildirdi ki, Palçıq Vulkanları Turizm Kompleksində azərbaycanlı sənətkarların iştirakı ilə milli suvenirlərin hazırlanmasına başlanılıb. Bundan başqa, kompleksin ərazisindəki palçıq vulkanlarının əsas hissəsində yerləşən qrifon tipli geoloji strukturlarda daha bir neçə palçıq vulkanı yaranıb.
 

Təqdimat çərçivəsində media nümayəndələri Palçıq Vulkanları Turizm Kompleksində yaradılmış muzeylə də tanış oldular. Burada müxtəlif illərdə Azərrbaycan ərazisində yaşamış və xaricdən gətirilmiş nadir heyvanların skeletləri, eləcə də müxtəlif süxur parçaları sərgilənir.


Bələdçi Sevinc Hacıyeva Azərbaycanın məşhur film qəhrəmanı olmuş “King” ləqəbli şir və onun faciəvi aqibəti haqqında da məlumat verdi, hadisənin əslində gerçək səbəblərindən danışdı.

Daha sonra media nümayəndələri kompleksin ərazisindəki fəaliyyətdə olan vulkanlara baxış keçirdilər.






































Şəfiqə Şəfa, Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər