Ekskluziv
4391
12 Dec 2022 | 18:28

"Rusiyanı heç kim sevmir və bizə belə beynəlxalq sevgi heç lazım da deyil..."

"Biz hərəkət etmirik, biz artıq "Qarşıdurma" adlı  stansiyaya gəlib çatmışıq və bu şəraitdə yaşamalı olacağıq..."
 
"Rusiya Ukraynada qarşısına qoyduğu məqsədlərinə çata bilməyəcək..."
 
Britaniya Peskovu dinlədikdən sonra Rusiya üçün məyusedici proqnoz verib...
 
Əvvəlcə Peskovdan başlayaq. Rusiya prezidentinin mətbuat katibi bəyan edib ki, Qərbdə Rusiyanı "heç kim sevmir" və o, Qərblə qarşıdurma şəraitində yaşamağa məhkumdur.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "Rossuya-1" federal telekanalında "Moskva. Kreml. Putin" proqramında bəyan edib.
 
Jurnalistin Rusiyanın haraya hərəkət etməsi və getdikcə hər şeyin "yalnız pis ola biləcəyi" barədə sualına cavabında Peskov bəyan edib ki, Rusiya Federasiyası artıq son təyinat məntəqəsinə çatıb.
 
"Biz hərəkət etmirik, biz artıq "Qarşıdurma" adlı stansiyasına gəlib çatmışıq. Və biz daha diqqətli, daha güclü və möhkəm ehtiyata malik olmalıyıq, çünki biz hələ bu qarşıdurma şəraitində yaşamalı olacağıq", - Peskov deyib.
 
O, əlavə edib ki, "Rusiyanı Qərbdə heç kim sevmir və sevmək niyyətində də deyil", lakin rusiyalılara belə beynəlxalq sevgi heç lazım da deyil.
 
Bu çıxışdan sonra Britaniyanın müdafiə nazirliyi bəyan edib ki, Rusiya Ukraynada qarşısına qoyduğu məqsədlərinə çata bilməyəcək. Bundan başqa, Rusiya qoşunlarının yaxın aylarda operativ irəlilələməsi az ehtimal edilir.
 
Nazirlik xatırladıb ki, dekabrın 8-də Peskov yenidən "xüsusi hərbi əməliyyat"ın əsas məsədlərini açıqlayıb.
 
"O, deyib ki, Rusiyanın başlıca məqsədlərindən biri Donbas sakinlərinin və Ukraynanın cənub-şərqinin "müdafiəsi" olub, lakin qeyd edib ki, bu ərazilərin "azad edilməsi" üçün hələ çox işlər görülməlidir. 
 
Peskovun şərhləri onu göstərir ki, Rusiyanın müharibədə siyasi məqsədləri dəyişməz qalır-Rusiya hələ də Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini tamamilə işğal etməyə can atır", - nazirliyin dekabrın 12-də "Twitter"dəki məlumatında deyilir.
 
Bu zaman hərbi ekspertlər qeyd edir ki, Rusiya üçün Donetsk vilayəti prioritet olaraq qalır, Rusiya qoşunları regionun dərinliklərinə doğru irəliləməyə cəhd edir.
 
Lakin Böyük Britaniyanın hərbi idarəsinin mütəxəssisləri güman edir ki, rusiyalılar çətin ki, qarşıya qoyulan məqsədlərə çata bilsin.
 
"Rusiyanın Silahlı Qüvvələrinin hazırda bu rayonları geri qaytarmaq üçün effektiv zərbə qüvvəsi yaratması az ehtimal olunur. Rusiyanın Quru Qoşunları çətin ki, növbəti bir neçə ay ərzində hiss ediləcək uğurlara nail olsun", - nazirlik vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər