“SSRİ dağılanda Naxçıvanın statusu olmasaydı, nə baş verərdi?..”-Tarixçi alim cavablandırır... 
Ekskluziv
5836
12 Dec 2022 | 11:15

“SSRİ dağılanda Naxçıvanın statusu olmasaydı, nə baş verərdi?..”-Tarixçi alim cavablandırır... 

“Bütün həm uzaq, həm yaxın tariximizi təhlil etdikdən sonra belə nəticəyə gəlmək olur ki, hələlik Naxçıvanın statusunun ləğv edilməsi tarixi-siyasi baxımdan doğru deyil...”
 
Bir müddətdir ki, Azərbaycanın eksklav şəraitində olan ərazisi - Naxçıvanın muxtar respublika statusunun ləğvi ilə bağlı müxtəlif iddialar irəli sürülür. Bu məsələ xüsusən Naxçıvan Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin ləğv edilərək əvəzində mərkəzə, yəni Bakıya tabe olan baş idarələr yaradılmasından sonra daha çox gündəmə gətirilir. Bəzi siyasi və iqtisadi ekspertlər hesab edir ki, Azərbaycanın tərkibində ayrıca respublikanın olmasına ehtiyac yoxdur... 
Mövzu ilə bağlı suallarımıza tanınmış tarixçi alim, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyevlə Moderator.az üçün telefon söhbətimizdə cavab tapmağa çalışdıq.
 
-Ələmdar müəllim, necə hesab edirsiz, əgər XX əsrin əvvəlində Naxçıvana  muxtariyyət statusu verilməsəydi, bu durum sonradan düşmənlərimiz tərəfindən o tarixi Azərbaycan torpağı üçün nəsə təhlükə yarada bilərdimi?
 
-Əlbəttə... Birmənalı olaraq... Yəni o baxımdan ki, düşmənlərimiz Naxçıvan ərazisinin pərakəndə halda idarə sistemindən yararlana bilərdilər... Amma bütün hallarda Qars müqaviləsi Naxçıvanın təhlükəsizlik qarantı statusunu özündə saxlayırdı və indi də saxlayır... Yadınızdadırsa, 2015-ci ildə Türkiyə ilə sərhəddə Rusiya qırıcısı vurulanda Dövlət Dumasında qaldırılmış məsələlərdən biri Qars müqaviləsinin ləğv olunmasıydı. Bu, təsadüfi deyildi...
 
- Yəqin ki, SSRİ parçalanan dövrdə də Naxçıvanda muxtariyyətin olmaması yenə də bu ərazimiz üçün təhlükə yarada bilərdi? Kimlərsə, müxtəlif iddialar irəli sürə bilərdi... Ermənistan daha cəsarətlə hücum edə bilərdi Naxçıvana. Və s...
 
- Bəli, mən sizinlə tamamilə razıyam. Məsələn,  SSRİ dağılan ərəfədə Naxçıvanın Kərki, Sədərək kimi bir neçə məntəqəsi işğal olundu. Amma muxtariyyət olmasaydı,  bütöv rayonlar da işğal edilə bilərdi... Lakin vahid mərkəzdən idarəçilik, eləcə də Naxçıvanın müdafiəsində maraqlı olan Türkiyənin müəyyən dərəcədə kömək göstərməsi bu təhlükənin qarşısını aldı...
 
- Bir tarixçi alim, mütəxəssis olaraq son təhlillərinizdən hansı nəticəyə gəlirsiniz: hazırkı geo-siyasi dönəmdə Naxçıvan Respublikasının muxtariyyət statusunu ləğv etmək doğru olarmı?
 
- Bütün həm uzaq, həm yaxın tariximizi təhlil etdikdən sonra belə nəticəyə gəlmək olur ki, hələlik Naxçıvanın statusunun ləğv edilməsi tarixi-siyasi baxımdan doğru deyil. Sadəcə olaraq orada Azərbaycan Respublikasının Konstitusiya və qanunlarına uyğun daha mükəmməl bir idarə sistemi formalaşdırılmalıdır. Amma muxtariyyət statusu ən azı Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında yerüstü kommunikasiyalar bərpa olunana qədər saxlanmalıdır. Əgər aradakı, yəni Ermənistan ərazisindən keçən avtomobil yolları, dəmir yolları, digər kommunikasiya vasitələri bərpa olunarsa, həmin ərazi eksklav halından çıxarsa, yalnız o halda Naxçıvanın statusunun ləğvi məsələsinə baxmaq olar. Bunlar baş vermədən, yəni indiki halda Naxçıvanın muxtariyyətini ləğv etmək - Azərbaycanın və konkret həmin ərazinin gələcəyi üçün təhlükə törədə bilər...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər