“Türkiyə tərəfi çıxış yolunu Naxçıvanın Türkiyəyə birləşdirilməsində görürdü...”
“Sovet Ermənistanı deyilən qurum bolşeviklərdən istifadə edərək Naxçıvanı özünə birləşdirməyə çalışırdı. Lakin Atatürk Türkiyəsi yenidən məsələyə müdaxilə etdi. Və Bbu məsələ əsasən iki görüşdə müzakirə olundu: Moskva və Qars görüşlərində...”
Bunu Moderator.az-a açıqlamasında Naxçıvana muxtariyyət statusu verilməsinin tarixi mərhələlərindən bəhs edən BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev söyləyib.
“1921-ci ilin martında Moskvada keçirilmiş görüşdə Türkiyə, Rusiya və Ermənistan nümayəndə heyətləri iştirak edirdi. Azərbaycan heyəti görüşə qatılmamışdı – ölkəmizi Türkiyə təmsil edirdi. Türkiyə tərəfi çıxış yolunu Naxçıvanın Türkiyəyə birləşdirilməsində görürdü. Lakin Rusiya və təbii ki, Ermənistan tərəfi də buna qəti etirazını bildirdi. Belə olduğu halda qərara alındı ki, xüsusi komissiya yaradılsın və həmin qurum məsələni geniş araşdırdıqdan sonra o, bir daha müzakirəyə çıxarılsın. Eyni zamanda üç Qafqaz respublikasının: Azərbaycan, Ermənistan və Gürcüstanın da bu məsələni öz aralarında müzakirə etmələri və sonradan Türkiyə və Rusiyanın bir orbitr kimi yekun nəticəyə gəlməsi barədə də qərar verildi. Moskva müqaviləsi imzalandıqdan sonra ikinci dəfə də görüş keçirildi. Amma bu yalnız Türkiyə və Rusiya nümayəndələrinin iştirakıyla qeyri-rəsmi bir görüş oldu. Buna qədər Naxçıvanın Azərbaycana birləşdirilməsi haqda heç bir söhbət olmamışdı. Lakin bu dəfəki görüş çox gərgin keçdi və məsələ çox mürəkkəb xarakter aldığına görə qərara alındı ki, problemin yeganə həlli yolu Azərbaycanın tarixi ərazisi olduğu üçün Naxçıvanın bu ölkənin nəzarətinə verilməsidir və bu daha məqsədəuyğundur. Həmin qeyri-rəsmi Moskva görüşü bir növ Qars müqaviləsinə hazırlıq mərhələsi oldu”- açıqlamasının ardında bunları söyləyən tarixçi alim Qars müqaviləsinin əhəmiyyətini də xüsusi olaraq qeyd edib:
“Nəhayət, 1921-ci il oktyabrın 13-də Qarsda Türkiyə, Rusiya, eləcə də Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələrinin iştirakıyla müqavilə imzalandı və həmin müqaviləyə əsasən Naxçıvan Azərbaycan SSR-in yurisdiksiyasına verildi. Bu müqavilənin 5 və 6-cı maddələri bilavasitə Naxçıvana aid oldu. Həmin bəndlərə uyğun olaraq Türkiyə hökuməti öz üzərində belə bir öhdəlik saxladı ki, üçüncü hər hansı bir dövlət tərəfindən Naxçıvana hərbi müdaxilə təhlükəsi olarsa, Türkiyə öz ordusunu Naxçıvana yeritməlidir”.
“Üçüncü dövlət deyəndə konkret hansı ölkələr nəzərdə tutulurdu?” sualıni isə həmsöhbətimiz belə cavablandırıb:
“Üçüncü dövlət deyəndə İrandan, eyni zamanda Avropadan gələn təhlükələr nəzərdə tutula bilərdi... Çünki Rusiya və Ermənistan da bu sənədlə neytrallaşdırılırdı, onların nümayəndələri də müqaviləni imzalamışdı. Ən başlıca məsələ isə o idi ki, Ermənistanın Naxçıvana iddiasıyla bağlı məsələ qapadılırdı...
1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra Nəriman Nərimanov Moskva qarşısında belə bir məsələ qaldırdı ki, necə ola bilər, Qarabağda kiçik sayda bir erməni toplumuna muxtariyyət verilir, ancaq Azərbaycanın əsas hissəsindən aralı düşmüş Naxçıvana eyni status verilmir... Və nəhayət, Kremlin bolşevik rəhbərliyi buna razılıq verdi- 1924-cü ildə məhz Qars müqaviləsinin şərtlərinə uyğun olaraq Azərbaycan SSR tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradıldı...”
Sultan Laçın