3290
09 Dec 2022 | 11:29

"Xadimlər", "xəyalpərəstlər", "pozucular"...

Reytinqdə daha kimlər var?..
 
"Zelenski Avropanın etimad göstərdiyi və heyran olduğu liderdir..."
 
"Zelenski Avropanı inandıra bilib ki, Avropanın gələcəyi Ukrayna ilə bağlıdır..."
 
"Nə qədər ki, Zelenski sağdır, o, Avropanı ona lazım olan istiqamətdə hərəkətə gətirəcək..."
 
"Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı üçün gözlənilməz güclü namizəd və qələbəyə iddialı liderdir..."
 
 "Putin xəyalpərəst və uğursuzdur, Ukraynaya hərbi təcavüz etməklə Rusiyanı üçüncü səviyyəli ölkəyə endirib..."
 
"Politico" nəşri 2022-ci il üçün eksklüziv reytinq təqdim edib
 
2022-ci il üçün Avropanın ən nüfuzlu insanlarının reytinqi tərtib edilib. Ukrayna prezidenti Vladimir Zelenski bu reytinqdə birinci yeri tutub.
 
Moderator.az xəbər verir ki, reytinq Amerikanın "Politico" nəşri tərəfindən tərtib edilib. 
 
Siyahı üç kateqoriyaya- "xadimlər"ə, "xəyalpərəstlər"ə və "pozucular"a bölünüb. Vladimir Zelenski bu bölmələrdən kənardır və top-siyahıdadır.
 
Müəlliflərin fikrincə, Avropa və "avropalı" anlayışı dəyişir. Qitə strateji münasibətlərə yenidən baxır, müdafiəyə ciddi yanaşır, ticarət, ittifaqların yaranması və energetika təhlükəsizliyi sahəsində siyasəti yenidən anlamağa çalışır.
 
"Bu, xeyli dərəcədə sonradan prezident olan Ukraynanın yumor ustasının sayəsində baş verib", - məqalədə Zelenski barədə belə deyilib.
 
Ukrayna dövlətinin rəhbəri Avropanın təkcə etimad göstərdiyi deyil, həm də, Ukraynanın əvvəlki prezidentlərindən fərqli olaraq, heyran olduğu fiqurdur, nəşrin jurnalistləri qeyd edir.
 
"Siz seçkilərdə səslərini itirən, Kiyevə çaparaq 44 yaşlı, rəmzə çevrilmiş yaşılı-zeytun rəngli idman köynəyində olan ciddi kişi ilə şəkil çəkdirməyə yollanan Avropa liderlərinə baxın! Bu siyasətçilər onunla yanaşı dayandıqlarına diqqəti çəkmək üçün alışıb yanırlar", - nəşr qeyd edib.
 
Zelenski Avropanı inandıra bilib ki, Avropanın gələcəyi Ukrayna ilə bağlıdır, buna isə Rusiyanın fevralda hərbi müdaxilədən öncə az adam inanıb, "Politico" vurğulayır.
 
"Onun ünsiyyət vərdişləri əsas parametrə çevrilib. Zelenskinin ritorikası mübarizə apardığı Kremlin düşmənçiliyini dəqiqliklə ifa edir. Zelenski Avropanın böyük hissəsinin, xüsusilə Berlindən Parisədək Moskvanın tərəfdaş ola biləcəyinə inamını sarsıdıb", - müəlliflər qeyd edib.
 
Məqalədə deyilir ki, Zelenski Avropanı özünün istədiklərini etməyə məcbur edib. Əgər Ukrayna prezidentinə silah lazımdırsa, o, Almaniyanın imtina etməsinə rəğmən, onu alacaq.
 
"Əgər o, sanksiyaların tətbiq edilməsini istəyirsə, hətta sərt qış ərəfəsində qazın qiymətinin ceyran belinə qalxdığı ərəfədə Avropa energetika böhranı ilə üzləşsə belə, onlara nail olacaqdır", - məqalədə deyilir.
 
"Nə qədər ki, Zelenski sağdır, o, Avropanı ona lazım olan istiqamətdə hərəkətə gətirəcək", - müəlliflər yazıb.
 
"Politico"ya yazdığı müraciətində Zelenski öz müstəqilliyii uğrunda mübarizə aparan ukraynalılara, habelə Ukraynanın "ölkədə sabitliyi saxlamağa dəstək olan Avropadakı dostlarına" minnətdarlığını ifadə edib.
 
"Mən inanıram ki, ukraynalılar növbəti, amma dinc ildə də ən nüfuzlusu olacaq", - Zelenski əlavə edib.
 
2022-ci ildə Avropanın ən nüfuzlu insanlarının reytinqinə "Politico" 28 nəfər siyasətçini daxil edib. Bu siyahıda Berlin, London, Paris və ya Brüssel liderləri yoxdur, müəlliflər məlumat verib.
 
"Fransa prezidenti Emmanuel Makron, ikinci dəfə seçilməsinə rəğmən, parlamentdə çoxluğu itirərək, ölkə daxilində problemlərlə üzləşib. Almaniya kansleri Olaf Şolts, görsənir ki, enerjisini öz şıltaq koalisiyasını qoruyub saxlamağa və Çinə səfərlərə yönəldərək Avropa lideri olmamağa çalışır. Pekinə münasibət çoxlarında soyuyur. Görünür, Şolts bir tərəfə, Avropa başqa tərəfə yönəlib", - reytinqi tərtib edənlər qeyd edib.
 
Macarıstanın baş naziri Viktor Orban "pozucular" kateqoriyasına düşərək Avropanın daxili düşməni, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan isə "xadim" və Avropa İttifaqının "tünd atı" hesab edilib (ingiliscə "dark horse" ifadəsi məcazi mənada "gözlənilməz güclü namizəd" və ya "qələbəyə iddialı" deməkdir).
 
Reytinqdə Kreml hakimi də var, o, "xəyalpərəstlər" kateqoriyasında "ilin uğursuzu" adlandırılıb.
 
"Vladimir Putinin böyük Rusiya arzusu, çətin ki, çin olsun. Onun Ukraynaya tammiqyaslı hücumu başladığı sürətlə də uğursuzluğa düçar olub...Bu hücum Rusiyanı lazımınca qiymətləndirə bilmədiyi və nifrət etdiyi düşməninə qalib gəlmək qabiliyyətində olmayan üçüncü səviyyəli ölkəyə endirib. Putinin inadkarlığı o deməkdir ki, müharibə, böyük ehtimalla, uzanacaq...Putinin öz arzusunu gerçəkləşdirmək qabiliyyətinin olmaması o demək deyil ki, öz qonşuları üçün daha dəhşət doğurmayacaq", - amerikalı jurnalistlər yazıb.
 
"Politico" Zelenskini 2022-ci ildə reytinqin zirvəsinə qoyduğu ilk nəşr deyil.
 
Dekabrın 5-də Britaniyanın "The Financial Times" qəzeti Ukrayna prezidentini "ilin adamı" adlandırıb.
 
"Zelenski Ukrayna xalqının Rusiya təcavüzünə qarşı mübarizəsində igidlik və dəyanət rəmzinə çevrilib. Məhz buna görə də biz Zelenskini ilin adamı seçmişik", - nəşr izah edib.
 
Dekabrın 7-də Amerikanın "The Times" jurnalı Ukrayna prezidentini və bu ölkənin ruhunu təcəssüm etdirən insanları "ilin adamı" adlandırıb.
Link kopyalandı!
Son xəbərlər