“Mən teatrı düşmən içində yaşatmışam, sanki cəbhədə olmuşam...”
Ekskluziv
3878
08 Dec 2022 | 08:58

“Mən teatrı düşmən içində yaşatmışam, sanki cəbhədə olmuşam...”

“Yaş senzi ilə bağlı teatrdan uzaqlaşdırılan sənətkarlardan biri də mən və həyat yoldaşım Vidadi Əliyevdir. Bizdən başqa İrəvan Dövlət Azərbaycan Dram teatrının bir neçə sənətçisi də işdən çıxarılıb. Milli Məclisdə bu mövzu müzakirə olunub. Bunun bizə xeyri olacaqmı? Kim çarə tapdı? Bu dövlətin qərarı idi, biz neyləyə bilərdik? Burada nə teatr direktoru, nə də ki, Mədəniyyət Nazirliyi günahkardır. Teatr direktorlarının bəziləri öz büdcəsindən həmin sənətkarlara 2-3 il əmək haqqı ödəyib, onları saxladı. Kim də ödəyə bilmədisə teatrdan çıxartdı. Teatr direktoru heç bizi çıxarmaq istəmirdi. Nazirlikdən teatr direktoruna dedilər ki, biz maaş verə bilmirik, istəyirsənsə sən teatrın hesabına maaş ver. O vaxt teatrımız qazanmırdı, hardan verəcəkdi bizə maaşı?! Ona görə də yeganə çıxış yolu bizim teatrdan çıxmağımız idi. Bunu biz həll etmirdik. Ağa deyirdi sür dərəyə, biz də sürdük dərəyə. Neyləyə bilərdik?!”
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Elmira İsmayılova deyib. O daha sonra əlavə edib.
 
“Teatr üçün darıxmadım, əksinə sənətdən, səhnədən küsdüm. Bu qədər əziyyət çəkmişdim. Mən o vaxtı da yaxşı vəziyyətdə idim, işləyə bilərdim. Dedi ki, “yox, sən get qoy yerinə 20 yaşında qız gəlsin, sənin oynadığın o rolları oynasın” deyə sənətkar bildirib.
 
Aktrisa sosial vəziyyətindən də danışıb.
 
“İş stajına görə 340 manat pensiya alıram. O məvaciblə həm dərmanlarımı alıram, həm həkimə gedirəm,  həm də əməliyyat olunuram. Övladlarım baxır mənə. Onlar olmasa mən bəlkə də yox idim. Dövlət tərəfindən bütün titullara layiq görülmüşəm, bircə Prezident təqaüdü verməyiblər. Məktub da yazmışam. Mədəniyyət Nazirliyi mənə cavab verib ki, biz nəzərə alarıq. Amma heç nəyi nəzərə almırlar. Burdakı aktyorlar isti yerlərində oturub çıxıb tamaşalarını oynayıblar. Amma mən düşmən içində, İrəvan şəhərində mədəniyyətimizi saxlamışam. Heç olmasa təqaüdü verəydi, deyəydi ki, bu insan cəbhədə olub. Düşmən içində mədəniyyəti saxlamaq cəbhədə olmaq kimi bir şey idi. Onu biz yüksək səviyyədə saxlamasaydıq, erməni o dəqiqə qıfılı gətirib teatrın qapısına vuracaqdı. Bunlar bizim tamaşalarımızı rengenlə yoxlayırdılar. Komissiya gəlib baxırdı, sonra icazə verirdilər ki, o tamaşanı oynayaq. Əgər bir balaca zəif olsaydı bağlanırdı tamaşa. Onlar bizə Azərbaycanlı deməzdilər, türk deyirdilər. Bu şəraitdə biz işləmişik. Bunu da nəzərə almadılar. Almadılar canları sağ olsun. Amma qiymət məsələsi var da. Onu etmədilər, biz nə edə bilərdik?! Mən də elə bir insan deyiləm ki, qapı-qapı düşüb şikayət edim. Qılıncım yox, qalxanım yox. Heyf mənim zəhmətimdən, nə etmişdik biz?” deyə sənətkar bildirib.
 
Elmira İsmayılova bu günündən də danışıb.
 
“Günüm pis keçmir. Nəvələrimlə, nəticələrimlə gün keçirirəm. Daha sonra illər əvvəl çalışdığım, aparıcısı olduğum “5 gəlin” verilişinin kollektivi ilə görüşürəm.  Bilirsiniz ki, həmin verilişi Mətanət Əliverdiyeva ilə birlikdə aparırdım. O mənim ürəyimdir. Tez-tez zəngləşirik, yazışırıq, görüşürük. O kollektiv bir qızıl idi. Elə bil ki, mən bir qızıl itirdim” deyə sənətkar bildirib.
Link kopyalandı!
Son xəbərlər