“Mən aciz qadın deyiləm, güclü qadınam. Bəzən insan güclü olmaqdan da yorulur. Hərhalda qadın qadındır. Yəqin mənim iradəm, özüm də güclüyəm ki, güclü, qüvvətli qadın obrazlarını mənə tapşırırlar. Digər tərəfdən hər aktyorun, aktrisanın oynadığı bir mövzu olur. O rollar sənin ünvanına gəldisə, sən müvəfəqiyyət qazanacaqsan. Səhnədə mənim də mövzum tənha qadındır”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram teatrının aparıcı aktrisası Bəsti Cəfərova deyib. O, daha sonra əlavə edib.
“Elə bir rejissor oldu ki, onun mənə təqdim etdiyi rolları qəbul etmədim, imtina etdim. Bir dəfə, iki dəfə imtina etdim və daha sonra o rejissor məndən incidi. Ondan sonra həmin rejissor tərəfindən mənə təkliflər gəlmədi. Çox sevinirəm ki, teatr səhnəsində böyük, ağır rollar oynamışam. Həmin rollar mənim taleyimə yazılıb. Teatrda ən sevilən tamaşalardan biri də “Ər və arvad” idi. Bu tamaşanı Həsən Əbluc 1984-cü ildə səhnələşdirmişdi. O mənə dedi ki, bir tamaşa var, sən danışanda onun sədası qulağıma gəlir. Gətirib tamaşanın ssenarisini mənə verdi. Tamaşa çox fərqli quruluşda idi. Səfurə İbrahimova orada qaynana obrazını, tələbə yoldaşım İlham Əsgərov həyat yoldaşımı oynayırdı. Martın 7- tamaşa qadınlara hədiyyə oldu. Bu tamaşa həqiqətən də çox anşlaqla keçdi. Biz İlhamla “Nişanlı qız” tamaşasında da oynamışdıq. Bizi bir yerdə görəndə həqiqətən də elə bilirdilər ki, biz ər-arvadıq. Nə yaxşı ki, öz tamaşalarımı vaxtilə lentə aldırmışam. Bu həm mənim ev arxivimdə var, həm də ana televiziyamızın arxivində” deyə aktrisa bildirib.
Xalq artisti daha sonra gənclərə tövsiyyələrini də bildirib.
“Güclü olmalısan, teatrı sevməlisən, onun fanatı olmalısan. Bunlar olmasa o nəticələri əldə edə bilməzsən. Bəziləri gəlir teatrda, səhnədə özlərini sevirlər. Bu belə olmamalıdır. İstedadlı gənclərimiz çoxdur. İnanıram ki, onlar bu sənətdə zamanla öz yerlərini tutacaqlar” deyə sənətkar bildirib.
Aktrisa tamaşalarda dublyorunun olmamasını bu cür izah edib.
“Əvvəllər dublyorum olub. İllər keçəndən sonra başa düşdüm ki, dublyor keçmişdə xəstələnən aktyoru əvəz etmək üçün yaradılıb. Mən xəstələnmirəm, bu məsuliyyəti üzərimə götürürəm. Xəstə də olsam səhnəyə çıxıb oynayıram. Elə tamaşalarım olub ki, oynayanda qızdırmadan yanmışam. Əgər rejissor tamaşaya quruluş verəndə ikinci dublyor görürsə, mən deyirəm ki, rolu həmin sənətçiyə ver, mənə yox. O qədər əsərlər, rollar var ki” deyə sənətkar bildirib.