“Nəzərə alsaq ki, hələlik NATO-nun və Qərbin Cənubi Qafqaza diqqəti Ukraynaya olduğu qədər deyil və ərazinin özü də kifayət qədər kiçikdir, təbii ki, Rusiya təhlükəsi bizim bölgədə daha yüksək və ciddidir...”
“Rusiyanın Ukraynada məğlubiyyəti artıq göz önündədir. Amma söhbət ondan getmir ki, Rusiya tezliklə tam məğlub olacaqdır. Əlbəttə ki, Kreml öz dağıdıcı potensialından sona qədər yararlanacaq”.
Bu fikirləri Moderator.az-a açıqlamasında Ukraynaya amansız təcavüzü istədiyi nəticəni verməyən Rusiya imperiyasının bundan sonra, yaxın gələcəkdə gözlənilən davranışları haqda danışan siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ifadə edib.
“Bir məsələ də aydındır, Rusiya Qara Dəniz hövzəsinə məhz Ukrayna istiqamətindən nəzarəti ələ ala bilmədi. Heç ala bilməyəcək də. Çünki Moskvanın məqsədi məhz Ukrayna və Qara dəniz üzərindən həmin qlobal Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizini kəsmək idi, amma artıq bu, Ukraynada alınmadı. Ondan əvvəl isə Qazaxıstdanda alınmadı. Deməli, indi hədəfdə Cənubi Qafqazdır. Və Rusiya bütün bu bölgələrdə hibrid müharibə taktikasından istifadə edir. Yəni burada söhbət yalnız meydanda döyüşən ordudan getmir. Burada söhbət “5-ci kalon”dan, separatçılardan, hansısa yaraqlı dəstələrindən və təxribatlar, sabotajlar törədən agentura şəbəkəsindən istifadədən gedir. Və sadalanan elementlərin hamısı Ukraynada da var idi, bu gün də var. Həmin elementlər Gürcüstanda da dünən də olub, bu gün də mövcuddur. Həmçinin Azərbaycanda və eləcə də Ermənistanda belə hibrid savaş elementləri fəaliyyətdədir. Bir sözlə, Rusiya öz sərhədləri boyu bir hibrid müharibə aparır” -deyə analitik qeyd edib.
Ekspert hesab edir ki, artıq Rusiya Cənubi Qafqazda, o cümlədən Azərbaycanda hibrid savaşa start verib.
“Ukraynada NATO-nun var gücüylə Rusiyanı durdurması Putin rejiminin qələbə çalmasına imkan vermədi. Amma nəzərə alsaq ki, hələlik – indiki mərhələdə NATO-nun və Qərbin Cənubi Qafqaz bölgəsinə diqqəti Ukraynaya olduğu qədər deyil və ərazinin özü də kifayət qədər kiçikdir, Ukrayna qədər geniş ərazi deyil, təbii ki, Rusiya təhlükəsi bizim bölgədə daha yüksək və ciddidir. Və görünən də budur ki, Ukraynada mövqelərini itirən Rusiya Cənubi Qafqaza köklənməlidir ki, dediyim kimi, həmin Şərq-Qərb dəhlizini məhz Cənubi Qafqaz və Yaxın Şərq üzərindən kəssin. Bax, bu səbəblərdən düşünürəm ki, Rusiya bölgədəki əlində olan bütün elementlərdən istifadə edəcək və artıq etməkdədir. Əvvəlki söhbətimizdə İranda baş verən olaylarla bağlı, Cənubi Azərbaycan, Turan mövzusunda, “Azərbaycanın Ermənistan ərazisində Göyçə-Zəngəzur, İrəvan respublikaları quracaq” və s. kimi məsələlərdə təxribatçı elementlərin rolunun olduğunu təsadüfi, əbəs yerə bildirmədim. Bu təxribatçı ordusu artıq işləməkdədir, iş başındadır. Və dediyim kimi, insanların ən sadə, ən həssas, ən ümdə hisslərinə toxunmaqla öz işlərini çox məharətlə həyata keçirirlər. Və çox təəssüf ki, həmin fəaliyyətə göz yumulur. Bu da təbii ki, “5-ci kalon”un əlinə işləyir...” -deyə Ərəstun Oruclu vurğulayıb.
Sultan Laçın