"Günah dərhal tövbə ilə silinməzsə, qəlbi sancan zəhərli bir ilan halına gəlir..."
Necə tövbə etməliyik?..
Hər bir işin ədəbi, ərkanı olduğu kimi, günahlarda tövbə etmənin də özünə xas ədəbi, qaydası və şərtləri vardır. Onlardan bəziləri bunlardır:
1.Günah qarşısında peşmanlıq hissi duymaq, alnını səcdəyə qoyub peşmanlıqla göz yaşı tökmək.
Allah Rəsulu (s.ə.s) bir hədisində peşmanlığı tövbənin önəmli bir rükunu hesab edərək belə buyurmuşdur: “Nədamət (peşmanlıq) tövbədir”[7]
Üç səhabi Təbuk səfərinə iştirak etməmişdi. Etdikləri hərəkətdən çox peşman oldular. Onların tövbələrinin qəbul olduğuna dair haqlarında ayə nazil oldu. Bəhsi keçən ayədə onların bağışlanmasına vəsilə olan şeyin, dünyanı özlərinə dar gələcək dərəcədə peşmançılıq yaşamaları olduğu bildirilir. وَعَلَى الثَّلٰثَةِ الَّذينَ خُلِّفُواؕ حَتّٰٓى اِذَا ضَاقَتْ عَلَيْهِمُ الْاَرْضُ بِمَا رَحُبَتْ وَضَاقَتْ عَلَيْهِمْ اَنْفُسُهُمْ وَظَنُّٓوا اَنْ لَا مَلْجَأَ مِنَ اللّٰهِ اِلَّٓا اِلَيْهِؕ ثُمَّ تَابَ عَلَيْهِمْ لِيَتُوبُواؕ اِنَّ اللّٰهَ هُوَ التَّوَّابُ الرَّحيمُࣖ “Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də tövbələrini qəbul etdi. Belə ki, dünya onlara dar olmuş, ürəkləri qəm-qüssədən təngə gəlib sıxılmışdı. Onlar Allahın əzabından yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir!” (Tövbə 9/118)
2. Tövbəni gecikdirməmək lazımdır. Digər bir ifadəylə günahın ömrü qısa tutulmalıdır. Günah işlədiyimiz ilk anda dərhal tövbə qapısına yönəlməli, günaha yaşamaq imkanı verməməliyik. İnsanın əlində bir saat daha ömrünün davam edəcəyinin təminatı, zəmanəti yoxdur. Tövbə fürsətini əldən çıxararıqsa, hər an üzərimizdə olan günahla dünyadan Allahın hüzuruna getmə ehtimalımız var. Məhz bu səbəblə də tövbə üçün xüsusi günləri, gecələri gözləməyə ehtiyac yoxdur. Dərhal tövbə edərək günah kirindən xilas olmaq, qurtulmaq lazımdır.
Ayədə: اِنَّ اللّٰهَ يُحِبُّ التَّوَّابٖينَ وَيُحِبُّ الْمُتَطَهِّرٖينَ “Allah (günahından) tövbə edənləri, təmiz, pak olanları sevər!” – buyurulur. (Bəqərə, 2/222) Digər yandan insan günaha bir saniyə belə ömür bağışlaması öz əleyhinədir. Çünki günah dərhal tövbə ilə silinməzsə, qəlbi sancan zəhərli bir ilan halına gəlir, onun qəlbini qaraldır. Unutmayaq, hər günahdan yeni bir günah doğar. Nəhayət, بَلْ رَانَ عَلَى قُلُوبِهِمْ “Xeyr belə deyildir. Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır.” [8] ayəsinin sirri o şəxs haqqında ortaya çıxar.
3. Günahı çirkin görmək və günahı günah olaraq bilmək. Çünki günah çirkin görülməzsə, ondan qaçma, uzaqlaşma əzmi də olmaz. İçimizdən günahın günah olması adına keçirdiyimiz hər etiraz hissi də o günahı işləmək qədər bir günahdır. Məsələn bir insanın : “Keşkə qul haqqı deyə bir şey olmasaydı, nə gözəl olardı!” şəklində düşünməsi günahı işləməkdən daha böyük günahdır....
4.Günah çox böyük olduğu bir vəziyyətdə etdiyimiz tövbə və istiğfarın da, o günahın böyüklüyünə paralel ölçüdə dərin və əhatəli olması lazımdır. Əgər tövbə o dərinlikdə deyilsə, o zaman deyə bilərik ki belə bir tövbəninin, o günahı tamamən silib, süpürüb götürməsi mümkün deyildir.
5.Tövbə etsə də, yenə günahını unutmamaq, daim xatırlayıb o anın peşmanlığını hiss etmək lazımdır. Allah (c.c.) sonsuz rəhməti ilə insanı ilk tövbəsində bağışlasa belə, insan yenə də işlədiyi günahın peşmançılığını ömür boyu hiss edib özünü əfv etməməsi lazımdır.
Bu davranış həm Allah qatında tövbəsinin qəbuluna yol açan önəmli bir peşmanlıq, həm də təkrar işlənmə ehtimalı olan günaha qarşı möhkəm bir sədd meydana gətirir.
6. İnsanın tövbə ilə qəlbindəki günah ləkəsini təmizlədikdən sonra, orada qalan günah izlərini də tamamən yox edib cilalaması lazımdır. Bunun üçün işlədiyi günahın ardınca tövbə etməli, daha sonra savab bir iş görməlidir. Bu mövzuda Allah Rəsulu (s.ə.s) belə buyurur: “Harada olursan-ol, Allahdan qorx, günah işlədikdən sonra dərhal arxasınca yaxşılıq et ki, o günahı silib süpürsün. Və insanlarla da xoş rəftar ol.”[9]
İnsan günahını heç vaxt Allahın rəhmətindən daha böyük görməməlidir
قُلْ يَا عِبَادِيَ الَّذٖينَ اَسْرَفُوا عَلٰٓى اَنْفُسِهِمْ لَا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللّٰهِؕ اِنَّ اللّٰهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعاًؕ اِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ
“Ya Peyğəmbər! Mənim adımdan qullarıma de: “Ey Mənim günah törətməklə özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah tövbə etdikdə bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” (Zümər 39/ 53)
Mənbələr:
[7] İbn Macə, Zöhd 30
[8] Mütəffifin 83/14
[9] Tirmizi, Birr, 55
Meneviyyat.az