"Rəsulullah (s.ə.s.) insanların zaman keçdikcə dəyişə biləcəyinə, xətalarını fərq edəcəyinə inanmağı həyat fəlsəfəsinə çevirmişdi. Buna görə də son nəfəsinə qədər heç kimlə əlaqəli sui-zənn etmirdi..."
Qərəzli davranışdan necə qorunmalı?..
O, səhabələrinə hətta müharibədə belə, insanlara qərəzli yanaşmamağı tövsiyə etmişdir...
İşi haqqı ilə görmək...
İnsanlara nələrisə öyrədərkən əsas diqqət edilməli məqamlardan biri ədalət prinsipini qorumaq, həmçinin zənn və gümanlardan sıyrılmaqdır. Rəsulullah (s.ə.s.) da peyğəmbər olandan sonra Ona qarşı edilən haqsızlıqlar və zülmlərə rəğmən heç kimə qərəzli yanaşmamış, kimsə haqqında sui-zənn etməmişdir. Zülmdə dastan yazan Əbu Cəhl, Üqbə ibn Rəbiə, Şeybə ibn Rəbiə, Əbu Ləhəb və Üqbə ibn Muayt başda olmaqla hər kəsin könlünə girəcəyini, haqq və həqiqətləri çatdıracağını və onlardakı insanlıq potensialını iman ilə hərəkətə keçirəcəyinə inanmış və buna uyğun hərəkət etmişdir. Onların könlünə girmək üçün on beş il çalışmış, bir çox fərqli üsullara müraciət etmişdir. Etdiyi cəhdlərə haqsızlıqla cavab versələr də Rəsulullah (s.a.s.) özünəxas metoduna sadiq qalmış, həmsöhbətlərinin ilişib qaldığı nüanslardan qurtulacaqlarına inanmışdır. Hətta Uhudda Özünün və səhabələrinin yaralanmasına baxmayaraq onlara belə dua etmişdi:
“Allahım! Qövmümü bağışla! Çünki onlar nə etdiklərini bilmirlər.”[2]
Onlar haqda deyilən mənfi fikirlərə isə bu cür cavab vermişdi: “Əslində Qureyş əmanətə sahib çıxan insanlardan ibarətdir.”[3]
Hicrətdən sonra Rəsulullahın (s.ə.s.) həmsöhbətləri arasına münafiqlər də daxil olmuşdu. Münafiqlər müsəlmanlar arasında nifaq salmaq üçün əllərindən gələni edirdilər. Buna rəğmən Rəsulullah (s.ə.s.) onlara belə qərəzli yanaşmamış, səhabələrinə də bu cür yanaşmağa icazə verməmişdir. Məqsədi onları düşdükləri çuxurdan çıxarmaq olmuşdur. Onların qəlbindəki nifaqı, şəfqət və gözəl əxlaqı təmsil etməsi ilə əritməyə çalışmışdır. Elə buna görə də münafiqlərin lideri Abdullah ibn Übeyy daxil heç kimə “artıq bundan adam olmaz” deməmişdir. Belə ki, xəstə yatağında son nəfəsini verən münafiqlərin liderini ziyarət etmiş və onun İslamla şərəflənməsi üçün son fürsəti belə dəyərləndirməyə çalışmışdır.[4]
Rəsulullah (s.ə.s.) başqalarının hərəkət və davranışlarına görə onlar haqda hökm verməmiş, əsla qərəz və sui-zənnlə hərəkət etməmişdir. Məsələn, Ömər ibn Xəttab İslamdan əvvəl müsəlmanlara əziyyət edənlərdən biri idi. Ömər Həbəşistan hicrətinə hazırlaşan Amir ibn Rabianın yanına gedir. Amir evdə olmadığından həyat yoldaşı Leyla bint Hasmə ilə qarşılaşır. Ömər:
“Deməli gedirsiniz.”
Leyla:
“Bəli, Allaha and olsun ki, Allahın yaratdığı dünyadan çıxıb gedəcəyik. Bizi çox incitdiniz. Rahat yaşamağa imkan vermədiniz. Uca Allah da bizə qurtuluş yolu göstərir.” – deyir. Leylanın bu cavabı Ömərə çox təsir edir və kədərli halda:
“Allah köməyiniz olsun” – deyərək oradan uzaqlaşır.
Ömərin bu halını ilk dəfə görən Leyla əri Amir evə gələndə Ömərin gəldiyini və müsəlmanların hicrətindən dolayı kədərləndiyini, Ömərin nə vaxtsa İslamı qəbul edəcəyini bildirir. Bunu eşidən Amir:
“Unutma ki, Xəttabın eşşəyi müsəlman olar, amma oğlu Ömər müsəlman olmaz.”[5]
Müsəlmanlara etdiyi işgəncələrə görə həmin səhabə Ömərə qərəzli yanaşsa da, Allah Rəsulu (s.a.s.) heç kimdən ümidini kəsməmiş, heç vaxt qərəzli yanaşmamışdır. Bu prinsipi Ömərə də tətbiq etmişdir. Hətta Ömər haqqında “Allahım! Bu dini Ömərlə gücləndir” – deyə dua belə etmişdir.[6]
Qərəzli yanaşmalardan çəkinmək...
Ən Gözəl Nümunənin (s.ə.s.) öyrətmə üsullarında diqqətimizi çəkən məqamlardan biri də başqalarının qərəzli yanaşmalara icazə verməməsidir. Hicrətin ikinci ili, Nəhlə səfərində Hakəm ibn Keysan əsir götürülmüş və Mədinəyə gətirilmişdi. Onu Məscidi-Nəbəvinin dirəyinə bağlamışdılar. Rəsulullah (s.ə.s.) onunla şəxsən maraqlanır, öz əli ilə ona yemək yedirir, su verirdi. Arada da ona İlahi haqq və həqiqətlərdən danışaraq İslama dəvət edirdi, ancaq hər dəfə rədd cavabı alırdı. Rədd cavablarına baxmayaraq həqiqətləri anlatmağa davam edirdi. Bəzi səhabələr bundan narahat olaraq:
“Ey Allahın elçisi! İcazə ver onu öldürək, onsuz da iman gətirməyəcək.” – deyirdilər.
Bəli, təbii ki, səhabələr gördüklərindən təsirlənərək ona qərəzli yanaşırdılar. Lakin Rəsulullah (s.ə.s.) insanların zaman keçdikcə dəyişə biləcəyinə, xətalarını fərq edəcəyinə inanmağı həyat fəlsəfəsinə çevirmişdi. Buna görə də son nəfəsinə qədər heç kimlə əlaqəli sui-zənn etmirdi. Və bunu deyən səhabələrə belə cavab verir:
“Əsla! Onu öldürmək olmaz.” Çox keçmədən Hakəm Rəsulullahın (s.ə.s.) mülayim və xoşrəftar davranışlarından təsirlənir və müsəlman olur. Allahın Elçisi (s.ə.s.) bunu görəndə çox sevinir. Hakəmə qərəzli yanaşanları çağırır və onlara belə deyir: “Əgər onu öldürməyinizə icazə versəydim, indi odda yanacaqdı.”[7]
Nəticə
Qərəz insanın düşüncə və duyğularını bulandıran zehni xəstəlikdir. Xüsusilə insanlararası münasibətlərdə, dinin gözəlliklərini insanlara çatdırarkən qərəz adlı mərəzdən qorunmaq lazımdır. Çünki qərəz fərd, ailə və cəmiyyətin gedişatına mənfi təsir edir, birlik və qardaşlıq ruhunu zədələyir. Bu da insanların millət, din, dil, irq və s. təbələqələ bölünməsi ilə nəticələnir. Buna görə də cəmiyyətin rifahı üçün də qərəzdən qurtulmaq lazımdır.
Cahiliyyə dövründə də insanlar arasında ayrı-seçkilik çox idi. Bəzən bu ayrı-seçkilik insanların Rəsulullaha (s.ə.s.) qərəzli yanaşması ilə nəticələnirdi. Rəsulullaha (s.ə.s.) buna rəğmən təbliğ fəaliyyətində əsla qərəzlə hərəkət etməz, heç kimi sosial statusuna, əqli və əxlaqi keyfiyyətlərinə, xarakter əlamətlərinə, kimlik və qabiliyyətlərinə görə fərq qoymazdı. Məsələn, Hüneyndə uşaqlara öldürməyi qadağan edir. Səhabələrdən biri deyir: “Onlar müşriklərin uşaqları deyilmi?” Rəsulullaha (s.a.s.) da belə cavab verir: “Sizin ən xeyirliləriniz də müşriklərin övladları deyildimi?” Ardınca hər insanın təmiz fitrətlə dünyaya gəldiyini bildirir. Beləcə bir tərəfdən müharibədə mülki əhaliyə zərər verməməyi öyrədir, digər tərəfdən də müharibədə belə qərəzli yanaşmamaq lazım gəldiyini göstərir.[8]
Rəsulullaha (s.ə.s.) həm də hamı ilə yaxından maraqlanır haqq və həqiqətləri insanlara çatdırmaq üçün əlindən gələni edərdi. Onun (s.ə.s.) hadisə və insanlara qərəzsiz yanaşması faydasını verir, müsəlmanları məhv etmək üçün ordularla gələnlər belə, mərhəmət və şəfqətə ram olurdular. Nəticədə Onun (s.ə.s.) təbliğini qəbul edir və müsəlman olurdular. Onun (s.ə.s.) yolunun davamçısı olan möminlər də təbliğlə məşğul olarkən eyni cür davranmalı və istənilən halda qərəzdən uzaq durmalıdırlar...
Mənbələr:
[2] Bax: Buxari, Məğazi, 57.
[3] Buxari, Ədəbul-Müfrəd 75; Təbərani, Mucəmul-Kəbir 14745; Hakim, Müstədrək 7147; Bəzzar, Baruz-Zihar 9/176.
[4] Bax: Vaqidi, Məğazi 2/428; Zəhəbi, Tarixul-İslam 2/659.
[5] Bax: İbn Hişam, Sirə 1/220; Heysəmi, Məcməuz-Zəvaid 6/26.
[6] Bax: İbn Macə, 105; İbnul-Əsir, Üsdul-Ğabə 900; İbn Həcər, İsabə 1076.
[7] Vaqidi, Məğazi 1/29; İbn Sad, Təbəqat, 4/108.
[8] Vaqidi, Məğazi 603, 604.
Meneviyyat.az